Azərbaycan hakimiyyəti yenə dünyaya qarşı gedir

Ukraynadakı proseslər iqtidarı narahat edir 

Arif Yunus: «Digər ölkələrdə müxalifətin fəallaşması Azərbaycan cəmiyyəti üçün nümunə ola bilər» 

Ukraynada avrointeqrasiya tərəfdarlarının davamlı aksiyaları və beynəlxalq aləmin müxalifətə verdiyi dəstək Azərbaycan hakimiyyətini narahat etməkdədir. Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov Ukraynada baş verənlərlə bağlı gözləntilərini açıqlayıb. APA-ya müsahibəsində o tezliklə Ukraynada əmin-amanlıq və sabitliyin bərpa olunmasını istədiyini deyib. 

Azərbaycan rəsmilərinin digər ölkələrdə baş verən inqilabi proseslərlə bağlı mövqeyi bir qayda olaraq eynidir. Ancaq bir çox halda bu mövqe hakimiyyətin özü üçün problemlər yaradır. Gürcüstanda və Ukraynada «narıncı inqilablar» dövründə rəsmi Bakı xalqın dəstəyinə arxalanan qüvvələri deyil, məhz hakimiyyətləri dəstəklədi. Nəticədə hər iki ölkədə hakimiyyət dəyişəndən sonra münasibətləri düzəltmək üçün müəyyən vaxt tələb olundu. Bu dəfə Ukrayna ilə bağlı Azərbaycan hakimiyyətinin mövqeyi ona nə vəd edir?

Konfliktoloq Arif Yunus hakimiyyətin qorxu içində olduğunu deyir. Çünki təkcə Ukraynada deyil, dünyanın digər yerlərində də müxalifətin fəallaşması Azərbaycan cəmiyyəti üçün nümunə ola bilər: «Hakimiyyət dairələri, İlham Əliyev tez-tez stabillikdən danışırlar. Çünki başa düşürlər ki, Azərbaycan cəmiyyətində də narazı təbəqə var. Bu narazı təbəqə üçün digər ölkələrdən gedən proseslər nümunə kimi ola bilər. Ərəb dünyasındakı inqilabları, Qırğızıstanda baş verənləri həm hakimiyyət, həm də müxalifət, narazı təbəqə maraqla izləyirdi. Bu Proseslər hakimiyyəti narahat edirdi. Çünki bilir ki, Azərbaycanda da narazı təbəqə var».

Ekspertin fikrincə, hakimiyyət ilk növbədə Avropaya inteqrasiyadan qorxur. Rusiyadan təzyiqlər olsa da, rəsmi Bakı özü da bu məsələdə maraqlı deyil. Çünki Avrointeqrasiya nəticəsində ölkədə demokratik islahatlar aparılmalıdır. Avropadan təzyiqlər olacaq: «Azərbaycan Avropa Şurasına üzv olandan sonra məcbur oldu xeyli sənədləri, qanunları dəyişdirsin. Avropaya inteqrasiya da bir çox şeylərin dəyişməsi deməkdir. Hakimiyyət isə bunu istəmir. Ukraynada camaat küçələrə ona görə çıxdı ki, Yanukoviç özü Avropaya qoşulmağı istəmirdi».

Ekspertin sözlərinə görə, hakimiyyət digər ölkələrdəki inqilabi proseslərin Azərbaycana təsir edəcəyindən narahatdır. Ukraynada hakimiyyət dəyişsə, bu ölkədə Avropa yolunu tutsa, onda Azərbaycanda da belə tləblər ortaya çıxa bilər: «Bizim rəsmilər Avropa ölkələri ilə ancaq iqtisadi münasibətlər qurmaqda maraqlıdır. Yəni sizə neft, qaz satırıq, alverlə məşğuluq, bu bəsdir. Siyasi məsələlər ortada olmasın». 

Fizzə