Özünü yandıran əlil danışdı

“Rüşvət istədilər, dedim verməyəcəm, ən aşağı məbləğ yazdılar, indi də 4 aydır süründürürlər…”

Yanvarın 27-də Yevlax rayon Sosial Müdafiə Mərkəzinin qarşısında intihara cəhd edən Nizami Kərimov deyir ki, özünü səssiz-səmirsiz benzin tökərək yandırıb. Əlilin sözlərinə görə, 4 aydır həmin binada bütün gün var-gəl edib, haqlarını tələb edib. Lakin süründürməçilikdən zara gəlib. Ən son 102 polis xidmətinə zəng edib cinayət edəcəyini bildirib. Buna da məhəl qoyulmadığını deyən 2-ci qrup əlil tək çıxış yolunu intihar etməkdə görüb.

“102-Ə DEDİM Kİ, CİNAYƏT EDƏCƏM…

“Birinci dəfə sosial yardım düzəltdirəndə 2 ildən artıq get-gəl elədik. Axır düzəltdirdik. Vaxtı qurtardı, ikinci il düzəldəndə 4 ayını əvvəldən istədilər. Rüşvət istədilər, dedim verməyəcəm. Ən aşağı məbləğ yazdılar. İndi də 4 aydır süründürürlər. İlandan pis sürünürük. Get sabah gəl, bu gün gəl. Özüm 2-ci qrup əliləm, bir ayağım şikəstdir. 50 manat təqaüd alıram, onunla dolana bilmirəm. 5-ci gün idi zəng elədim, 142-ə,  (Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qaynar xətti)  61 dəfə zəng elədim. Sonra 102 –yə zəng elədim ki, cinayət edəcəm. Ordan da bir cavab gəlmədi. Həmin gün sənədləri qoydum evdə, sosial yardım verilən binanın önündə benzin töküb, özümü yandırdım”.

Xəstəxanaya toplanmış qohumlar da danışırdılar ki, Nizami Kərimov sosial yardımla bağlı ona edilən haqsızlığa görə neçə vaxtdır ağır stress keçirirmiş.

N.Kərimovun yaxınları xəstəxanada

Qardaşının yoldaşı Reyhan Kərimova: “1 -2 gün ondan qabaq orda hirsləndirmişdilər, əsirdi. Həmin gün də belə olub. Sosial yardımda əsəbləşdirmişdilər. Buna sosial yardım düşür, amma bunu incidirlər. Bir sənədin ardınca 5 dəfə yollayırdılar”.

ONU ÖZÜNÜ ÖLDÜRMƏ HƏDDİNƏ ÇATDIRIBLAR

44 yaşlı Nizami Kərimovun Yevlax şəhərində olan cəmi bircə otaqlı həyət evi ailənin dediyi kimi şəraitsizdir. Həyətdə yarımçıq qalmış vanna otağının nə qapısı var, nə pəncərəsi.

Evin uçuq damını göstərən bacısı Rəbiyyə Kərimova deyir ki, qardaşını bu həddə çatdıranlar cavab verməlidir. Heç kəs özünü boş yerə yandırmaz. “Get-gələ çox saldılar, pul istəyiblər. Deyib 6 ay sənin, 6 ay mənim. Bu sosial bimirsən varlıya verilir, ya kasıba? Kim özünü yandırar, canına qəsd edər ki? O dərəcəyə çatdırıblar ki, özünü yandırıb”.

N.Kərimovun hamamı

Yevlax rayon Sosial Müdafə Mərkəzinin qarşısında döşəmədə Nizami Kərimovun yanan bədəninin izləri qalıb. Xəstəxanada Nizami Kərimova ilk yardım edilib. Xəstəxananın Travmatologiya şöbəsinin baş həkimi  Hasir Abdullayev deyib  ki, xəstənin vəziyyəti ağır olduğundan Respublika Yanıq Mərkəzinə göndərilib.

BU ÖLKƏDƏ HÖKUMƏT VAR, YA YOX?

Nizami Kərimovun həyati təhlükəsi sovuşmayıb. 4 ildir yataq xəstəsi olan, başqa bir övladı Qarabağ döyüşlərində həlak olan 90 yaşlı atası isə yaşlı gözlərini sıxıb suallar verir: “Bircə söz deyirəm, mənə deyin görüm, bu ölkədə hökumət var, ya yox?  Mən bilim. Niyə belə vicdansızlıq edirlər? Mənim nəyim var ki….” (“Azadlıq” radiosu)

“HƏR AN KOMAYA DÜŞƏ BİLƏR”

Yanıq Mərkəzində Nizami Kərimovun həkimi, cərrah Vüqar Ələkbərov “virtualaz.org”un əməkdaşına bildirib ki, xəstənin bədəninin 60 faizi yanıb. Onun sözlərinə görə, Nizami Kərimovun tənəffüs yolları və qida borusu da yanıb: “Xəstənin vəziyyəti ağırdır. O, hər an komaya düşə bilər”.