«Bizə fikrimizi azad şəkildə ifadə etməyə imkan verilmir»
Dünən keçirilən toplantıda dövlət başçısına müraciət olundu
Beynəlxalq Mətbuat Mərkəzində ötən gün yazılı media orqanlarının rəhbərləri, qəzet sənayesinin təmsilçiləri və yayım firmalarının nümayəndələrinin birgə təşkilatçılığı ilə “Azərbaycan mətbuatı – problemlər və perspektivlər” mövzusunda mətbuat konfransı keçirildi. Millət vəkillərinin, ictimai-siyasi xadimlərin və jurnalistlərin də qatıldığı tədbirdə son dövrlər mətbuatda yaranmış ağır durum və ondan çıxış yolları əsas müzakirə mövzusu olub.
Bakı Şəhər Icra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin səyyar yayıma qadağa qoymasının bu tədbiri keçirməyi zəruri etdiyini deyən Yayım Assosiasiyasının rəhbəri Yaşar Zeynalov səyyar yayımın mətbuatın üçdə birini, hətta bir qədər də çoxunu təşkil etdiyini bildirdi: “Bizim qənaətimizcə, bu gün səyyar yayıma qoyulan qadağalar ümumilikdə mətbuata qoyulan qadağalardır. Məhz bu səbəbdən də toplantı iştirakçıları gərək bu məsələni müzakirə edərək, yekun nəticəyə gəlməli və qərar verməlidirlər ki, ölkəyə qəzet, yazılı mətbuat lazımdırmı?”.
Mətbuatın durumunun heç də ürək açan olmadığını deyən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ənənəvi mətbuatın sıradan çıxmaq təhlükəsi ilə üzləşdiyini söylədi: “Bu tədricən və mərhələli şəkildə getdiyindən bundan hər kəs – yayıcılar, satıcılar, qəzetlər və jurnalistlər zərər görür. Məhz bu səbəbdən də bura toplaşmışıq və həyəcan təbili çalaq ki, yazılı mətbuatı və iş yerimizi itirmək təhlükəsi qarşısında qalmayaq. Kimin xəbəri yoxdursa, xəbərdar edilməlidir. Ənənəvi yazılı mətbuatı, qəzetləri qorumağa çalışmalıyıq”.
Ölkə mətbuatının yayım problemindən də ətraflı söhbət açan baş redaktor “Metroservis”in bağlanmasından və səyyar yayıma qoyulan qadağadan sonra qəzetlərin real çökmək təhlükəsi qarşısında qaldığını dedi. Onun sözlərinə görə, Mətbuat Şurası redaktorlarla birgə yayım problemini müzakirə edərək təkliflər hazırlasa da, vəziyyət dəyişməyib: “Mətbuat yayımının, səyyar satışın daha da təkmilləşdirilməsinə dair təkliflər hazırladıq. Təklifləri Prezident Adminstrasiyasına göndərərək ümid etdik ki, vəziyyət dəyişəcək. Məlum oldu ki, 2014-cü il yanvarın 1-dən bütün əl yayımı sisteminin lisenziyası ləğv olunub”.
Hakimiyyətin ictimaiyyətin informasiya almaq hüququnu məhdudlaşdırmaq məqsədini qarşısına qoyduğunu deyən Ümid Partiyasının sədri, deputat Iqbal Ağazadə problemlərdən çıxış yolu kimi etiraz aksiyalarına başlanmasını təqdir etsə də, ancaq bununla yanaşı mətbuatın bu məsələ ilə bağlı beynəlxalq təşkilatlarla işin çözümü istiqamətində birgə fəaliyyət aparılmasının daha effektli nəticə verəcəyi qənaətindədir: “Hakimiyyət ictimaiyyətin informasiya almaq imkanının olmasını istəmir. Mənə elə gəlir ki, problemin effektli həll edilməsi yolu beynəlxalq təşkilatlarla birgə çaba göstərərək hakimiyyəti media ilə dialoqa çağırmasından keçir. Ona görə də, piketlə yanaşı bu məsələ də diqqət mərkəzində saxlanılmalıdır”.
“Azadlıq” qəzeti baş redaktorunun birinci müavini Rahim Hacıyev dedi ki, hökumət hətta az tənqid edən KIV-lərə də təzyiq göstərir: “Biz buna qarşı mübarizə aparmalıyıq. Bu, fərdi problem deyil. Bizə fikrimizi azad şəkildə ifadə etməyə imkan verilmir. Bütün cəmiyyəti bizə dəstək verməyə çağırırıq. Bu tipli tədbirlər davamlı olmalı, etirazın müxtəlif növlərindən istifadə edilməlidir”.
Rahim Hacıyev əlavə etdi ki, KIV-in Inkişafına Dövlət Dəstəyi Fondu “Azadlıq”ın bank hesabının bağlı olduğunu bəhanə edərək qəzetə 30 min manatı verməkdən imtina etdi: “Yeni il üçün bizə yardım ayrılmadı. Halbuki bank hesabımız da açılmışdı. Hakimiyyətin metroda qəzet satışına qoyulan qadağa, əl yayımına yaradılan maneə ayda ”Azadlıq”ın 105 min nüsxəsinin itirməsi deməkdir. Hökumətin başlıca hədəfi “Azadlıq” qəzetidir”.
Mətbuat Şurasının təmsilçisi Müşviq Ələsgərli qurumun bu problemin ictimailəşdirilərək həll edilməsi istiqamətində çözüm yollarının aradıqlarını xatırlatdı. Onun sözlərinə görə, bu məsələnin birinci növbədə necə qoyulmasına diqqət lazımdır: “Biz yazılı medianın problemlərinin aradan qaldırılmasının tərəfdarıyıq. Ancaq məsələnin siyasiləşdirilməsinin isə əleyhinəyik. Mətbuat Şurası olaraq bizim media siyasətimiz var. Biz şəhərin gözəlləşdirilməsinin əleyhinə deyilik. Ancaq aparılan tədbirlər qəzet yayımına hər hansı problem yaradırsa, bundan birgə çıxış yolları tapılmalı və bu məsələ öz həllini tapmalıdır”.
“Qaya” Mətbuat yayımının direktoru Xanhüseyn Əliyev isə Müşviq Ələsgərlinin yazılı medianı və yayımı minnətli müdafiə, ütülü və diplomatik çıxışlar etməsinə öz etirazını bildirdi: “Son problemlərlə Mətbuat Şurası deyil, qəzetlər və yayım firmaları üzləşiblər. Ona görə də burada minnətli çıxış etmənizə və guya bizlərin dərdinə yandığınızı söyləmənizə öz etirazımı bildirirəm. Mətbuat Şurası ”Qaya”nın 9 köşkünü bərpa edə bilmir. Digər problemləri necə həll edəcək. Yazılı media və yayımla bağlı hər şey əlimizdən alındığından artıq itiriləsi heç nəyimiz qalmayıb. Hücumlar qəzetlərə və yayım firmalarına edildiyindən bu məsələ burada ciddi müzakirə edilməli onların problemləri dinlənilməli və vəziyyətdən birgə çıxış yolları tapılmalıdır”.
Sonra digər media rəhbərləri və yayım firmalarının təmsilçiləri də cıxış edərək üzləşdikləri problemləri sadaladılar.
Toplantının sonunda isə redaksiyalar və səyyar qəzet yayımının rəhbərləri ölkə başçısına müraciət ünvanladılar.