İki gün əvvəl sosial şəbəkələrdə Bakıdakı uşaq poliklinikalarından birinin baş həkiminin öz maşınını işçilərinə yudurtması ilə bağlı foto yayıldı, sonra da xeyli müzakirə edildi. Açığı, mən bu fotoya təəccüblənənləri və qəzəblənənləri heç başa düşmədim, hətta bir ara ağlıma gəldi ki, bir halda bizi hələ də belə şeylər təəccübləndirir və qəzəbləndirirsə, o zaman Əliyev rejimi bizə nə edirsə, az edir. Biz daha artığına layiqik.
***
Axı o fotoda təəccüblənməli və qəzəblənməli nə var?
Əvvəla, niyə poliklinika işçiləri qutuya saxta bülleten ata bilərlər, amma baş həkimin maşınını yuya bilməzlər?
Ikinci, onların hansına mikrofon uzatsan, birnəfəsə “hörmətli cənab möhtərəm…” sözləri ilə başlayan yüzlərlə cümlə quracaqlar, öz ömürlərindən kəsib dahi rəhbərin ömürünə calayacaqlar, bir sözlə, Azərbaycandakı oğru, talançı, ədalətsiz sistemin əl-üzünü yuyacaqlar, yaxşı bundan sonra baş həkimin maşınını yusalar nə olacaq, dünyamı dağılacaq?
Əcaib millətik. Tibb bacısı baş həkimin maşınını yuyanda az qalırıq yeri yerindən oynadaq, amma bir xalq şairi padşahın ətəyini öpəndə deyirik ki, “onun şəxsiyyətini yaradıcılığından ayırmaq lazımdır”. Yaltaq şairin yaradıcılığını şəxsiyyətindən ayırırıq, amma tibb bacısının bintini, iynəsini maşın yumasından ayırmırıq. Niyə?
Bir meşəbəyi yaltaqlananda əlimizə balta, dəhrə, yaba alıb tökülürük üstünə az qalırıq şalvarını əynindən çıxaraq, amma bir akademik, bir xalq yazıçısı yaltaqlananda onun nə vaxtsa Ezop dilində qurduğu hansısa cümlədə “dissidentlik” motivləri axtarırıq, bugünkü məddahlığını, mütiliyini olmayan keçmiş xidmətlərinə bağışlayırıq.
Qatar bələdçisi öz ömründən kəsib padşahın ömrünə calayanda az qalırıq onu topun ağzına qoyub ataq, yeddi arxa dönənini qəbirdən çıxaraq, amma hansısa titullu, orden-medallı yazıçı, xanəndə, molla “Padşah allahın yerdə kölgəsidir!” deyə sloqanlar atanda, yazdığı hansısa şeiri, oxuduğu hansısa segahı, çəkdiyi hansısa azanı əsas gətirib onu sudan quru çıxarmağa çalışırıq.
Bir sözlə, yapçılar kimi, bizim də gücümüz yetim-yesirə çatır.
Onlar korrupsiya ilə mübarizəni qatar bələdçilərindən, meşəbəyilərindən, tibb bacılarından, yanğınsöndürənlərdən başladığı kimi, biz də yaltaqlıqla, köləliklə mübarizəni xadimələrdən, ofisiantlardan, konduktorlardan başlayırıq.
Meydanlarda bu çirkin gedişata səssiz qalanları, ona bəraət qazandıranları tənbehləyən, türklər demiş, “nutuklar atarkən”, çıxışlar edərkən məsələ konkretləşəndə, konkret bir xalq yazıçısından, xalq artistindən, akademikdən, xanəndədən gedərkən şəxsi dostluqlar yada düşür.
Onu sudan quru çıxarmaq üçün dəridən-qabıqdan çıxırıq.
Ona bəraət qazandırmaq üçün min dərədən su gətirməyə çalışırıq.
Amma “paytaxt sakini”nə, “kənd zəhmətkeşi”nə qarşı amansız oluruq, qabırğasına döşədikcə döşəyir, az qalırıq dərisini boğazından çıxaraq.
Və bu zaman unuduruq: necə ki, korrupsiya, talançılıq, sosial ədalətsizlik, hüquqsuzluq kimi məsələlərdə balıq başdan iylənir, eynən mütilik, köləlik, yaltaqlıq da belədir: yaltaq yazıçının oxucusu da yaltaq olur.
Yaltaq müğənninin dinləyicisi də yaltaq olur.
Yaltaq aktyorun tamaşaçısı da yaltaq olur.
O “oxucular”, o “dinləyicilər”, o “tamaşaçılar” sonra bizim qarşımıza seçki qutusuna saxta bülleten atan müəllim…
Ömründən kəsib dahi rəhbərin ömrünə calayan həkim…
“Padşaha üsyan allaha üsyandır” deyən meşəbəyi…
“Oğurlasınlar, amma yetər ki, iş görsünlər” deyən yanğınsöndürənlər…
“Bunlar yenə yeyib-doyublar, amma o birilər acdır, hakimiyyətə gələn kimi yeyib-dağıdacaqlar” deyən qatar bələdçiləri qiyafəsində çıxırlar.
***
Bir daha o fikrin üzərinə qayıdıram ki, hakimiyyətin “korrupsiya ilə mübarizə”ni qatar bələdçisindən, meşəbəyidən, tibb bacısından, konduktordan başlaması nə qədər gülünc və mənasızdırsa, bizim “yaltaqlıqla mübarizə”ni də onlardan başlamağımız o qədər komik və absurddur.
Anar, Fikrət Qoca rejimin əl-üzünü yuyursa, imkan verin, tibb bacıları da baş həkimin maşınını yusunlar, daha niyə əsəbiləşirsiniz, asıb-kəsirsiniz ki?!