Dünya Ukraynaya etmədiyi güzəşti Azərbaycana edəcəkmi?
Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard təmsil olunduğu qurumun Azərbaycanla strateji tərəfdaşlıq sazişi imzalamaqla bağlı danışıqlar apardığını açıqlayıb. Bu sənədin bir sıra sahələri, o cümlədən iqtisadiyyatı, qanunun aliliyini və digər sferaları əhatə etdiyini deyən AB nümayəndəsi bu sənədin assosiasiya sazişi ilə bir-birini tamamlayacağını da düşündüyünü vurğulayıb.
Xatırladaq ki, Azərbaycan hökuməti Avropa Birliyi ilə Assosiasiya Sazişini imzalamaq niyyətində olmadığını açıqlayıb. Rəsmi Bakı yalnız strateji tərəfdaşlıq sazişini imzalayacağını dilə gətirib. Lakin AB nümayəndəsinin son açıqlaması qurumun Azərbaycanın Assosiasiya sazişini imzalamasında israrlı olacağını deməyə əsas verir.
Qeyd edək ki, Ukraynada baş verən hadisələr də məhz rəsmi Kiyevin bu sazişdən imtina etməsində sonra başladı. Ukraynada baş verənlərə Avropadan gələn reaksiyalar göstərdi ki, AB bu məsələdə güzəştə getmək niyyətində deyil. Belə olan halda Azərbaycan hökuməti geri çəkilə biləcəkmi?
Onu da qeyd etmək lazımdır ki, Avropa Birliyi Azərbaycan hakimiyyətinə Assosiasiya və Azad Ticarət Müqaviləsi ilə bağlı müzakirələr aparmağı təklif edir. Hətta bu illər ərzində Avropa Parlamenti Qarabağ məsələsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyən qətnamələr qəbul edib. Bu qətnəmələrin qəbul olunması belə Azərbaycan hakimiyyətini Avropa Birliyi ilə yaxından əməkdaşlıq etməyə sövq edə bilmir.
Ekspertlər hesab edir ki, rəsmi Bakının Assosiasiya müqaviləsini imzalamamaq istəyinin çox ciddi səbəbləri var. Məsələ burasındadır ki, Avropa Birliyi siyasi və iqtisadi islahatlar aparılmasını təmin edəcək sənədlər təklif edir. Azərbaycanın antidemokratik hakimiyyəti məhz buna görə bu sənədləri imzalamaqdan imtina edir. Azərbaycan hökumətinin təklif etdiyi və imzalamaq istədiyi sənəd deklorativ xarakterlidir və rəsmi Bakının üzərinə heç bir ciddi öhdəlik götürmək niyyətində olmadığını göstərir. Ancaq ABŞ-ın açıq şəkildə dəstək verdiyi altı keçmiş sovet respublikasının Avropaya inteqrasiya olunması planı mövcuddur. Şərq Tərəfdaşlığı proqramının məqsədi də məhz budur. Bir daha xatırlatmaq yerinə düşər ki, Ukraynada baş verən proseslər Yanukoviçin Assosiasiya sazişini imzalamaqdan imtina etməsində sonra başladı. Ukrayna hakimiyyətinin aqibətini yaşamamaq üçün rəsmi Bakı Avropa Birliyi ilə Assosiasiya müqaviləsi üzrə danışıqlara başlamalıdır.
Fizzə