Keçmiş naziri “susdurmaq” üçün səskeçirməz şüşə kabinəyə saldılar; O, İlham Əliyevin adını çəkdikcə hakim düyməni basdı
Əli İnsanov: «Özəlləşmədən əldə olunan pullar İlham Əliyevə verilib»
Keçmiş səhiyyə naziri Əli Insanovla bağlı dünən Bakı Apelyasiya Məhkəməsində iki ayrı-ayrı məhkəmə iclasları keçirildi. Söhbət, Əli Insanovun 11 il azadlıqdan məhrum edilməsi barədə hökmdən, eləcə də ağır şəraitdə saxlanılması, müalicəsinə imkan verilməməsi, işgəncəyə məruz qalmasıyla əlaqədar ədliyyə naziri və Penitensiar Xidmətə qarşı şikayəti üzrə Nəsimi Rayon Məhkəməsinin qərarından verilən şikayətlərə dair məhkəmə iclaslarından gedir.
Qeyd edək ki, Avropa Məhkəməsi 14 mart 2013-cü il tarixli qərarı ilə hər iki iş üzrə şikayətlərə baxaraq, Əli Insanovun Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması) və 3-cü (işgəncəyə məruz qalmamaq) maddələrilə təminat verilən hüquqlarının pozulduğunu təsdiqləyib, buna görə Azərbaycan hökumətini cərimələyib. Ali Məhkəmənin Plenumu da Avropa Məhkəməsinin sözügedən qərarı əsasında hər iki iş üzrə vaxtilə apelyasiya və kassasiya məhkəmələrinin çıxardığı qərarları ləğv edərək, işləri yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərib.
Ədliyyə naziri yenə məhkəməyə gəlmədi
Günün birinci yarısında hakim Sənan Hacıyevin sədrliyilə Ədliyyə naziri və Penitensiar Xidmətə qarşı işə baxıldı. Ötən iclasda olduğu kimi, bu dəfə də cavabdehlərdən Penitensiar Xidmətin nümayəndəsi məhkəmədə iştirak etsə də, Ədliyyə Nazirliyindən heç kim yox idi. Ötən dəfə Əli Insanov bu faktı Fikrət Məmmədovun məhkəməni saymaması kimi qiymətləndirmişdi.
Dünənki iclasda məhkəmə Ədliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan prosesin davam etdirilməsinə qərar verdi.
Keçmiş nazirin vəkili Ağaveyis Şahverdi bildirdi ki, hakim cavabdehin iştirakı olmadan prosesin davam etdirilməsi barədə qərarı tərəflərin fikrini öyrənmədən verib və bu, yolverilməzdir.
Daha sonra məsələyə münasibət bildirməsi üçün söz Əli Insanova verildi. Yeri gəlmişkən, Əli Insanov ötən məhkəmə iclasında dəmir qəfəsdə saxlanılırdı. O həm məhkəmə zamanı, həm də fasilədə hakimiyyəti, konkret Ilham Əliyevi tənqid edən çıxışlar edir, curnalistlərə açıqlamalar verirdi. Dünənki məhkəmə iclası isə başqa zalda keçirildi, orada təqsirləndirilən şəxsin saxlanılması üçün xüsusi kabinə düzldilmişdi. Hər tərəfi tamamilə bağlı, yalnız bir hissəsi səs keçirməyən şəffaf şüşədən ibarət idi. Əli Insanov bu kabinəyə salınmışdı, onun məhkəmə zalı ilə əlaqəsi yalnız mikrofon vasitəsilə idi. Ancaq mikrofon təkcə ona söz verildikdə işə salınır, lazım olanda da dayandırılırdı. Mikrofonu idarə edən düymə isə hakimin əlinin altında idi. Yəni hakim özü istədikdə Əli Insanova söz verər, lazım biləndə də saxlaya bilərdi. Digər vaxtlarda Əli Insanovun səsini məhkəmə zalında əyləşənlərin eşitməsi mümkün olmurdu. Hətta fasilədə vəkillər onunla məsləhətləşmək üçün vərəqə yazaraq şüşə arxasından ona göstərmək məcburiyyətində qaldılar. Vəkilllər bildirdilər ki, Əli Insanov üçün yaradılan yeni “şərait” onun açıqlamalarının qarşısını almaq məqsədi güdür.
