N!DA

Bu gün günlərdən 4 fevral.

Bu gün NIDA-nın quruluş günü, doğum günüdür.

Sıralarında bu ölkənin aydınlıq üzü, azadlıq ümidi olan gənclər birləşib. 

8 üzvü şərlənərək dəmir barmaqlıqlar ardına atılsa belə, yıxılmayıb, ayaqdadır. Şərə qarşı mübarizənin ön sıralarındadır hələ də. 

Əlində hər cür gücü birləşdirən, gücünü puldan və zordan alan bir çağdışı sistemin qarşısına onlar düşünən beyinləri ilə çıxdılar.

Ədalət üçün, demokratiya üçün, çağdaş Azərbaycan üçün döyünən ürəkləri…

Haqsızlığa, hüquqsuzluğa, talan və yalana qarşı düyümlənən yumruqları ilə çıxdılar.

Bir daha göstərdilər ki:

Bir ölkənin gəncliyi təslim olmayınca o ölkədə zülmün təntənəsinə yer yoxdur.

O ölkənin azadlıq sevdası bitməz. 

O ölkənin aydın günlər, günəşli günlər ümidi ölməz.

***

Qoqol deyirdi ki, “gənclik ona görə xoşbəxtdir ki, onun gələcəyi var”.

Gəncliyə qarşı savaşanlar, onu məğlub etmək istəyənlər keçmişdə qalacaqlar – bunu isə deyəsən, bir dəfə Isa Qəmbər demişdi.

Mən gəncliyi yalnız yaşla müəyyənləşdirmirəm. Ona görə də “Azərbaycan gəncliyi” yazarkən ünvan mənim üçün aydındır: 

Düşünən…

Bütün ruhu və qəlbi ilə bəşəri dəyərlərə bağlı…

Hesab istəyən…

Sorğulayan…

Etiraz edən…

Təkcə yaşı ilə deyil, başı ilə də gənc olan, sosiallaşmağı, siyasiləşməyi bacaran…

Ictimai qayğılarla, dərdlərlə yaşayan…

Hər cür basqı qarşısında qürurlu və dimdik dayana bilən bir topluluq! 

NIDA-nın yarandığı qısa zamanda ictimai-siyasi fikri yönləndirməyə başlaması, dərhal da rejimin amansız, qəddar basqısına uğramasının səbəbi də bu idi ki, onlar Azərbaycan gəncliyini tamam fərqli təsəvvür edirdilər.

Ölkədə elə bir gənciyin yetişməsinə çalışırdılar ki, öndə deyil, yedəkdə getsin.

Barışsın. Razılaşsın. Tabe olsun.

Düşünməsin. “Ləbbeyk” desin.

Əl öpsün. 

Siyasi və ictimai proseslərdən uzaq dayansın.

Mentalitetin girovuna çevrilsin.

Qəbul olunan dövlət gənclər proqramları xətti ilə bunun üçün ətək-ətək pul da xərclədilər.

Başıaşağı, üzüyola olmağı qəbul edən “gənc”lərə karyeranın, komfortun qapısını taybatay açdılar.

Istəkləri meydanı illərdir Şərlə mübarizə meydanında olanlardan təmizlədikdən sonra onların ardıcıllarının, davamçılarının, azad, ədalətli bir Azərbaycana doğru yeni cığırlar açanların yetişməməsi idi.

Alınmadı. Bacarmadılar.

Və qəzəbləndilər: NIDA-ya qarşı total repressiyanın bir səbəbi də məhz bundadır. 

O qədər xərcə rəğmən, o qədər şirnkiləndirmələrə rəğmən bu ölkənin gənci yenə də bəşəri dəyərləri seçir.

Azadlığı seçir. Demokratiyanı seçir.

Azadlıq və demokratiya uğrunda məhrumiyyəti, məşəqqəti seçir.

Beləcə, həm rejimin qoyduğu maya batır, həm də zülmün təntənəsi baş tutmur.

Bir daha təsdiqlənir ki, zülm də, zülmkar da əvvəl-axır keçmişdə qalmağa məhkumdur.

Gələcək isə gəncliyindir, Rəşadətindir, Zaur Qurbanlınındır, Üzeyir Məmmədlinindir, Rəşad Həsənovundur, Ilkin Rüstəmzadənindir.

Azərbaycanda azadlığın, demokratiyanın, hüququn təntənəsini arzulayan və bu yolda hər cür qara, çovğuna, kələ-kötürə, eniş-yoxuşa rəğmən yürüyüən hər kəsindir.

***

Izninizlə bütün NIDA-çıları 4 fevral münasibəti ilə qutlayım, hamısını bağrıma basım, gözlərindən öpüm, bu yazıya isə ötənilki həbslər zamanı onların dili ilə yazdığım bir şeirlə nöqə qoyum: 

 

Yolumuzda qandallar, qolumuzda qandallar

Qorxutmaz bizi heç nə, lap sonu ölüm olsa!

Meydanlar da bizimdir, zindanlar da bizimki

Meydan boş qalmayacaq bütün zindanlar dolsa!

 

Önümüzdə aydınlıq sabahlar var bilirik

Içimiz işıq dolu – zülmətləri boğacaq!

Günəşi örtə bilməz o qara, kirli əllər

Kirpiyimizi qaldırsaq ordan günəş doğacaq!

 

Dinəcək zülm tufanı, sönəcək şər ocağı

Bizi gözləyən nədir – günlərin ən gözəli!

Az qaldı qovuşmağa, ey sevgili Azadlıq,

Sənə fəda canımız – güllərin ən gözəli!..