Ilham Əliyevin Bakı gedişi

Möhtərəm cənab hörmətli prezidentimiz Ilham Əliyev yenə də… Azərbaycandadır. Möhtərəm cənab hörmətli prezidentimizin bu yaz ağzı gəlişi də xalqımızda yüksək sevinc duyğuları yaratmaqdadır. Ən başlıcası da Bakı köylərində yaşayan xalqımızda. Onun haralarda olduğu, dünyanın hansı gözəl-göyçək ölkələrində gəzdiyi bizə bəlli olmasa da, hara qayıtdığı bizə bütünlüklə bəllidir. Sözsüz, biz bu yerli-yataqlı bilgiyə ən birinci buxalter televiziyasına – AzTV-yə borcluyuq.
AzTV yerli-yataqlı göstərirdi: prezident özünün sıradan bir Magellan gəzisindən qayıdan kimi, birbaşa Bakının Zabrat, Bülbülə köylərinə gedib. Gedib, bu köylərin tək-tük ətli-canlı kişilərini yığıb… problemlərini qorxub-çəkinmədən dilə gətirmələrini istəyib. Onlar da gözlərinin ucuyla icra başçısına baxa-baxa (bəlkə də, belə olmayıb, ancaq AzTV belə göstərirdi) “mövcud” problemlərdən danışıblar.

Bu bir yenilikdir. Devrimçi bir yenilik! Dünənədək belə olmurdu. Qabaqlar belə olurdu: möhtərəm cənab hörmətli prezidentin gedəcəyi yerə qabaqca “polittexnoloqlar” gedirdi. Onlar IH başçısının, polisin, KQB-nin tanıtdığı, “müsbət” xarakteristika verdiyi “zəhmətkeş” müəllimə, həkimə, başqa bu sayaq seçilmiş kimsələrə diktatura prinsiplərinə uyğun olaraq, möhtərəm cənab hörmətli prezidentin qarşısında yaltaqcasına çıxış eləmək ELMINI öyrədirdilər. O adamlar prezidentə yaşadıqları yerdə diş qurdalamağa belə, bircə dənə də problem olmadığını çatdırmalı idilər. Çatdırırdılar. Lap sondasa Ataya, Oğula, Müqəddəs Ruha alqışlar yağdırırdılar.
Indi elə olmadı (AzTV-dən görünənlərə görə). Indi ortaya bir devrim görsənişi çıxdı. Ata kursundan qalma əski prinsiplərlə seçilmiş adamlar daha möhtərəm cənab hörmətli prezident demirdilər (bundan sonra mən də belə yazan deyiləm – axı, bu, diktatura geriliyidir!), onlar yaltaqlıq da eləmirdilər. Baxanlar bilir, baxmayanları necə inandırım, özüm də bilmirəm: Həzrət Abbas haqqı, Ətağaya and olsun, prezident (I.Əliyev!) onlardan problemlərini soruşurdu, onlar da problemlərini sadalayırdılar. Imam Hüseynə and olsun: AzTV də bütün bunları bircə-bircə göstərirdi. Gördüklərimdən, eşitdiklərimdən hələ də şokdayam, ha əlləşirəm, özümə gələ bilmirəm – məni qınamayın: Heydər Əliyev, Ilham Əliyev ölkəsində problem də ola bilərmiş! Özü də harda? Bakıya bitişik Zabrat, Bülbülə köylərində! Sən demə, ata-oğulun indiyədək dünyaya car çəkdikləri ANALOQSUZ

“inkişaf” Prezident Administrasiyasında başlayıb… Aeroport yolunda bitirmiş!

Boynuna prezidentin qarşısında yaddaşa yüklənmiş problemləri dilə gətirmək öhdəliyi qoyulmuş sanballılar qaz, işıq, kanalizasiya, yol yoxluğundan danışırdılar. Prezident deyirdi: “Göstəriş vermişəm qaz xətləri çəkilir, elektrik xətləri çəkilir, kanalizasiya xətləri çəkilir, yollara asfalt döşənir, küçələrdə əsaslı təmir işlərinə başlanılıb”.  Özünün dediyinə görə, prezident hələ hansısa məktəbin təmir edilməsinə, hardasa məktəb tikilməsinə göstəriş verib. Hələ prezident belə bir sevindirici soraq da çatdırdı: “Apreldə Bakı kəndlərinin sosial-iqtisadi inkişafına dair proqram qəbul ediləcək”. Yadıma gəlir, bir dənə də belə proqram vardı – yumurtanı ucuzlaşdırmaqla bitdi.

Bütün bu görsənişlərin nədən belə tez-tələsik ortaya çıxdığı məni xeyli düşündürdü. Birdən yadıma düşdü: 2 aprel MITINQ günü! Üstəlik, bu mitinqə sosial-iqtisadi problemlər içində itib-batan Bakı köylərindən çoxlu adam gələsidir. Bax, taktiki gediş buna deyərəm. Prezident getdi, özü baş rolda çıxış etməklə xalqa YAXŞI PADŞAHIN nağılını göstərib, qayıtdı. Mənə bircə burası qaranlıq qaldi: Zabratın, Bülbülənin qaz, işıq, yol, təmir-tikinti işlərinə DƏ prezident baxırsa, onda bir belə nazirlik, icra hakimiyyəti, bələdiyyə… hara, nəyə baxır? Mən bircə bunu prezident olan kimsədən soruşmaq istəyirəm.