Əli Insanov işə mülki və ya inzibati qaydada baxılması ilə bağlı vəkillərinin fikirlərini dəstəklədiyini bildirdi.
Məhkəmə işin baxılması üçün 1 saylı Bakı Inzibati Iqtisadi Məhkəməsinə göndərilməsi haqda qərar çıxartdı.
Əli İnsanovdan Rəsulzadə təbriki
Əli Insanovun 11 il azadlıqdan məhrum edilməsinə dair hökmdən verilmiş şikayət üzrə ikinci məhkəmə prosesi idə xüsusi kabinə quraşdırılmış zalda keçirildi. Üstəlik, bu məhkəmə iclası xeyli qalmaqallı keçdi. Çünki hakim faktiki Əli Insanovun danışmasına imkan vermirdi, o, hökumətin ünvanına tənqidi fikir səsləndirən, Ilham Əliyevin, hətta ədliyyə naziri Fikrət Məmmədovun adını çəkən kimi hakim Qədim Babayev düyməni basıb, mikrofonu söndürür, onun nə demək istədiyini hətta vəkilləri də eşidə bilmirdi.
Bu iş üzrə ötən məhkəmə iclasında Əli Insanov Qədim Babayevin sədrlik etdiyi hakimlər heyətinin qərəzli olduğunu bildirmiş və buna görə onlara etiraz vermişdi. Dünənki məhkəmə iclasında hakim elan etdi ki, Bakı Apelyasiya Məhkəməsinin sədri Iman Nağıyev etirazı təmin etməyib.
Daha sonra dövlət ittihamçısı məhkəmə baxışının qismən məhkəmə istintaqı aparılmaqla keçirilməsini təklif etdi. Bu da vəkillərin etirazına səbəb oldu. Ağaveyis Şahverdi bildirdi ki, Ali Məhkəmənin Plenumu Əli Insanovun işi üzrə apelyasiya məhkəməsinin 21 sentyabr 2007-ci il tarixli qərarını ləğv eləsə də, bu məhkəmənin hazırlıq iclasının qərarını qüvvədə saxlayıb. Həmin qərarda isə bu instansiyada prosesin məhkəmə istintaqı aparılmadan (şahidlər dindirilmədən, sübutlar araşdırılmadan və s.) keçirilməsi öz əksini tapıb.
Eyni zamanda, Plenumun qərarında göstərilib ki, iş təkrar araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilir. Vəkil dedi ki, əgər bu instansiyada prosesin məhkəmə istintaqı aparılmadan keçirilməsinə dair qərar qüvvədə saxlanılıbsa, o zaman necə araşdırma aparıla bilər? Yəni ortada Ali Məhkəmənin bir-birinə zidd iki qərarı var. Əgər bu iş üzrə tam və ya qismən məhkəmə istintaqı aparılsa, deməli, Bakı Apelyasiya Məhkəməsinin 19 iyun 2007-ci il tarixli, Ali Məhkəmə tərəfindən də qüvvədə saxlanılmış qərarı pozulmuş olacaq. Apelyasiya Məhkəməsinin isə Ali Məhkəmənin qüvvədə saxladığı qərarı ləğv etməyə, pozmağa heş bir səlahiyyəti yoxdur: “O qərar qüvvədə ola-ola sizin məhkəmə istintaqı aparmağa ixtiyarınız yoxdur”.
