Dünən Əli Kərimlinin üstünə göndərilən gənc və zavallı vətəndaşlarımızı görəndə “Bəxt üzüyü” filmini xatırladım. Deyir, ayə, qoymayın, üstümüzə Irasim gəler…
Ancaq məsələ heç də bu sitatda olduğu qədər gülməli deyil. Bu, həmin gənclərin, onların valideynlərinin, sevgililərinin, bütün qohum-əqrəbasının, yaxın-uzaq qohumlarının və yekunda cəmiyyətin, Azərbaycan dövlətinin faciəsidi. Hələ üstəlik, bunu həmin zavallıları kiminsə üstünə göndərənlərin, onlara burcuda-burcuda mahnı oxutduranların faciəsidi. Elə bilməsinlər ki, hansısa xəstəni, yarımçığı, fiziki qüsurlunu, cinsi azlığı üstünə göndərdiyi adamı təhqir eləyirlər – yox, bu, birincisi həmin gənclərin özünü təhqir eləməkdi, onların mənəvi şikəstliyini üzlərinə vurmaqdı; qoy o gənclər necə masqaraya qoyulduqlarını və onlarla zalımca rəftar eləyənin kim olduğunu bilsinlər, anlasınlar. Özlərini bu dərəcədə təhqir olunmağa layiq bilməsinlər. Çünki hər bir insanın ləyaqəti var və onunla oynamaq ləyaqətsizlikdi.
Ikincisi isə, deyək ki, hər iki tərəf əməlindən razıdırsa – göndərən və göndərilən – onda necə deyərlər, köməyə yenə də atalar sözü çatır – dostunu göstər, deyim kimsən.
Görəsən, Ilham Əliyevi bu tip zavallıların ümidinə qoyan, onun hakimiyyətini belələrinin yardımıyla qorumaq istəyən ağıllı kimdi? Inanmıram ki, Əliyev özü ola. Axı hətta düşmənin də üstünə kişi kimi gedərlər – zati-aliləri bunu bilmirmi məyər? Əminəm ki, bilir. Sadəcə, onu bu qaydayla daha da acınacaqlı duruma salmaq istəyən biriləri var. Qoy nə qədər taxt-tac əlindədi, Əliyev də bunu bilsin, onu gözdən salan ideoloqlarını tanısın və fürsət varkən haqq-hesab çəksin. Axı hakimiyyət əbədi deyil, Ilham Əliyevin də bu gün-sabahı var. Niyə istəmir ki, ondan heç olmasa xoş bir şey qalsın? Tapsın adamları, o dəstəni göndərənləri faş eləsin. Barı sabah bunusa ehtiramla xatırlayan olsun.
Əliyev kimi, kimin üstünə göndərir, göndərmir, bunu onun özündən yaxşı bilən yoxdu. Vicdanı bilsin, özü bilsin. Mənimsə bildiyim bir şey var: Əli Kərimli hətta onun üstünə gələn o zavallılara da acıyır. Axı onlar da hər kim olsalar da, bu rejimin yaraladığı adamlardı, Kərimlinin vətəndaşlarıdı. Bəzən doğma qardaşlarımız belə, bizə tərs olan yol tuta bilərlər, ancaq bu o demək deyil ki, biz onlara nifrət eləməliyik, yox, biz qardaşlarımızı yaman günə qoyanlarla daha güclü savaşmalıyıq ki, onları xilas eləyə bilək. Yəni nəticəylə yox, səbəblə savaşmaq. Kərimli isə təkcə onu sevənlər üçün yox, həm də sevməyənlər üçün savaşır və savaşmaq da boynunun borcudu. Bu ölkədə hər kəsin köləlikdən qurtulmaq kimi ilahi bir haqqı var.
Biz hətta şeytana da nifrət eləmirik (və ya etməməliyik).
Nifrət bizim yolumuz deyil. Mən nifrətlə qazanılan qələbəni, qurulan demokratiyanı, yaradılan dövləti istəmirəm. Toxumu nifrət olanın meyvəsi də irin olar. Biz şeytana nifrət eləmirik, Tanrını sevirik. Şeytana nifrəti Tanrıya sevgisindən çox olan dindarın imanı kamil olmaz. Bizim qələbəmizin də rəhni nifrət deyil, sevgidi. Sosial şəbəkədə bəzən provokasiyadan, bəzən qəzəbdən yaranan və tüğyan eləyən nifrəti görəndə narahat oluram. Yox, biz bizik, biz olmalıyıq. Nifrət hər cür yaramaz üsullarla bizə hücuma keçən rejimin xislətidi. Bəs bizim onlardan fərqimiz nə olar biz də eyni üsulla savaşarsaq?
Biz Əliyevlə, onun rejimiylə savaşanda nifrətdən yox, öz qutsal yolumuza – Azadlığa sevgimizdən güc almalıyıq. Qoy bizi irəli aparan sevgimiz olsun. Nifrət onların yoludu və o yolun sonunda nəyə gətirib çıxardığını hər birimiz apaydın görürük.
Hər kəs öz yoluna davam eləsin – Əliyev nifrət, Əli sevgi yoluna. Qoy 2 aprel də bizim Sevgi günümüz olsun!