“Suriyaya göndərilənlərin arxasında şəbəkə dayanır”

«Hakimiyyətin demokratik kəsimi sıxışdırmasının radikal dini kəsimin aktivləşməsinə təsiri var»

İlham İIsmayıl: «Ola bilsin ki, Şeyxdə baş verənlərlə bağlı konkret informasiyalar var, lakin onları açıqlaya bilmir»

«Vətəndaşlarımızın Suriyaya vuruşmağa getməsində dövlətin məsuliyyəti çox böyükdür»

Son günlər gündəmin əsas mövzularından biri Suriyada gedən döyüşlərdə dünyasını dəyişən Azərbaycan vətəndaşları ilə bağlıdır. Bununla bağlı bir müddət əvvəl həyəcan təbili çalınsa, dövlətin bu istiqamətdə müvafiq tədbirlər gördüyü hiss olunmur. Dünən sosial şəbəkələrdə Azərbaycanda bir zamanlar çox ciddi terror təhlükəsi yaratmış iki radikal dini təşkilatın nümayəndələrinin ayrı-ayrılıqda verdikləri bəyanat da maraq doğurur. “Meşə Qardaşları” və “Ceyşullah” hakimiyyətə qarşı hərbi əməliyyatlara start verdiklərini bəyan ediblər. Məlumatlarda sözügedən təşkilatların tezliklə Azərbaycanda cihad elan edəcəkləri bildirilib. Bu və digər suallarla təhlükəsizlik məsələləri üzrə ekspert Ilham Ismayılın mövqeyini öyrəndik:

– Hər iki təşkilatın sosial şəbəkələrdə yayılan bəyanatı diqqətə alınmalıdır. Hər iki təşkilatın Azərbaycanda təsir gücü az olsa da, harasa partlayıcının qoyulmasıyla bağlı adi bir telefon zəngində təhlükə varsa və o ciddi araşdırılırsa, bu məsələ də araşdırılmalıdır. Əgər bu məsələlər də nəzarətsiz buraxılsa, ciddi problemlər yarana bilər. Amma hər iki təşkilatın Azərbaycanda terror törətmək imkanları çox aşağı səviyyədədir.

– Suriyaya hərbi əməliyyatlarda iştirak edən vətəndaşlarımızın Azərbaycandan bu ölkəyə yollanmasında bir təşkilati iş varmı? Bu proseslərin arxasında hansı qüvvələr durur?

– Suriyaya hərbi əməliyyatlarda iştirak etməyə gedənlərin 90 faizi ölkədən təşkilatlanmış formada çıxarılır. Tək-tək insanlar ola bilər ki, konkret təşkilatın xətti ilə deyil, amma həmin qüvvələrin idealoji diversiyasına uğrayaraq Suriyaya gedirlər. Bu proses şəbəkələşmiş formada aparılır. Konkret olaraq bunun hansı şəbəkə vasitəsilə həyata keçirildiyi məlum deyil. Amma aydın məsələdir ki, baş verənlərin arxasında dindar kəsim durur. Onu da nəzərə almaq lazımdır ki, bu şəbəkəyə maliyyə ayrılmasa, onlar fəaliyyətlərini qura bilməzlər. Eyni zamanda bu prosesin bütün dünyada getdiyini də vurğulamaq lazımdır. Baş verənlər böyük bir şəbəkənin fəaliyyətinin məhsuludur. Əgər bu işlər şəbəkələşdirilməsəydi, maliyyə ayrılmasaydı, prosesləri bu səviyyədə idarə etmək mümkün olmazdı.

Məsuliyyəti kim daşıyır?

– Qafqaz Müsəlmanları Idarəsinin rəhbəri Şeyxülislam Allahşükür Paşazadə maraqlı açıqlama ilə çıxış edib. O, bildirib ki, hazırda elə məmurlar var ki, dövlət işində oturub və dövlətdən maaş alır. Amma onların övladları başqa məzhəblərə qoşularaq, düz yoldan çıxırlar. Bu açıqlamanı necə qiymətləndirmək olar? Bu Suriyaya gedən vətəndaşlarımızla bağlı məsələdə konkret məmurun əlinin olmasına işarə ola bilərmi?

– Bu açıqlamada konkret hansı məmurların nəzərdə tutulduğunu bilmirəm. Amma belə məlumatlar var ki, bir sıra məmurların, imkanlı şəxslərin övladları Azərbaycanda yeni yaranan xələfi, vəhabi kimi təriqətlərə meyilli olan şəxslər var. Amma bu məsələdə Şeyx gərək birinci özünü günahlandıraydı. Çünki Qafqaz Müsəlmanları Idarəsi maariflənmə işində zəiflik göstərib ki, insanlar radikal dini qruplara, təriqətlərə üz tutublar. Burada Şeyxin də müəyyən günahı var. Əgər onun söylədiklərində bir həqiqət varsa, həmin tənqidlərin hədəflərindən biri də o, özüdür. Amma o da ola bilsin ki, Şeyxdə baş verənlərlə bağlı konkret informasiyalar var, lakin onları açıqlaya bilmir. Insanlar dini inanclarına görə azaddırlar. Amma Qafqaz Müsəlmanları Idarəsinin, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin maarifləndirmə işi yaxşı olsaydı o zaman bu cür şərait yaranmazdı.

