Milli Şura cərimələnən etirazçılara dəstək marafonu keçirəcək

Azərbaycan cəmiyyəti 2014-cü ilə gerçək bir hüznlə başladı. İllərlə yığılıb qalmış ictimai və sosial problemlər, ölkəni ağuşuna alan ədalətsizliklər, saxtakarlıq, korrupsiya, talan, vətəndaşların taleyinə biganəlik, Qarabağ probleminin həll edilməməsi köhnə ildən qalan böyük dərdlər idi. İlin son günlərində isə hər kəsi sarsıdan bir faciə baş verdi. Vətən torpaqları uğrunda döyüşüb əlil olmuş Zaur Həsənov ona qarşı edilən haqsızlıqlara dözməyib özünü yandırdı. Onun ölümü bütün cəmiyyəti silkələdi, hər kəs ona qarşı edilən haqsızlığı qınadı. 

Bununla bağlı dekabrın 29-da müstəqil gənclər, siyasi partiya təmsilçiləri və Qarabağ müharibəsi veteranları  Bakının Fəvvarələr meydanında dinc etiraz aksiyası keçirdilər. Aksiya amansızlıqla dağıdıldı, iştirakçıların bir çoxuna həbs cəzası verildi. Gənclərin və Qarabağa müharibəsi veteranlarının bəzilərinə isə ağlasığmaz dərəcədə yüksək olan cərimələr kəsildi. Milli Şura həmin gün həbs olunanlara hüquqi yardım etmək niyyətindədir, eyni zamanda cərimələri ödəməyə çətinlik çəkən bu mübariz insanlara dəstək üçün yardım marafonu keçirməyə qərar verilib. Bundan sonra da ölkədə haqlar, azadlıqlar və demokratiya uğrunda mübarizə aparan hər kəsi müdafiə etmək, onlara dəstək olmaq bu qurumun əsas vəzifələrindən biri olacaq.

Marafon 4 fevral 2014-cü ildə AXCP-nin qərargahında (Bakı şəhəri, Tələt Şıxəliyev küçəsi, 8 ünvanında) saat 12-də başlayacaq və davam edəcək. Hər kəs imkanı daxilində yardım edərək bu aksiyaya qoşula bilər. Hətta maddi yardıma imkanı çatmayanlar öz mənəvi dəstəyini ifadə etmək üçün tədbirə qatıla bilərlər. Hər kəsi ölkədə haqlar, azadlıqlar və demokratiya uğrunda mübarizə aparan insanlara dəstək verməyə çağırırıq.

Milli Şuranın Mətbuat Katibliyi