Usubov ədavətdə olduğu rəisi işdən çıxartdı

Məmməd Mikayılovun işdən çıxarılması və Rza Hacıyevin yoxlanılması müxtəlif mülahizələrə səbəb olub

Azərbaycanın daxili işlər orqanlarında kadr dəyişikliyi olub. APA-nın məlumatına görə, Daxili Işlər Nazirliyində ötən gün keçirilən geniş kollegiya iclasında daxili işlər naziri, general-polkovnik Ramil Usubov bir neçə rayonun polis rəisinin fəaliyyətini ciddi tənqid edib.
R.Usubov Bakının Suraxanı Rayon Polis Idarəsinin rəisi, polis polkovniki Məmməd Mikayılovu küçə ticarəti ilə mübarizədə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən kənarlaşdırıb. M.Mikayılovun səlahiyyətlərini hazırda idarənin əməliyyat işləri üzrə rəis müavini Akif Nəzərov icra edir.
Ramil Usubov, həmçinin Neftçala Rayon Polis Şöbəsinin rəisi Rza Hacıyev və Füzuli Rayon Polis Şöbəsinin rəisi Kamandar Əsədovun də fəaliyyətini ciddi tənqid edib və onların rəhbəri olduğu polis şöbələrində yoxlamaların aparılması barədə aidiyyəti şəxslərə tapşırıq verib. Yoxlamaların nəticəsindən asılı olaraq həmin polis rəisləri barəsində də ölçü götürüləcəyi bildirilib.
Bundan başqa, Daxili Işlər Nazirliyinin Təchizat Idarəsinin rəisi Qomboy Zeynalov da yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Həmin idarənin rəisi vəzifəsini icra etmək Əkbər Ələkbərliyə həvalə olunub.
Ramil Usubovun kadr dəyişikliklərində Məmməd Mikayılovu işdən çıxarılması xüsusi diqqət çəkir. Bəzi mülahizələrə görə, Məmməd Mikayılovun işdən çıxarılması nazirlə onun arasındakı ədavətlə bağlıdır. Bu ədavətin kökü “Hacı Məmmədov olayları”na gedib çıxır.
Məlumatlara görə, DIN-in sabiq əməliyyat müvəkkili, adam oğurluğu və bir sıra başqa ağır cinayətlərdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Hacı Məmmədovun həbsindən sonra Ramil Usubova qarşı başlanan kampaniyada Məmməd Mikayılov əks tərəfdə olub. Bu, nazirin xoşuna gəlməsə də, o zaman Xətai polisinin rəisi olan Məmməd Mikayılovu daxil işlər orqanlarından uzaqlaşdıra bilməyib. Polis rəisinin Hacı Məmmədov işi ilə bağlı kifayət qədər məlumatlı olması Ramil Usubovun onunla ehtiyatlı davranmasına səbəb olub. Nazir hətta Məmməd Mikayılovun danışa biləcəyindən ehtiyat edərkən onu daha yuxarı vəzifəyə – Interpolun Bakı Bürosunun rəisi vəzifəsinə təyin edib. “Hacı Məmmədov olayları” və Ramil Usubova qarşı kampaniya səngiyəndən sonra nazir onun vəzifəsini aşağı salaraq Nəsimi Rayon Polis Idarəsinə rəis təyin etdi. Bir qədər sonra Məmməd Mikayılov Suraxanıya “sürgün” olundu. Görünür, artıq Ramil Usubov üçün Məmməd Mikayılov təhlükəsi yoxdur. Yəni, onun danışa biləcəyinin nazir üçün əhəmiyyətini itirib. Ona görə də bu dəfə Məmməd Mikayılov ümumiyyətlə işdən çıxarılıb.  
Rza Hacıyevin yoxlanılması ilə bağlı da maraqlı mülahizələr var. Rza Hacıyev Ramil Usubovla eyni bölgədən – Xocalıdandır. O, həmçinin Milli Qəhrəman Əlfi Hacıyevin qardaşıdır. Rza Hacıyev Sabunçu Rayon Polis Idarəsinin rəisi vəzifəsində çalışanda qəfildən raport yazaraq işdən çıxdı. O zaman bu Rza Hacıyevlə bağlı mətbuata çıxan məişət qalmaqalı ilə izah edilirdi. Iddia olunurdu ki, Rza Hacıyev işdən çıxmaq barədə raportu Ramil Usubovun tövsiyyəsi ilə yazıb. Lakin nazir onu işsiz qoymadı. Rza Hacıyev gözdən uzaq yerə Neftçalaya göndərildi. Ramil Usubovun ona bu dəfəki qəzəbinin səbəbi dəqiq bilinməsə də, bəzi ehtimallara görə, Neftçalada vətəgə qalmaqalı ilə bağlıdır. Həmçinin güman edilir ki, Rza Hacıyevin yaxınlarının, xüsusilə qardaşı oğlu Seymur Hacıyevin vaxtaşırı Ramil Usubovun adından istifadə etməsi naziri qəzəbləndirə bilər. Qeyd edək ki, hər iki məsələ, vətəgə qalmaqalı və Seymur Hacıyevin Ramil Usubovun adından istifadə etməsi barədə mətbuatda vaxtaşırı yazılıb.

Informasiya şöbəsi