– İçəri şəhər Cümə məscidinin axundu Qafqaz Müsəlmanları Idarəsinin təşkil etdiyi tədbirdə çıxışında bildirib ki, Içərişəhərdə fəaliyyət göstərən başqa bir məscidin bağlanmasını təklif edib. Əsas kimi o göstərilib ki, həmin məscidə gələnlərin əksəriyyəti bir müddət sonra Suriyaya vuruşmağa yolanırlar?

– Bu çıxışda artıq konkret olaraq ünvanlar göstərilir. Bu məscidə gələnlər kiminsə başına yığışırlar. Bu prosesdə bir həlqə kimi göstərilirsə, hüquq-mühafizə orqanları bununla məşğul olmalıdırlar. Hətta bu bəyanatlar olmasa belə, hüquq-mühafizə orqanları, konkret olaraq xüsusi xidmət orqanlarının Azərbaycanın mənafeyinə xələl gələ biləcək məsələdə qabaqcadan informasiyaları olmalıdır. Amma bu prosesdə zəif bir nöqtə mövcuddur. O da insanların hansı məqsədlə ölkəni tərk etdiyi bəlli deyil. Bu bəlli olmadığına görə onlar ölkəni sakitcə tərk edirlər. Ona görə də xüsusi xidmət orqanlarının fəaliyyətinin nəticəsi ilə bu şəxsə mane  olmaq da mümkündür. Bu hər hansı şəxsin hüquqlarının pozulması kimi yox, dövlət təhlükəsizliyinə qarşı qəsdin qarşısının alınması kimi dəyərləndirilməldir.Hesab edirəm ki, bu məsələdə hüquq-mühafizə orqanları bir qədər sərt dildə danışmalıdır. Suriyada hərbi əməliyyatlarda iştirak edən şəxslər vətənə döndükdən sonra onlar barəsində cinayət işi qaldırıla bilər. Cinayət Məcəlləsində terror təşkilatının işində iştirak etməklə bağlı maddə var.

Türkiyə Suriyada vətəndaşlırımızın ölümündə günahkardırmı?

– Azərbaycan hakimiyyəti Suriyaya gedən vətəndaşlarımızla bağlı bir müddət əvvəl Türkiyə hökumətinə müraciət etmişdi. Bu müraciəti necə dəyərləndirmək olar? Bu Suriyaya vətəndaşlarımızın yola salınmasında Türkiyənin əli ola biləcəyinə işarə sayıla bilərmi?

– Türkiyənin Suriya məsələsinə münasibəti bəllidir. Türkiyə Suriyadakı rejimin devrilməsində maraqlıdır. Türkiyə Əsədə müxalif qüvvələri dəstəkləyir. Ona görə Türkiyənin Suriyaya xarici ölkə vətəndaşlarının göndərilməsiylə bağlı təşkilatı iş gördüyü ilə bağlı fikirlər yanlışdır. Ola bilsin ki, Türkiyə Suriya ilə sərhəddə açıq dəhliz yaradıb. Kim Suriyada vuruşmağa getmək istəyirsə, ona heç bir maneə yaradılmır. Narazılığa səbəb də yalnız Türkiyənin Suriyaya keçiddə Azərbaycan vətəndaşları ilə də bağlı da ayrıseçkilik etməməsi ola bilər. Xarici ölkə vətəndaşlarının Suriyaya vuruşmağa göndərilməsini təşkil edən başqa dövlətlərin adını çəkmək olar. Burada konkret olaraq Səudiyyə Ərəbistanının adını çəkmək olar.

– Azərbaycan vətəndaşlarının xarici ölkəyə gedib vuruşması və daha sonra vətənə dönüşü hansı təhlükələri, dövlət üçün təhdidi yaradır? Baş verənlərdə dövlətin məsuliyyəti nədən ibarətdir?