Bu məsələ ilə əlaqədar Əli Insanova söz verilərkən, o çıxışına Məhəmməd Əmin Rəsulzadədən başladı:
– Bu gün Azərbaycanın böyük oğlu, milli qüruru, dövlətimizin banisi olan Məhəmməd Əmin Rəsulzadənin 130 illiyinin tamam olması münasibətinə hamını ürəkdən təbrik etməyi özümə borc bilirəm. Hamını əmin etmək istəyirəm ki, böyük öndərin arzuları yerinə yetəcək. Bizlər Azərbaycanda onun məzarı başına toplaşacağıq…
Bu yerdə hakim düyməni basaraq, Əli İnsanovun çıxışını saxladı:
– Vəsatətə münasibət bildirin.
“Bu iqtidar məndən qisas alır”
Əli Insanov:
– Avropa Məhkəməsinə təşəkkür etmək istəyirəm, barəmdə ədalətli qərar çıxartdığına görə. ABŞ Dövlət Departamentinə təşəkkür etmək istəyirəm, hesabatlarında mənim hüquqlarımın pozulması məsələsinə diqqət yetirdiklərinə, hüquqlarımı müdafiə etdiklərinə görə. AŞPA-ya, məruzəçilərdən Andreas Qross, Andres Herkel, Avropa Şurasının Insan Hüquqları üzrə Komissarı Tomas Hammerberqə, mənə dayaq duran hüquq müdafiəçilərinə, Işgəncələr Əleyhinə Komitəyə, media nümayəndələrinə təşəkkür edirəm. Bu iqtidar məndən qisas alır…
Hakim yenə düyməni basdı:
– Mahiyyətdən kənara çıxmayın.
– Imkan verin, elə mahiyyətdən danışmaq istəyirəm. Ilham Əliyev…
Hakim dərhal düyməni basaraq, çıxışı dayandırdı. Əli Insanovun kabinədə dedikləri isə eşidilmədi.
Məhkəmə isə qərar qəbul etdi ki, proses qismən məhkəmə istintaqı aparılmaqla keçirilsin. Vəkil Ağaveyis Şahverdi yenə bu məsələyə etiraz etdi:
– Qismən istintaq aparılması barədə qərardan şikayət vermək hüququmuz var və bundan istifadə etmək istəyirik.
– Apelyasiya baxışı mərhələsində qəbul olunmuş qərardan kassasiya şikayəti verilməsi nəzərdə tutulmayıb.
– Cinayət Prosessual Məcəlləsi buna imkan verir. Digər tərəfdən, bizim vəsatətimiz var. Biz Əli Insanovla ünsiyyət saxlaya bilmirik. Biz onunla müdafiəçi kimi məsləhətləşməliyik, bunu necə eləyək? Nə o, bizim səsimizi eşidir, nə də biz onun. Bu nə deməkdir? Bu necə proses aparmaqdır?
– Vəsasətinizi sonra da verə bilərsiz.
– Həbs qərarının qüvvədə saxlanılması barədə qərarı niyə müdafiə tərəfinə vermirsiz? Biz ondan şikayət vermək istəyirik.
– O qərardan şikayət nəzərdə tutulmayıb.
– Xeyr, tutulub. Biz Avropa Məhkəməsinə Konvensiyanın 5-ci (azadlıq hüququ) maddəsinin pozuntusundan şikayət vermək istəyirik. Ümumiyyətlə, bu necə məhkəmə prosesi aparmaqdır? Biz məhkəmə tərkibinə etiraz edirik.
Fatma Abdullazadə, Kərəm Həsənov, Oqtay Şirəliyev məhkəmədə dindirilsin!
Digər vəkil Toğrul Babayev də bu məsələdə həmkarını dəstəklədi: “Etiraz əsaslıdır. Birinci instansiya məhkəməsində də belə olmuşdu. Biz deyirik ki, Ali Məhkəmənin qərarı var, məhkəmə istintaqı aparıla bilməz, siz deyirsiniz ki, araşdırma aparırıq. Birinci instansiya məhkəməsində də hər iclasda 4-5 vəsatət qaldırırdıq, heç biri təmin olunmurdu. Yenə də həmin qayda davam edir. Orada vəsatətlər qaldırdıq ki, Fatma Abdullazadə, Kərəm Həsənov, Oqtay Şirəliyev dindirilsin, amma məhkəmə təmin etmədi. Avropa Məhkəməsi də bunu ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu kimi qiymətləndirdi. Biz də vəsasət vermidik ki, birinci instansiya məhkəməsində işə baxılarkən pozuntulara yol verildiyinə görə hökm ləşv olunsun, iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Yeri gəlmişkən, Ali Məhkəmənin Plenumu Avropa Məhkəməsinin qərarı əsasında müxalifətçilər Pənah Hüseyn və digərlərinin işi üzrə belə qərar verdi. Bütün hökm və qərarlar ləğv edildi, iç yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərildi.
