Ustad Nazim Hikmətin misralarıdır bunlar:
Hava puslu, soğuk
Kırlar koyu, kırmızı
Saman sarısı, ölü yeşil
Kış gelmek üzere oysaki gönül
Kışa girmeye hazır değil!…
Mən hər payız gələndə bunların “qışa hazırıq” bəyanatlarını oxuyanda Nazimin həmin misralarını xatırlayıram. Qışa necə hazır olduqlarını gördük.
Bakının mərkəzi yerlərindən belə “qaz” deyə, “su” deyə, “işıq” deyə fəryad çəkir bir neçə gündür insanlar. Sosial şəbəkələr günlərdir qaranlıqda qaldıqlarından, soyuqdan donduqlarından şikayətlənənlərlə aşıb daşır. Internet saytları əyalət rayonları bir yana, Bakının qulağının dibində əlində vedrə küçə-küçə düşüb su axtaranların, binaların qarşısında odundan ocaq çatıb çay qaynadanların, yanacaqdoldurma məntəqələrində maye qaz növbəsinə dayananların fotoları ilə doludur. Bəs nə baş verib? Heç zad, bir az qar yağıb o qədər.
Bunların məntiqi ilə qışda da Günəş göydən od tökməlidir, qarı yuxularımızda görməliyik, yağış isə zəhmət çəkib uzaq Liviya səhrasına yağmalıdır, nə var-nə var, bunların əlindən neft pullarını yeyib-dağıtmaqdan başqa bir şey gəlmir.
***
Əliyev hökumətinin yarıtmaz, xirtdəyəcən korrupsiyaya bulaşmış qurumları topuğadək yağmış qarı elə qələmə verirlər ki, elə bil qışda qar yağması gözlənilməz, ağlagəlməz bir hadisədir. Bəs nə oldu, payızın əvvəlindən “qışa hazırıq” bəyanatları? Harda qaldı infrastruktur adı ilə xərclədiyiniz milyardlar? Bir günlük qar yağması ilə ortaya çıxan rəzil mənzərə o milyardların necə yeyilib üstündən də su içildiyinin görsənişi deyilmi?
Srağagün iqtisadçı dostlardan biri facebook-da yazmışdı: “Infrastruktur adına 80 milyard pul xərclədilər, heç olmazsa fasiləsiz elektrik enerjisi problemini həll edə bilmədilər…” Mən də etiraz etdim ona, dedim, məhz xərcləmədikləri, o pulları basıb yedikləri üçündür bu rüsvayçı vəziyyət.
Hörmətli hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə “Azadlıq”a dünənki müsahibəsində düşündürücü bir sual ünvanlamışdı hamımıza: “Qarla bacarmırlar, müharibəni necə edəcəklər?” Cavab üçün baş sındırmağa dəyməz. Çünki cavabı özündə olan sualdır.
***
Əslində bu ölkədə biz yalnız qışda üşümürük, qışda donmuruq ki.
Bu ölkədə yayda da üşüyür adam – əlbəttə, onun vətəndaş həssaslığı və münasibəti varsa.
Azadlıqların yoxluğu üşüdür.
Hüququn, ədalətin yoxluğu dondurur.
Günəşin göydən od ələdiyi günlərdə belə bumbuzdur içimiz.
Korrupsiya sazağı, haqsızlıq şaxtası qış nədi, yaz nədi, yay nədi, payız nədi, hər gün, hər an qılınc kimi kəsib-doğrayır adamı.
Necə ki, küçələrdəki bəzəkli çilçıraqların işığı ölkənin qərq edildiyi qaranlığı aydınelatmağa kifayət etmir, eləcə də Günəş belə, ilin 365 günü bu ölkədə tüğyan edən yalan və talan soyuğu qarşısında acizdir.
Azərbaycanın gəldiyi-gətirildiyi nöqtəyə bir az ayıq başla, bir az açıq gözlə baxmaq kifayətdir ki, yayın cırhacırında belə içində sırsıra qopsun.
***
Indi ölkəni idarə edənlərin yarıtmazlığı ucbatından çoxu deyir ki, qar bizim ölkəmizə yaraşmır.
Bunu deyənlərin əksəriyyətindən bəs “korrupsiya bu ölkəyə yaraşırmı?” deyə soruşsanız “mən siyasətə qarışmıram” cavabını verəcəklər.
Soruşsanız ki, qar bu ölkəyə yaraşmır, bəs saxta seçki, ədalətsiz məhkəmə necə, bu ölkəyə yaraşırmı, “əşşi, nəyimə lazım, az aşım ağrımaz başım” deyib keçəcəklər.
Desəniz, bəs yalan, yaltaqlıq bu ölkəyə yaraşırmı, rəngləri qar kimi ağarmış halda dillənəcəklər: “Məni zibilə salma, qoy balalarıma bir tikə çörək qazanım”.
Sözə bax ha: “Qar bizim ölkəyə yaraşmır”.
Siz gedin ana təbiətə şükr edin ki, bunca zülmə, bunca pisliyə rəğmən, bunca zülmü, bunca pisliyi götürənlərə, görməzdən gələnlərə rəğmən bu ölkəyə hələ də göydən daş yerinə, qar yağdırır.