Əli İnsanova qarşı “psix əməliyyatı”

Sabiq nazirdən hakimiyyətin bu əməliyyatına cavab gəldi

«Həmin anonim eksperti mənim yanıma gətirsinlər, onun psixi durumunun necə olduğunu yoxlayım»

2005-ci ildə dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilərək 11 il azadlıqdan məhrum edilən sabiq səhiyyə naziri Əli Insanov psixi xəstəxanaya salına bilər. “Yeni Müsavat” qəzeti yazır ki, sabiq nazirlə bağlı son məhkəmədəki “şüşə qəfəs” əməliyyatından sonra bəzi media orqanlarında Səhiyyə Nazirliyinin anonim ekspertlərinə istinadən Əli Insanovun psixi durumunda problemlərin olması ilə bağlı rəylər yayılıb. Nəzərə alsaq ki, Azərbaycan hakimiyyəti rəqiblərini susdurmaq üçün ən ağlagəlməz üsullara əl atır, o zaman Əli Insanovla bağlı bu rəylərin onu susdurmaq üçün psixi xəstəxanaya salınmasına hesablandığını düşünmək olar.
“EL” Hərəkatının rəhbəri Eldar Namazov da belə bir təhlükənin real olduğunu düşünür. O, “Yeni Müsavat”a bu barədə deyib: “Əli Insanovun məhkəməsində baş verən hadisələr indi diqqət mərkəzindədir. Həqiqətən də Avropa Məhkəməsinin qərarından sonra hakimiyyətin Avropa Məhkəməsinin qərarını icra etməkdən boyun qaçırması cəmiyyətdə mənfi qarşılanıb. Son hadisələr, məhkəmədə qəfəs qurulması və Əli Insanovun fikirlərinin cəmiyyətə çatdırılmasına maneçilik yaradılması, etirazlarını bildirmək imkanlarının məhdudlaşdırılması da etirazlara səbəb olub. Eyni zamanda həmin məhkəmə günü hakimiyyətə yaxın bəzi informasiya mənbələrində anonim Səhiyyə Nazirliyi ekspertləri adından açıqlamalar getdi ki, Əli Insanovda guya hansısa psixi, ruhi xəstəlik elementləri var, təcili olaraq bu məsələ ilə bağlı yoxlanılmalıdır, ekspertizalar keçirilməlidir”. 
Vaxtilə bu cür üsullardan faşist Almaniyasının, sovet hakimiyyətinin istifadə etdiyini xatırladan Eldar Namazovun fikrincə, Əli Insanov barəsində belə bir plan quran məmurlar Azərbaycanı bütün dünyada rüsvay etmək istəyirlər: “Bu, çox təhlükəli mesajlardır. Ona görə ki, siyasi opponentlərinə qarşı bu üsullardan istifadə, psixiatriya xəstəliyi diaqnozu qoyaraq susdurmaq ənənəsi dünya təcrübəsində çoxdan ifşa olunub. Vaxtilə faşist Almaniyasında bu təcrübədən istifadə edirdilər. Siyasi rəqiblərin bir qismi güllələnirdi, bir qismi isə məhz psixi xəstəlik diaqnozu ilə cəmiyyətdən izolə olunurdu. Iddia olunurdu ki, bu adamlar özlərinə nəzarət edə bilmir, nə danışdıqlarını bilmirlər. Bir çox inanclı insanlara, demokratlara qarşı bu üsuldan istifadə olunurdu. Sovetlərin totalitar recimi dönəmində də dissidentlərə, sovet sistemini tənqid edənlərə qarşı bu üsullardan istifadə etməklə onları cəmiyyətdən təcrid edirdilər. Akademik Saxarovu təqib edəndə ona qarşı ittihamlar məhz bu səpkidə olmuşdu. Bukovskini neçə il qondarma ittihamlarla həbsdə saxladılar. Indi Əli Insanovun işi ilə bağlı hakimiyyətin Avropa Məhkəməsinin qərarını yerinə yetirmək əvəzinə belə bir addıma getmələri dəhşətlidir. Bu məmurların özlərinin psixiatra ehtiyacları var. Çünki Azərbaycanı bu rüsvayçı yola sürükləmək, faşist Almaniyasının etdiyi əməlləri təkrarlamaq Azərbaycan adına biabırçılıqdır. Azərbaycanı faşist Almaniyası, öz tənqidçilərini ruhi xəstə adı ilə cəzalandıran avtoritar rejimlərlə bir sırada qoymaq istəyirlər”. 
Eldar Namazov ölkə ictimaiyyətini bu məsələ ilə bağlı susmamağa, vətəndaş cəmiyyəti və QHT-ləri bu rüsvayçı addıma qarşı hərəkət etməyə çağırıb.
Məsələ ilə bağlı Əli Insanovun vəkili Toğrul Babayev “Azadlıq”a bildirib ki, Əli Insanov yazılanlanları ciddi qəbul eləmir: “Bu gün onunla görüşdüm, yazılanlardan xəbərdardır. Ciddi qəbul eləmir, bütün bunları gülüşlə qarşılayıb. O, məsələ ilə bağlı bunları dedi: Yazırlar ki, guya Səhiyyə Nazirliyinin anonim ekspertləri mənim psixi durumunda problemlərin olması ilə bağlı rəylər səsləndirib. Bunu deyən həmin o anonim ekspert kimdirsə çıxsın üzə. Və həmin anonim eksperti mənim yanıma gətirsinlər, onun psixi durumunun necə olduğunu yoxlayım”.
Toğrul Babayev əlavə edib ki, Əli Insanov həbsdə olduğu 9 il müddətində bir dəfə də olsun həkim müdaxiləsinə ehtiyac hiss etməyib: “Əli müəllim, hələ də Rusiya Tibb Elmləri Akademiyasının, Polşa Tibb Elmləri Akademiyasının üzvüdür. Azərbaycandan xaricdə tanınan tibb mütəxəssisidir. Onun barəsində yazılanlar ancaq anonim ekspertlərin fikri kimi təqdim edilir. Ancaq bu anonim ekspert kimdirsə, adının çəkilməsindən qorxur. Çünki əslində Əi Insanov barədə belə bir fikri səsləndirəcək ekspert yoxdur”.
Vəkil həmçinin bildirib ki, Əli Insanov Avropa Şurasına, Avropa Şurası Nazirlər Komitəsinə üzv ölkələrin xarici işlər nazirlərinə, ABŞ Dövlət Departamentinə, ATƏT-ə, Avropa Şurası prezidentinə Human Rights Watch, Freedom House təşkilatlarına və yerli hüquq müdafiəçilərinə müraciət edib. Müraciətdə Bakı Apellyasiya Məhkəməsində onun işi üzrə təkrar məhkəmə proseslərinin ədalətsiz və qərəzli keçirilməsi, müdafiə hüqununun pozulması, çıxışlarının qarşısını almaq üçün səs keçirməyən şüşə kabinəyə salınmasından bəhs olunur.