Hakim:
– Biz də deyirik ki, araşdırma aparılsın, siz niyə istəmirsiz bunu?
– Biz istəyirik, amma Ali Məhkəmənin qərarı imkan vermir axı məhkəmə istintaqı aparmağa.
Əli Insanov da bu məsələyə münasibət bildirdi:
– Əvvəla, bu qərara görə müxalifətçiləri təbrik edirəm. Ikincisi, xeyir ola, iki bənzər işlə bağlı fərqli qərarlar çıxarılır? Məqsəd aydındır, birinci instansiya məhkəməsinin hökmü ləğv olunsa, mən azad edilməliyəm axı… Bu gün burada baş verənlər göstərir ki, Azərbaycan orta əsrlərdən də geridədir. Bu cür yanaşma ilə sonra da Qarabağ məsələsində ikili standart axtarırlar. Siz əvvəlcə Ali Məhkəmənin qərarını ləğv eləyin, sonra araşdırma aparın da… Biz ədalətin üzə çıxması üçün çalışırıq, sizi söymürük, təhqir eləmirik. Burada Əli Insanovun məhkəməsi gedir, deməli, hamıdan da çox mən danışmalıyam, sözümü deməliyəm. Amma siz mənə danışmağa imkan vermirsiz. Deyirsiz ki, Ali Məhkəmənin qərarını saymıram, prezident mənə belə göstəriş verib.
Bu yerdə dərhal Qədim Babayev Əli Insanovun mikrofonunu söndürdü.
Vəkillərin məhkəmə tərkibinə etirazı isə baxılmamış saxlanıldı.
“Məhkəmədə qoçular saxlayırsız?”
Hakimlər etirazla bağlı qərar vermək üçün müşavirədə olarkən vəkil Toğrul Babayev şüşə kabinəyə yaxınlaşıb, işarələrlə də olsa, Əli Insanovla məsləhətləşmək istədi. Lakin məhkəmə zalında olan çoxsaylı mülki geyimli naməlum şəxslərdən biri vəkili itələyərək, imkan vermədi. Hakimlər müşavirədən qayıdanda Toğrul Babayev bunu məhkəmənin nəzərinə çatdırdı: “Bu mülki geyimli şəxs mənə hüquqlarını müdafiə etdiyim şəxsin kabinəsinə yaxınlaşmağa imkan vermədi, itələdi. O kimdir axı? Bu, açıq-aşkar təzyiqdir. Özünü təqdim eləsin, görüm ki, kimdir. Bura qoçu məhkəməsidir? Siz burada xüsusi qoçular saxlayırsız? Niyə araşdırmırsınız? Deyirsiniz ki, məhkəmə nəzarətçisidir, hanı onun forması?
Hakim vəkilin bu iradlarına “əyləşin” deməklə qarşılıq verirdi. Amma vəkili itələyən şəxsə heç bir irad bildirmədi. Yalnız onu dedi ki, məsələ araşdırılacaq.
Əli Insanov da bu məsələyə etirazını bildirdi:
– Siz mənim səsimi də dozalaşdırırsız. Mən yaxınlarıma, dostlarıma məhkəməyə gəlməyə icazə vermirəm. Mənə aidiyyəti olmayan bu adamları niyə yığıb doldurmusuz bura? Məndən qorxursuz? Körpə uşaq qorxunc bir şey görür, tez gözünü yumur ki, görməsin. Gözünü açanda yenə də görür ki, həmin o qorxunc şey qarşısındadır. Ilham Əliyev elə bilir ki…
Hakim “Ilham Əliyev” adı çəkilən kimi mikrofonu söndürdü:
– Mahiyyəti üzrə danışın.
