Hakim ailə hava nəqliyyatı kolleksiyasına daha birini əlavə etdi FOTO
Ölkə başçısı İlham Əliyev və ailəsi üçün yeni təyyarə alınıb. Təyyarə İsveçrənin “Jet Aviation Basel” şirkətinə məxsusdur. “ACJ340-600” təyyarəsinin komplektləşdirilməsi artıq başa çatıb. Avialayner “Jet Aviation Basel” şirkətinin komplektasiya mərkəzini tərk edib və rənglənmə işləri üçün İrlandiyanın paytaxtı Dublinə uçub. Gözlənilir ki, biznes-jet yeni sahibinə bir aydan sonra təhvil veriləcək. Onu AZAL istismar edəcək.
Məlumatı “Business Aviation News” nəşri yayıb (“virtualaz.org”).
Göyərtə nömrəsi 4K-A108 olan “ACJ340-600” təyyarəsi 2006-cı ilin aprelində istehsal edilib və Səudiyyə Ərəbistanının “Saad Air” biznes-operatoru tərəfindən istismar olunub. Bu şirkət Səudiyyə Ərəbistanının “Saad Group” maliyyə holdinqinin tərkibindədir. Şirkət təyyarəni 2008-ci ildə satışa çıxarılıb. Azərbaycanın onu nə vaxt aldığı məlum deyil, lakin bildirilir ki, təyyarənin alınmasına dair danışıqlar “AJW Capital Partners” şirkətinin fəal iştirakı ilə aparılıb. Təyyarənin alınmasına dair müqaviləni də bu şirkət bağlayıb.
Təyyarənin interyerinə dair detallar məlum deyil. “ACJ340-600” təyyarəsinin salonu 60 yerlikdir. Azərbaycan tərəfinin sifarişinə uyğun olaraq təyyarənin salonunda yemək və qonaq otağı, iki VİP yataq otağı və ona bitişik vanna otağı, ofis və iş kabineti yerləşir. Təyyarənin salonunun arxa hissəsində isə mühafizəçilər üçün xüsusi kabinet var.
“Jet Aviation Basel” şirkətinin satış bazarlarının inkişafı və komplektasiya üzrə vitse-prezidenti Rudi Kraft deyib ki, təyyarənin interyerinin dizaynını öz dizayn-studiya şirkəti hazırlayıb. Təyyarə dayanmadan 16 min kilometrə yaxın məsafəni uça bilir.
“Business Aviation News” qeyd edir ki, hazırda Azərbaycanın birinci şəxsləri “Boeing 767-300” və “Airbus ACJ319” laynerlərində, habelə “Silk Way Business Aviation” şirkətinə məxsus “Gulfstream G550” və “Gulfstream G450” təyyarələrində hərəkət edir.
İlham Əliyev üçün yeni təyyarənin neçəyə alındığı bəlli deyil. “Azadlıq” qəzetinin araşdırması göstərir ki, bu təyyarələrin ilkin qiyməti 245 milyon dollardır.
Rusiyalı milyarder Əlişir Usmanov da ötən il bu təyyarədən alıb. Bununla bağlı xəbərlərdə bildirilir ki, milyarder təyyarəyə 300 milyon dollar ödəyib.
azadliq.info