«Qaçqınkom» məcburi köçkünləri xəbərdar etdi; Mənzil bölgüsündə dələduzluq edənlər kimlərdi?
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi qaçqın və məcburi köçkünlərə xəbərdarlıq edib. Komitədən Trend-ə daxil olan məlumatda deyilir ki, yeni mənzillərə köçürmə prosesi zamanı bəzi dələduzluq halları barədə quruma şifahi məlumatlar daxil olub. Komitə və hüquq mühafizə orqanları tərəfindən aparılmış tədbirlər nəticəsində Komitəyə aid olmayan şəxslər barəsində ciddi tədbirlər görülüb. Hal-hazırda qeyri-rəsmi məlumata görə, Bakı və Gəncə şəhərlərində belə dələduzluq hallarına cəhd olunur.
Dövlət Komitəsi bildirir ki, köçürmə prosesi indiyədək olduğu kimi şəffaf şəkildə həyata keçirilir və bütün məcburi köçkünləri ciddi xəbərdar edir ki, hər hansı məcburi köçkün belə dələduzluq hallarına qoşularsa onlar özləri cinayət məsuliyyətinə cəlb olunacaqlar.
Dövlət Komitəsi bütün məcburi köçkünlərə müraciət edərək xahiş edir ki, belə hallarla rastlaşdıqda bu barədə dərhal Komitəyə məlumat versinlər.
“Azadlıq”a daxil olan məlumata görə, komitənin bu xəbərdarlığı əslində icra hakimiyyətlərinə qarşı yönəlib. Məsələ burasındadır ki, təxminən iki həftə əvvəl “Qaçqınkom”un məskunlaşma, miqrasiya, məşğulluq və status şöbəsinin müdiri Sənan Hüseynov bildirmişdi ki, Bakı şəhərində rayon icra hakimiyyətlərinə aid qaçqın və məcburi köçkünlərin işi üzrə şöbəlr ləğv ediləcək: “Bakının bütün rayon Icra hakimiyyətlərinin nəzdində bu şöbələr var idi. Həmin şöbələr yerli Icra hakimiyyətlərinə tabe idilər. Indi həmin şöbələr birbaşa ”Dövlətqaçqınkom”a birləşdiriləcək. Prezidentin “Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 22 noyabr 2013-cü il tarixli 28 saylı sərəncamı var.
Həmin sərəncamda qeyd olunur ki, Bakı şəhər Icra Hakimiyyəti başçısı aparatının, həmçinin Səbail, Nərimanov, Nəsimi, Nizami, Xətai, Xəzər, Qaradağ, Sabunçu, Suraxanı, Yasamal, Pirallahı və Binəqədi rayonlarının Icra Hakimiyyəti başçıları aparatlarının qaçqınlar və məcburi köçkünlərlə iş üzrə iş şöbələrii ləğv edilsin”.
Icra hakimiyyətləri bu şöbələrin ləğvini həzm edə bilmir. Çünki bununla icra hakimiyyətləri faktiki olaraq qaçqınların yeni mənzillərə köçürülməsi prosesinə nəzarəti itirir. Sirr deyil ki, mənzillərin bölgüsü zamanı icra hakimiyyətləri ilə bəzi məcburi köçkünlər arasında müəyyən anlaşmalar olurdu. Mümkündür ki, sözügedən şöbələr ləğv olunana qədər də tikiləcək yeni mənzillərlə bağlı belə anlaşmalar olub. Lakin artıq mənzillərə köçürmə prosesinin birbaşa “Qaçqınkom”un nəzarətinə keçməsi həmin anlaşmaları qüvvədən salır. Amma görünür, icra hakimiyyətləri anlaşdıqları şəxslərə bunun əksini deyir. Bu baxımdan da “Qaçqınkom” bəribaşdan məcburi köçkünlərə xəbərdarlıq edərək onları ehtiyatlı olmağa çağırır. Hər bir halda sıravi şəxslərin mənzil bölgüsündə vasitəçilik etməsi inandırıcı görünmür.