– Gəlirəm mahiyyətə. Avropa Məhkəməsində 5 il ərzində mənimlə bağlı araşdırma aparılanda haradaydınız? Indi heyfi məndən çıxırsız. Məhkəməyə Fikrət Məmmədovu dəvət elədim…
Hakim yenə mikrofonu söndürdü.
Çıxışına imkan verilmədiyini görən Əli Insanov hakim Qədim Babayevə yazılı şəkildə etiraz verdi. Vəkil Ağaveyis Şahverdi də məhkəmənin bu cür aparılmasına etiraz etdi: “Həmkarım deyir ki, məni məhkəmə zalında itələyirlər, siz hakim heç bir tədbir görmürsünüz. Əli Insanoz 5 cümlə deyir, onun 3-nü biz vəkilləri eşitmirik. Bu necə proses aparmaqdır? Mən də etiraza qoşuluram. Avropa Məhkəməsinin qərarlarına sayğılı yanaşın”.
Digər iki hakim Qədim Babayevə verilən etirazı təmin etmədi.
Daha sonra prokuror ittiham aktını elan etdi. Ittihamda daha çox səhiyyə müəssisələrinin qanunsuz özəlləşdirilməsinə şərait yaradılmasından söhbət gedirdi. Ittiham aktı elan olunandan sonra hakim Əli Insanova dedi ki, ittiham üzrə özünü təqsirli bilib-bilmədiyi barədə suala ya “hə”, ya da “yox” cavabı versin. Hakimin bu tərzi Ağaveyis Şahverdinin etirazına səbəb oldu: “Bu nə deməkdir? Nəcə yəni ya ”hə”, ya da “yox”. Danışmaq bu adamın hüququdur”.
Əli Insanov ittihama qısa münasibət bildirmək istədi:
– Təbii ki, özümü təqsirli bilmirəm. Məni 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə tutdular. Məni 16 ay həbsdə saxlayıb, getdilər cinayət axtarmağa ki, mənə ittiham versinlər…
Hakim yenə Əli Insanovun sözünü kəsdi.
Bu yerdə vəkil Ağaveyis Şahverdi məhkəməyə sərt şəkildə etiraz etdi: “Biz Bakı Apelyasiya Məhkəməsini məhkəməyə verəcəyik. Adamı səs keçirməyən şüşənin içinə salmısız, nə vəkillərilə ünsiyyətə imkan verirsiz, nə danışmağa qoyursuz. Bu qanunsuzluğu, özbaşınalığı eləyənlərə qarşı tədbir görülməlidir. Ən qatı cinayətkarlara qarşı da bu cür davranmırlar. Bu, məhkəmə deyil. Siz kefiniz istəyəndə düyməni basıb mikrofonu söndürürsüz, istəyəndə yandırırsız”.
Hakim:
– Bu nə ifadədir, sizə xəbərdarlıq edirəm.
– Biz 5 dəfə sizə xəbərdarlıq elədik ki, belə məhkəmə olmaz, siz əhəmiyyət verdinizmi?
Əli Insanov yenə məhkəmə müraciət edərək, ittihama münasibət bildirmək istədi:
– Orada özəlləşdirmədən söhbət gedir. Ilham Əliyevə deyin ki, özəlləşdirmə…
Hakim yenə keçmiş nazirin sözünü kəsdi. Əli Insanov şüşənin arxasında mikrofonsuz danışsa da, dedikləri eşidilmirdi. Yalnız bunu eşitmək mümkün oldu ki, özəlləşdirmədən gələn pullar Ilham Əliyevə çatıb. “50 min obyektin özəlləşdirilməsindən 30 milyard pul gedib ”yuxarı”,- deyə keçmiş nazir bildirdi.
Məhkəmə prosesi fevralın 7-də davam edəcək.
Aytən