“Kurtlar Vadisi Pusu”da “Kəmaləddin” sirri VİDEO

Reytinq rekordçusu “Kurtlar Vadisi Pusu” serialının son bölümündə Azərbaycandan bəhs edilir. Filmin qəhrəmanı Polad Ələmdar Kara adlı kəşfiyyatçını məxfi əməliyyat üçün Azərbaycana göndərir. Kara “İxtiyarlar”ın (“Ağsaqqallar şurası”) Azərbaycan nümayəndəsinin öldürülməsi hadisəsini araşdırmaq üçün gəlir. Onu burada Anadolu türkcəsində danışan iki silahlı tutub Uçbeyi Bahtiyar adlı bir nəfərin hüzuruna aparır. Sonradan Karanın Bahtiyarla eyni çevrənin adamı olduğu onların söhbətindən aydınlaşır. Söhbətdən o da bəlli olur ki, “İxtiyarlar”ın Azərbaycan nümayəndəsini öldürməkdə “Rusların yeni baronunun Azərbaycandakı əlaltısı” kimi təqdim olunan Kəmaləddin adlı bir şəxs şübhəli bilinir.

Uçbeyi Bahtiyar (öz adamlarının Karanı tutmasına işarə ilə): – Uşaqların qüsuruna baxma, səni Kəmaləddinin adamı biliblər…
Kara: – Kəmaləddin kimdir?
Uçbeyi Bahtiyar: – Ölən heyət üzvümüzün yerini Raskolinə satan adam.
Kara: – Bəs Raskolin kimdir?
Uçbeyi Bahtiyar: – Rusların yeni baron namizədi. Kəmaləddin də bunun Azərbaycandakı əlaltısı.
Kara: – Bu Kəmaləddini haradan tapa bilərik?
Uçbeyi Bahtiyar: – Kürü fabrikası var.
Kara: – Qara kürü…
Uçbeyi Bahtiyar: – Hə.
Kara: – O zaman gedib dadına baxaq.

“Kurtlar vadisi pusu”nu izlyənlər bilir ki, ssenari müəllifləri serialda əks olunanların uydurma olduğunu desələr də (bu, serialın hər bölümündə zəruri qeyd kimi tamaşaçının diqqətinə çatdırılır) baş verənlərdə həqiqət payı da var. Hətta bəzən bu serial vasitəsilə Türkiyə hökumətinin siyasi mesajları cəmiyyətə və lazım olan ünvanına çatdırılır. Bu baxımdan Azərbaycanla bağlı hissə bir sıra mülahizələrə olub. Bəzi ehtimallara görə, serialın bu bölümündə fövqəladə hallar naziri Kəmaləddin Heydərova işarə edilir. Doğrudur, serialın əsas qəhramanı olan Polad Ələmdarı canlandıran Necati Şaşmaz bir müddət əvvəl Kəmaləddin Heydərovun qonağı olub. “Fövqəlnazir”in onunla dostluq munasibətləri olduğu deyilir. Bununla belə ehtimal edilir ki, Kəmaləddin Heydərov ona hansısa vədlər verib, lakin dediyinə əməl etməyib. Yaxud da “fövqəlnazir” hansısa səbəbdən Türkiyə siyasi dairələrinin qəzəbinə tuş gəlib. Başqa mülahizələrə görə isə, bu sadəcə reytinqi düşməkdə olan seriala tamaşaçıların, xüsusilə Azərbaycan auditoriyasının marağını artırmaq üçün edilib.