Ötən əsrin əvvəllərində böyük öndər M.Ə.Rəsulzadə 8 saatlıq iş günü ilə bağlı yazdığı məqaləsində deyirdi: “…Müsəlman fəhlələrinin sanki hamısı ”çox işlərsən, çox da yeyərsən, az işlərsən, az da yeyərsən” əhvalının dürüst və haqq olmasına inanırlar. Lakin iş həqiqətdə bərəksdir. Az işləyən çox yeyib, çox işləyən az yeməkdədir… Camaat elə bir məşəqqətlə işləyir ki, təhsil, elm və mədəniyyətə nə vaxtı, nə maddəsi və nə təvanası qalır. Vaxt qalarsa, həm qüvvə, həm də qüdrəti olacaqdır…”
Bu günün mənzərəsi Rəsulzadənin yazdığından daha betərdir. Verilən əməyin məşəqqəti və gecəylə gündüzün qarışması müqabilində insanlar adi yaşam şərtlərini təmin edə bilirmi? Xeyr! Bu ölkənin adı boş yerə dünyanın tanınmış qurumlarının qara siyahılarında başa çıxmır ki… Dəlil aramağa nə gərək var? Yeni ilin ilk günündən bəri hər sabahımız yeni intihar xəbərləri ilə açılırsa, vəziyyətin vahiməli olduğu məlum. Dərd-sərdən hər kəs bir qab benzin tapıb özünü yandırır. Yer-göy dərd yağır bu ölkədə! Artıq kimsənin söz və nəsihət dinləyəcək hesabı da yox. Ədalətin öldüyü, zülmün ərşə dirəndiyi bu yerdə insanlar ölümü satın gəzir. Və bütün bu çarəsizliyin, ümidsizliyin kökü gedib ağır güzərana dayanır. Durum o qədər acınacaqlıdır ki, insanlar sadəcə məişət problemlərindən xilas olmaq üçün özünü öldürür. Çünki nə düşdükləri girdabdan çıxacaq bir yola, nə dərdlərini dinləyib əl uzadacaq kimsəyə gümanları var.
Beləliklə, yenə bir beynəlxalq təşkilatın apardığı tədqiqatın nəticələrinə görə ölkəmiz gələcəyə ümidsizlər siyahısının başlarında yer alıb. “Gellap” Beynəlxalq Tədqiqat Mərkəzi “Qlobal ümid və ümidsizlik barometri” əsasında iqtisadi perspektiv və proqnozları araşdırıb. 65 ölkədən 70 min nəfərin rəyi əsasında ölkələrin reytinqi hazırlanıb.
Bu reytinq cədvəlində Azərbaycan 65 ölkə arasında 16 faizlə 12-ci yeri tutub. Acınacaqlısı budur ki, keçən il bu tədqiqata görə ölkə əhalisi öz gələcəyi haqqında daha pozitiv düşünür və nikbinlik dərəcəsinə görə 56 faizlə 2-ci yerdə dayanırdı.
Cənubi Qafqazın ən nikbin xalqı gürcülər cədvəlin ikinci pilləsindədir. Ermənistan isə əvvəlki illərə nisbətdə irəliləyərək 17-ci yerə qalxıb.
Təbii, cədvəlin başqa bəndlərinə nəzər salanlar deyə bilərlər ki, ən inkişaf etmiş Avropa ölkələrində belə iqtisadi çiçəklənmə ilə bağlı hər hansı dərəcədə ümidsizlik hökm sürür. Doğrudur. Amma bu, Azərbaycandakı kimi gündəlik çörək pulu tapmaq və adi məişət problemlərinin həllini deyil, rifah səviyyəsinin yüksəlməsini nəzərdə tutan göstəricidir. Bizim həyatdan əlini üzmüş insanlarımızın dərdi başqadır axı. Onlar üçün ən böyük depressiyanı zənginlik, bolluq xəyalları deyil, sərvət içində üzən ölkədə yoxsulluq girdabına düşüb qalmaq yaradır. Dünya isə buradakı neft milyonları sayəsində əsrin milyarderlərinə çevrilən şəxslər haqqında ilginc faktlar açıqlayır. Bu şəxslər nə məşhur biznes adamları, nə ata-babadan qalma böyük varidat hesabına o mərtəbəyə çatanlardır. O şəxslər Azərbaycan hakimiyyət piramidasının ən yüksək yerində qərar tutan və əllərindəki səlahiyyətdən sui-istifadə edərək, əməkçi insanların payını talayanlardır.
M.Ə.Rəsulzadə yuxarıda bəhs etdiyim məqaləsinin sonunda bütün müşküllərin açarının insanların öz əlində olduğunu, onların birlik halında və açıq gözlə haqqını tələb etməsində gördüyünü deyirdi. Bir xalqa böyük bəlalardan qurtulmağın yolunu göstərmək üçün bundan sadə və doğru nə deyilə bilər ki?