«Qurani-Kərimdəki sözlər Azərbaycan dilində deyilməlidir ki, insanlar onu başa düşsün»
Dini mütəxəssislərin bu məsələyə yanaşması isə fərqlidir
Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında spiker Oqtay Əsədov ölkədə keçirilən dini mərasimlərdə Qurani-Kərim və dini kəlamların insanlara onların başa düşəcəyi dildə çatdırılmalı olduğunu bildirib. Spiker qeyd edib ki, dinimizin əsas kitabı Qurani-Kərimdir və o, Azərbaycan dilinə tam səlisliyilə tərcümə olunub: “Qurani-Kərim ərəb dilində oxunanda insanların 80 faizi onu başa düşmür. Bəziləri ərəb dilində oxuyur, sonra Azərbaycan dilinə tərcümə edir.
Bakının bəzi kəndlərində mərasimlərdə Qurani-Kərimdəki surələr Azərbaycan dilində oxunur. Qurani-Kərimdəki sözlər Azərbaycan dilində deyilməlidir ki, insanlar onu başa düşsünlər. Əgər bu kəlamlar bizə lazımdırsa, öz dilimizdə deyilsin ki, hamı da başa düşsün. Dini işçilər arasında attestasiya keçirməyəcəyik ki. Bunun üçün Dini Komitə var. Ancaq biz bu məsələni mütləq fikirləşməliyik”.
“Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli “modern.az”a açıqlamasında parlament sədrinin yuxarıda qeyd olunan fikirlərini şərh edib. Qurani-Kərimin məhz ərəbcə oxunmasının əhəmiyyətinin çox böyük olduğunu, onun insanların qəlbləri üçün bir şəfa olduğunu deyən axundun sözlərinə görə, Allah Quranı ərəb dilində nazil edib və oradakı kəlmələrin quruluşunun özündə bir ilahi ahəng var: “Bu da insan ruhuna xüsusi təsir edir. Bununla yanaşı, mən bu fikrin əleyhinə deyiləm ki, Müqəddəs Kitab ərəbcə oxunarkən eyni zamanda, ayələrin tərcüməsi insanlara deyilsin. Insanlar Qurani-Kərimdə nədən söhbət etdiyini bilməlidir. Burada din xadimlərinin üzərinə məsuliyyət düşür. Yəni, Qurani-Kərimin ayələrini düzgün tərcümə edərək təfsirləri deyilməlidir”.
Qafqaz Müsəlmanları Idarəsinin sədr müavini Hacı Fuad Nurullah isə “moderator.az”a açıqlamasında spikerin fikirlərini şərh edərkən deyib ki, Qurani-Kərimin Azərbaycan dilində oxunmasında fayda var, lakin elə ayələr var ki, onlar məhz ərəb dilində, orijinaldan oxunmalıdır: “Bu gün mərasimlərdə, məclislərdə Quran oxunursa, bu surələr insanlara öz ana dilində də başa salınmalıdır. Insanlar oxunan surələrin mənasını anlamalıdır. Amma mərasimlərdəki rəsmiyyət hissələrində, müəyyən surələr var ki, onlar Quranın orijinalından oxunmalıdır, buna əməl olunmalıdır. Bu mütləqdir. Məsələn, insan dəfn olunan zaman onun cənazə namazının orijinaldan deyilməsilə bağlı mövcud qayda-qanuna əməl olunmalıdır. Amma sonradan bunlar insanlara başa salınmalıdır. Insanlar namazlarında nələri söylədiklərini bilməlidir. Quran dünyanın çox müxtəlif dillərinə tərcümə edilə bilər. Lakin Qurani-Kərimin tam səlis tərcüməsi bu dillərin imkanı xaricindədir. Azərbaycan dilinin bir milyona yaxın lüğət imkanı varsa, Quran dilində 12 milyona qədər belə söz var. Bunu tam şəkildə əhatə eləmək mümkün deyil. Quran heç bir dilə tam şəkildə tərcümə edilə bilmir. Peyğəmbərimiz tərəfindən də qoyulan yol bundan ibarətdir ki, hər bir fərd, hər bir millət Quranı orijinalından oxumağı bacarmalıdır. Bu, müstəhəb və sünnətdir. Amma oxunanların insanların ana dilindəÿ başa düşülməsi vacibdir. Insan istədiyi duanı öz ana dilində oxuya bilər. Amma peyğəmbərimiz buyurub ki, namaz və bəzi vacib ayinlər Quran dilində, orijinalda oxunmalı və deyilməlidir. Bu, bütün dünya müsəlmanlarının, onların hansı dildə danışmasından asılı olmayaraq, birləşdirici faktor oynayır. Yəni, bir şəxs Quran oxuyan zaman başqa millətdən olan müsəlman da Quran oxunduğunu bilsin, müsəlmanlar bir-birlərini tanısın. Azanı, iqaməni, Fatihə surəsini eşidən şəxs dərhal anlayır ki, bunu oxuyan şəxs müsəlmandır. Burada Quran ayələri icra olunur. Bu, dünya müsəlmanlarının birliyi üçündür. Bununla yanaşı, oxunan surələrin insanlara ana dilində də başa salınması müsbət və faydalıdır”.
Ilahiyyatçı Elşad Miri də “Azadlıq”a açıqlamasında spikerin təklifilə bağlı fikirlərini bölüşüb. O, spikerin dini kitabımızın öz dilimizdə səsləndirilməsi fikrini təqdir edərək, Qurani-Kərimin Azərbaycan dilində izahlı mənasını başa düşməyi vacib sayır: “Insanlar, Azərbaycan əhalisi bu kəlamların mənasını başa düşüb Allahın onu nə üçün göndərdiyini bilməlidir. Hər halda, rəsmi şəkildə məmurlarımızın bu məsələyə diqqət yetirməsi böyük nailiyyətdir”.
Nigar


