Daha bir diktator tarixin arxivinə gedir

Loren Qbaqbo rejiminin çöküşü an məsələsidir

Kot d’Ivuarda Alassan Uattaraya bağlı qüvvələr prezidentliyi buraxmağı rədd edən Loren Qbaqbonun rezidensiyası ətrafındakı ərazini getdikcə daraldır. Ölkənin ən böyük şəhəri olan Əbicanda Uattara tərəfdarları şimaldakı Kakadu məhəlləsində güclü təhlükəsizlik tədbirlərinə baxmayaraq, prezident sarayına hücum həyata keçiriblər. Yayımları kəsilən dövlət televiziyasının binası ətrafında qanlı döyüşlər gedib.

Hələ də ölkənin böyük bir hissəsinə nəzarət edən Uattara tərəfdarları Qbaqboya qarşı əməliyyatlara bazar ertəsi start verib. Beynəlxalq ictimaiyyət Kot d’Ivuarın prezidenti olaraq ötən il keçirilən seçkilərdə qalib gəlmiş Alassan Uattaranı tanıyır. Bölgədəki xarici xəbər agentliklərinin əməkdaşları Loren Qbaqbonun ölkədən qaçması, ya da həbs olunmasının an məsələsi olduğunu bildirib.

Buaki şəhərindəki “BBC” müxbiri Con Ceyms Loren Qbaqbo hökumətinin son günlərini yaşadığını söyləyib. Ancaq Uattaranın nümayəndəsi Qbaqbonun prezidentlikdən imtina etdiyini göstərən hər hansı hadisənin olmadığını vurğulayıb. O həmçinin dövlət televiziyası olan “RTI” kanalının müxalifət tərəfdarlarının nəzarətinə keçdiyini bildirib.
Xatırladaq ki, iki gün əvvəl BMT Təhlükəsizlik Şurası seçkilərdə məğlub olmasına baxmayaraq, hakimiyyətdən getmək istəməyən Loren Qbaqboya qarşı sanksiyalar qəbul edib. Onun ölkədən çıxması qadağan olunub. BMT Təhlükəsizlik Şurası Qbaqboya bağlı silahlıların törətdiyi əməlləri insanlığa qarşı cinayət kimi qəbul etdiyini açıqlayıb.

Informasiya şöbəsi