Rəsizadənin müşavirəsi erməniləri qorxuya salıb?

Cəbhədə vəziyyətin gərginləşməsi xəbəri daxili auditoriyaya hesablanmış addımdır

 

Arif Yunus: «Əvvəlcə ermənilərə Artur Rəsizadənin kim olduğunu izah etmək lazımdır»

Hər gün yayılan məlumatlardan belə qənaətə gəlmək olur ki, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində getdikcə gərginlik artır. Sanki cəmiyyətə mesaj verilir ki, hər an müharibə başlaya, ölkədə sabitlik pozula bilər. Bu məqamda Baş Nazir Artur Rəsizadənin Müdafiə Nazirliyində görüş keçirməsi də müxtəlif fikirlərin səslənməsinə səbəb oldu.

Qeyd edək ki, baş nazir Artur Rəsizadə son illərin təcrübəsində ilk dəfədir ki, Müdafiə Nazirliyinə gedərək ordunun döyüş hazırlığı ilə bağlı müşavirəyə rəhbərlik edir və müvafiq tapşırıqlarını verir. Görüşün detalları haqqında məlumat verilməsə də, belə ehtimal olunur ki, bu, son günlər cəbhə bölgəsində ki gərginliklə bağlıdır.

“Yeni Müsavat” qəzeti bu müşavirəni “Bakıdakı müharibə müşavirəsi Irəvanı qorxuya salıb” başlığı ilə təqdim edib.

Düzdür, Artur Rəsizadə ölkənin 2-ci şəxsidir, nazirliklər ona tabedir və bu kimi müşavirələrin keçirilməsi də normaldır. Ancaq Artur Rəsizadənin Müdafiə Nazirliyində keçirdiyi müşavirənin Ermənistanı qorxuya salması ciddi səslənmir. Reallıq onu göstərir ki, yaranmış situasiyaya uyğun olaraq hakimiyyət “müharibə” ab-havası yaratmağa start verir.

Siyasi ekspert Arif Yunus səslənən fikirlərin qeyri-ciddi olduğunu və erməni tərəfinin bu müşavirədən qətiyyən narahatlıq keçirmədiyini bildirdi: “Bütün nazirliklər baş nazirə tabedir və onun ixtiyarı var ki, nazirliklərdə müşavirə keçirsin. Ancaq mən müşavirə haqqında eşidəndə düşündüm ki, cəmiyyətə göstərmək istəyirlər ki, Azərbaycanda baş nazir var və bu, Artur Rəsizadədir. Bu reklamdı və çox adam bilmir ki, Azərbaycanda baş nazir var. Bir neçə il öncə ANS kanalı bir sorğu keçirdi və bəlli oldu ki, ölkədə bu adamı heç kim tanımır. Birinci ermənilərə izah etmək lazımdır ki, Artur Rəsizadə kimdir və bu adamı onlara tanıtmaq lazımdır. Əvvəl tanısınlar, sonra qorxmaqlarından danışarıq. Belə informasiyalar daxili auditoriyaya hesablanıb. Azərbaycan tərəfi son günlər elə məlumat yayır ki, guya cəbhə bölgəsində qanlı döyüşlər gedir. Əgər erməni saytlarına baxsanız görərsiniz ki, Ermənistanda belə məlumatlar yoxdur. Əslində cəbhə bölgəsində atəşkəs pozulması halları, qarşılıqlı atışmalar həmişə olur. Ancaq bu qədər şişirtmək lazım deyil. Belə xəbərləri yaymaqda məqsəd odur ki, Səməd Seyidov AŞ PA-da bildirsin ki, ölkəmizdə qanlı döyüş gedir, bizə təzyiq etməyin. Indi ikinci seriya başlayıb və din məsələsini qaldırıblar. Bu da daxili auditoriyaya hesablanıb. Yaxud bildirirlər ki, lazım olsa Irəvanı da alarıq. Adam bilmir gülsün, yoxsa ağlasın. Əgər bacarırsansa, danışma, iş gör. Düşünürəm ki, bu müşavirənin məqsədi Artur Rəsizadənin unudulmaması üçündür. Yəni camaat bilsin ki, ölkədə baş nazir var”.

Akif