Artıq heç nə əvvəlki kimi olmayacaq!

Nə hala gətirdilər bu gözəlim ölkəni!

Çirkaba bulaşdırmadıqları heç nə qalmadı. Gözünə hiylə, rüşvət, pislik qatmadıqları heç nə qalmadı artıq.

Biri test imtahanları… Artıq onu da kirlətdilər, ləkələdilər, onun belə, üzərinə şübhə toxumu əkdilər. Artıq test imtahanları belə, korrupsiyayla, cibgirliklə, fırıldaqçılıqla assosiasiya olunmağa başladı. Oysa, bir illik demokratik Elçibəy iqtidarı nə böyük ümidlərlə başlatmışdı test qəbulunu. Hər kəsin üzünə elmin qapılarını, biliyin qapılarını açmaq mümkün olsun deyə, insanlar cibi ilə deyil, beyni ilə önə çıxsın deyə gətirmişdi testi Azərbaycana. Hətta indi ona da haram qatdı bu mənfəət hərisləri, var-dövlət acgözləri.
Heç kimin beyni ilə önə çıxmasını istəmədikləri üçündür ki, bu gün ən axsaq rejim məmurunun da qarnı azı, yarım metr irəli çıxıb.
Biri dursun qabağa, əlini ürəyinin üstünə qoysun, desin: bu gözəlim ölkədə məsum olan nə qaldı? Bu gözəlim ölkədə gözünə hiylə, fırıldaq qatılmayan nə qaldı? Korrupsiyanın, quldurluğun, yağmaçılığın sinoniminə çevrilməyən nə qaldı bu başı bəlalı məmləkətdə?

Ədəbiyyatı yaltaqlıq sənətinə çevirdilər. Insanları heykəllərdən, portretlərdən iyrəndirdilər. Kitab müsabiqələrinə belə, saxtakarlıq möhürü basdılar.
Gül. Bir saflıq və gözəllik rəmzi. Sevgi simgəsi. Onu belə, bir mənasız bayramla nifrət obyektinə dönüşdürdülər. Güllərdən, çiçəklərdən belə, ətrafa korrupsiya qoxusu, köləlik ətri yayacaq qədər qəddarlaşdı, harınladı bunlar. Mənəviyyat adına olan hər şeyi maddiləşdirdilər. Pul ən müqəddəs hisslərin üzərinə çıxdı. Elə ona görə də qənddandan qənd oğurlayan uşaqlarının əlinə-əlinə vuran atalar, analar o uşaqları böyüyüncə millətin cibindən daha çox oğurlaya bilsinlər deyə, övladlarını babat işə-gücə düzəltmək üçün dəridən-qabıqdan çıxmağa başladı.

Yalan danışmayana, yağmalamayana, işverənlik eləməyənə, ətrafındakı iyrəncliklərlə, alçaqlıqlarla barışmayana, palaza bürünüb elnən sürünməyənə “fərasətsiz”, “mağmın” adı qoyacaq qədər kütləşdirdilər insanları. Insanları yalnız mədələrindən ibarət olduqlarına inandırdılar. Hamıya qafası ilə deyil, qarnı ilə düşünməyi öyrətdilər. Bir qarın çörəklə adamların hər şeyini – qürurunu, mənliyini, ləyaqətini satın almağın mümkünlüyünü göstərdilər. Rüşvətxor, saxtakar, məddah etdikləri insanlar ruhlarının kirlənməsinin, vicdanlarının çirklənməsinin fərqində deyilkən, köynəklərinə düşən bir damcı yağ ləkəsinə görə təəssüflənəcək, yanındakılardan utanacaq qədər gönüqalın oldular, heyvərə oldular, zırrama oldular.

Doğma, əziz heç nə buraxmadılar bu gözəlim ölkədə. Cocuqlarımızın gözündəki məsumluğu, sevgililərimizin üzündəki sevinci alıb apardılar. Uğruna bu qədər qanlar tökdüyümüz, canlar verdiyimiz müstəqillik… Ondan belə iyrəndirdilər bizi. Müstəqilliyə qovuşmağımıza peşman elədilər.

Və indi istəyirlər ki, biz bundan sonra da beləcə davam edək. Döyənə əlsiz, söyənə dilsiz olaq. Sorğulamayaq, hesab istəməyək. Dikəlməyək, ölüncəyə qədər dombalaq. Qolumuzdakı köləlik zəncirlərini sevməyə başlayaq. Şübhələnməyək, inanaq. Etiraz etməyək, razılaşaq. Ki, bu bir ovuc zülmkar, oğru, talançı, yalançı adam bizim bədbəxtliyimiz hesabına xoşbəxt yaşamağa davam etsinlər.

Bu günə – 2 aprelə qıcıqlarının, nifrətlərinin səbəbi də budur. 2 aprel üçün bu qədər əl-ayağa düşmələrinin, 2 apreldən bu qədər altlarını batırmalarının səbəbi də budur.
Amma biz bu gün onlara sübut edəcəyik ki, artıq heç nə əvvəlki kimi davam edə bilməz. Davam etməməlidir, davam etməyəcək. Bu gün fövqəladə heç nə baş verməyəcək bəlkə, ancaq bundan sonra heç nə əvvəlki kimi də olmayacaq.

Əmin olun ki, olmayacaq!