– Burada dövlətin məsuliyyəti çox böyükdür. Baş verənlərdə dövlət üçün təhlükəli məqamlar nədən ibarətdir? Əvvəlla vuruşmağa gedib-gələn şəxs perspektivdə həmin təşkilatlanmış şəbəkənin göstərişlərini Azərbaycanda da həyata keçirə bilər. Bu şəxslər Azərbaycanda potensial terrorçu ola bilər. Bu mənada dövlətin üzərinə böyük iş düşür. Bu şəxslər geri qayıtdıqdan sonra onları nəzarətdən kənarda buraxmaq olmaz. Həmin şəxslər qanunsuz silahlı dəstələrin fəaliyyətində iştiraka görə məsuliyyətə cəlb oluna bilər. Çünki Suriya ilə bağlı verilən göstəriş sabah Azərbaycanla da bağlı verilə bilər. Dövlətin təhlükəsizliyi müzakirə predmeti olduğundan bu məsələlərdə bir qədər sərtlik nümayiş etdirilməlidir. Cəmiyyətin baş verənlərdə dövlətə arxayın olması üçün dövlət konkret, ciddi sərt tədbirlər görməlidir.

“Nurçular”ın Azərbaycanda möhkəmlənməsinə icazə vermək olmaz”

– Gülən tərəfdarları ilə Ərdoğanın mübarizəsinin Türkiyədə siyasi böhran yaratmasının şahidi olduq. “Nurçu”ların Azərbaycana təsir gücü nə qədərdir? Çünki Azərbaycanda da Gülən tərəfdarlarının fəaliyyəti inkar edilmir…

– Gülən tərəfdarlarının Türkiyədə dövlətin içərisində dövlət halına gəlib çıxması uzun müddətli prosesin nəticəsidir. Azərbaycanda isə onlar yavaş-yavaş təşkilatlanma formasını keçirirlər. Daha sonra onlar təhsil, hüquq-mühafizə, ticarət orqanlarına tədricən yayılmağa başlayacaqlar. Bunlar təsir formasında olmasa da, müəyyən işartılar var. Ona görə də Azərbaycanda dövlətin içərisində paralel dövlətin yaradılmaması üçün indidən bunun qarşısı alınmalıdır. Onlar daim nəzarətdə olmalıdırlar. Açar strukturlara bu tipli insanların buraxılmasına, kadr kimi yetişməsinə imkan vermək olmaz.

– Uzun illərdir ki, Azərbaycanda demokratik kəsimin sıxışdırılması, azad mətbuatın boğulması, siyasi partiyaların fəaliyyətinin məhdudlaşdırılması siyasəti yürüdülür. Yürüdülən bu siyasət Azərbaycanda radikal dini kəsimlərin ayaq açmasına nə dərəcədə təsir göstərib?

– Ölkədə sosial problemlər, işsizlik baş alıb gedəndə dinə müraciətin sayı çoxalır. Sadəcə olaraq dindarların bir qismi sakit şəkildə məscidə gedərək, namazını qılıb geri qayıdanlardan ibarət deyil. Cəmiyyətə qarşı çox qəzəbli, həyatından narazı olan şəxsləri müəyyən qruplar hədəfə alır ki, sonradan onlardan istifadə edirlər. Bu şəxslər maliyyələşdirilir, onların müəyyən ehtiyacları ödənilir. Bütün bunlar isə gələcəkdə istəniləcək qulluqların müqabilində edilir. Radikal dini qruplar sadəcə olaraq ölkədəki sosial ədalətsizlikdən sui-istifadə edirlər. Hələlik Azərbaycanda bu təşəbbüslər zəifdir. Amma bu radikal qruplar Azərbaycandakı təşəbbüslərini genişləndirərlərsə, ölkədə ciddi fəlakətlər baş verə bilər. Ona görə də dövlət bu məsələlərdə bütün sərtliyini göstərməlidir. Azərbaycanda demokratiya olmadığına görə ölkəmiz azad olmayan ölkələr qrupundadır. Bu üzdən də Azərbaycanda radikal dini qrupların fəaliyyəti geniş vüsət alıb.

– Azərbaycan hökuməti ondan demokratiya tələb edən təşkilatlara qarşı bir qayda olaraq düşmən mövqedən yanaşır. Bu siyasətin davamı olaraq hakimiyyət ondan demokratik islahatlar tələb edən Qərbi şantaj etmək üçün islam faktorundan istifadə edir. Ona görə bir sıra dini qruplaşmaların ticarət fəaliyyətinə, təşkilatlanmasına göz yumulur. Məhz yürüdülən bu yanlış siyasət ölkədəki hazırkı problemin yaranmasının bir səbəbi sayıla bilərmi?

– Hakimiyyət Azərbaycanın daxilinə yönəlməyən fəaliyyətlərə bəzən göz yumur. Amma bu siyasət analiz edilərək yürüdülməlidir. Çünki bu gün müəyyən imtiyazlara sahib olanlar, ticarət şəbəkələri quranlar sabah nə insan haqlarını qoruyacaqlar, nə də demokratiyanı. Onlar sabah əllərinə silah alacaqlar. Ona görə hakimiyyətin demokratik kəsimi sıxışdırmasının radikal dini kəsimin aktivləşməsinə müəyyən təsiri var. Amma onu da nəzərə almaq lazımdır ki, radikal islam bütün dünyanın problemidir.

Hikmət