Rza Zərrabın əmlakı üzərindən həbs götürüldü, şirkətləri, özəl təyyarəsi, yarış atı özünə qaytarıldı
Bilal Ərdoğana qarşı rüşvət ittihamlarının detalları məlum oldu
Türkiyədəki “Böyük rüşvət əməliyyatının” araşdırmasında şok dönüş olub. Iş üzrə əsas şübhəlilərdən olan iş adamı Rza Zərrabın əmlakı üzərindən həbs götürülüb. Istanbul 29-cu Sülh Cəza Məhkəməsinin çıxardığı qərarda R.Zərrabın əmlakı ilə bağlı həbs sanksiyasının qanunsuz olduğu bildirilib. Məhkəmə hesab edib ki, iş materiallarında əksini tapan sübutlar əmlaka həbs qoyulması üçün yetərli deyil.
Əmlakı cəmi 42 gün həbsdə qaldı
Beləliklə, Zərrabın mal varlığı ilə bağlı çıxarılan “satıla bilməz”, “kiməsə ötürülə bilməz” qərarı 42 gündən sonra qanuni qüvvəsini itirmiş oldu. Araşdırmanı aparan prokuror Cəlal Kara və digər prokurorların bu qərara etiraz edəcəkləri bildirilir. Prokurorlar etirazlarında Zərrabın iranlı şəriki Babək Zəncaninin Qanadan gətirdiyi və Istanbul aeroportunda 17 gün saxlanıldıqdan sonra Dubaya aparılan 1,2 tonluq qızılla bağlı məqamı əsas kimi göstərəcəklər. Etirazda həmçinin Rza Zərraba qarşı rüşvət, cinayət şəbəkəsi qurmaq kimi ittihamların irəli sürüldüyü də xatırlanacaq.
Qeyd edək ki, Zərrabın üzərinə həbs qoyulmuş əmlakının arasında “Challenger 300″ tipli özəl təyyarəsi, ”El Ganador” adlı bahalı ingilis yarış atı, əməliyyatdan iki gün əvvəl hərracdan satın aldığı 1 milyon lirəlik tablo, sahibi olduğu
“Royal Holding”, şəriki olduğu “Are Havacılık” şirəkti də var idi.
Dövlətin imkanları hesabına Vəqf…
Rüşvət əmliyyatı Türkiyə gündəmini zəbt edəndən bəri baş nazir Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın da adı bu qalmaqalda hallandırılır. Mətbuat və müxalifət baş nazir oğlunu rüşvət və korrupsiyada ittiham etsə də, söhbətin, konkret nədən getdiyi tam bəlli deyildi. Türkiyənin “Tərəf” qəzeti son sayında bu məsələyə detalları ilə aydınlıq gətirib. Məlum olub ki, ittihamların əsas ünvanı baş nazir övladlarının nəzarətində olan “TÜRGEV”dir (Türkiyə Gənclik və Təhsilə Xidmət Vəqfi). Belə ki, torpaq sahəsi və inşaat işləri ilə bağlı imtiyazlardan başqa, xalqın yararlanması üçün açılan bələdiyyəyə məxsus sosial təsisatların da Vəqfin nəzarətinə verildiyi bildirilir. “TÜRGEV”in ən böyük dəstəkçilərindən biri olan Ümraniyə bələdiyyəsinə aid Yaşıl Vadi Mülklərində yer alan sosial təsisatlar da 2013-cü ildə bu qurumun adına keçirilib. Yerli sakinlər üçün açılan və bir müddət sosial təsisat kimi fəaliyyət göstərən binanın da heç kimə xəbər verilmədən Vəqfə təqdim olunduğu iddia olunur. Öz növbəsində “TÜRGEV” də buranı ötən il “Palet Montessori Kreş” (uşaq bağçası) və Gündüz Baxım Evi olaraq istifadəyə verib.
Həftədə 5 gün fəaliyyət göstərən “Palet Montessori”yə daxil təhsil mərkəzində qiymətlər belədir: 1-3 yaş arası uşaqlar üçün ayda 1.620 , ildə 14 min 580 lirə. 3-6 yaş arası uşaqlar üçün də (7 günlük) ayda 1.620, ildə 14 min 580 lirə. Ilkokul ödəmə planı aylıq 1.793, illik 16 min 137 lirə. Üstəlik məktəbin yeməklərinin də Ümraniyə bələdiyyəsi tərəfindən təmin edildiyi bildirilir.
Qəzet yazır ki, “Palet Montessori” məktəblərinin köhnə və yeni şəkillərinə baxış keçirilsə, bələdiyyəyə aid sosial təsisatların Ərdoğan övladlarının Vəqfinə verildiyi açıq-aydın görünər. Üstəlik məktəblərə Rəcəb Tayyib Ərdoğanın qudası vəkil Reyhan Uzunərin rəhbərlik etdiyi bildirilir.
O da qeyd olunur ki, Bilal Ərdoğan 2013-cü ildə “TÜRGEV” qarşısında xidmətlərinə görə Ümramniyə bələdiyyəsinin başqanı Hasan Cana təşəkkürnamə təqdim edib.
Daha iki prokuror “rüşvət əməliyyatının” araşdırmasından uzaqlaşdırldı
Istanbul Cümhuriyyət Prokurorluğunun daha iki prokuroru – Cəlal Kara və Mehmet Yüzgeç rüşvət əməliyyatının araşdırmasından uzaqlaşdırıldı. Bu barədə qərarı Istanbul Cümhuriyyət Prokurorluğunda Baş prokuror vəzifəsinə yeni təyin olunan Hadi Salahoğlu verib. Qərara əsasən C.Kara Istanbul 45-ci Cəza Məhkəməsinə, Mehmet Yüzgeç isə Istanbul 1-ci Uşaq Ağır Cəza Məhkəməsinə təyin olunub.
Türkiyə mətbuatının yazdığına görə, prokurorlar əməliyyatın “ikinci dalğasını” başlatdıqları üçün işdən uzaqlaşdırılıblar. Belə ki, onlar iki tanınmış iş adamını şübhəlilər siyahısına daxil edərək ifadə vermək üçün istintaqa çağırıblar. Çağırış vərəqəsi ünvana çatandan, həmçinin Rza Zərrabla bağlı çıxarılmış son qərara (əmlakına qoyulan həbs qərarının qüvvədən düşməsi) verilən etirazdan dərhal sonra hər iki prokuror işdən çıxarılıb.
Qeyd edək ki, bundan əvvəl prinsipial mövqeyi ilə fərqlənən iki prokuror – Müəmmər Akkaş və Zəkəriyyə Öz də işin araşdırmasından və Istanbul Cümhuriyyət Prokurorluğundan uzaqlaşdırılmışdı. Eləcə də Baş prokuror Turan Çolakkadı işdən çıxarılaraq yerinə Hadi Salahoğlu gətirilmişdi.
Gültəkin