Brüsseldən hakimiyyətə hansı mesajlar veriləcək?

«Avropada belə fikir formalaşıb ki, insan hüquq və azadlıqlarını sərt şəkildə məhdudlaşdırmaqdan çəkinməyən rejimlərlə kəskin danışmağın vaxtı gəlib çatıb»

Fevralın 3-4-də Brüsseldə Avropa İttifaqı – Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində ədliyyə, təhlükəsizlik, insan hüquqları və demokratiya üzrə alt-komitənin dördüncü iclası keçirilir. 

Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iclas zamanı alt-komitənin 19-20 noyabr 2012-ci il tarixində Bakıda keçirilmiş son iclasından ötən dövr ərzində görülmüş işlər və əldə edilmiş tərəqqi, eləcə də əməkdaşlığın gələcək perspektivləri müzakirə olunacaq.

İlk baxışdan bu iclas əvvəlkilərdən heç nə ilə fərqlənmir. Lakin hazırda Ukraynadakı prosesləri, həmçinin Avropa İttifaqının insan haqları və demokratiya sahəsində baş verənlərə diqqətinin artdığını nəzərə alsaq, bu iclas əvvəlkilərdən fərqlənə bilər. Avropa İttifaqının Azərbaycan hakimiyyətinə müəyyən mesajlarının olacaı da gözləniləndir. 

Ekspertlər hesab edir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında insan hüquqları və demokratiya ilə bağlı keçiriləcək bu tədbir çox əlamətdar dövrə təsadüf edir. Nəzərə almaq lazımdır ki, ötən il Avropa Parlamenti Azərbaycanla bağlı iki qətnamə qəbul edib və qətnamələrdə insan hüquqlarının vəziyyəti ilə bağlı narahatlıqı ifadə olunub. Əvvəlki illərdən fərqli olaraq Avropa İttifaqının Azərbaycanda demokratiya və insan hüquqları məsələsinə diqqəti xeyli artıb. Müzakirələrin Ukraynada dramatik proseslərin eyni vaxta düşməsi danışıqların Azərbaycan hökuməti nümayəndələri üçün xoş olmayan ovqatda keçiriləcəyinə də şübhə yeri qoymur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən Avropa İttifaqını insan hüquq və azadlıqları ilə bağlı mövqelərini xeyli sətrləşdirib. Digər tərəfdən Azərbaycan hökuməti repressiv siyasətindən əl çəkmək istəmir. Artıq Avropada belə fikir formalaşıb ki, insan hüquq və azadlıqlarını sərt şəkildə məhdudlaşdırmaqdan çəkinməyən rejimlərlə kəskin danışmağın vaxtı gəlib çatıb. Yanukovçi hakimiyyətinə qarşı Avropa İttifaqının kifayət qədər sərt münasibəti göstərir ki, birlik ölkələri vətəndaşların hüquq və azadlıqlarına hörmət etməyən rejimlərə qarşı ən sərt tədbirlərin görülməsindən çəkinməyəcəklər.

Fizzə