Futbol tarixində görünməmiş hadisə VİDEO

Maaşlarını ala bilməyən oyunçular stadionda etiraz aksiyası keçirdilər

İspaniya kuboku çərçivəsində dünən keçirilən Rasinq Santander- Real Sosyedad qarşılaşmasında görünməmiş olay baş verib.
Rasinqli futbolçular əmək haqlarını ala bilmədiklərinə görə, oyunun start fiti çalınan kimi mərkəz nöqtədə çiyin-çiyinə hərəkətsiz dayanıblar. Rəqib komandanın oyunçuları da bunu görüb, topu bir-birilərinə ötürməklə hücuma keçməyiblər. Futbolçuların bu davranışından sonra hakim ev sahibi komandasının oyunçularına müraciətlə “Oynayacaqsınız?” – deyə soruşub. Oyunçulardan “xeyir” cavabı gəlincə, hakim oyunu dayandırıb. Futbolçuların bu addımlarına azarkeşlər alqışlarla dəstək veriblər.
Məlumatlara görə, Rasinq oyunçuları ilə klub rəhbərliyi arasında baş verən bu problemlər artıq bir neçə aydır davam edir. Futbolçular son günlər klub rəhbərliyini bir neçə dəfə oyunlara çıxmayacaqları barədə xəbərdarlıq ediblər. Bu xəbərdarlığa baxmayaraq rəhbərlikdən heç bir səs çıxmayıb.
Klub rəhbəri Angel Lavin isə futbolçuların bu davranışını anlamadığını, onların cəmi 3 aydır ki, maaş almadığını və bu məsələnin tezliklə həll ediləcəyini vurğulayıb (bugun.az).