FHN hadisə yerinə gələnə qədər…

Heydər Əliyev prospektində aşan binadan ilk görüntüləri yəqin ki, hamınız izləmisiniz. Sökülməkdə olan bina aşdı, ağır daş və beton birləşmələri yol kənarında dayanmış maşının üstünə düşdü, nəticədə avtomobildəki iki gənc vətəndaşımız həlak oldu. Sıravi vətəndaşların lentə aldığı görüntülərdə həlak olanları uçqun altında qalmış avtomobildən kimlərin çıxarıb Təcili Tibbi Yardım maşınına apardığı aydın görünür. Bir-iki polisdən başqa digərlərinin sadə vətəndaşlar olduğu inkaredilməzdir. Yəni, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerinə çatana qədər məsələ artıq həll olunmuşdu – əzilmiş gənclər maşından çıxarılmış, ətrafda hərəkətə mane olan tikinti parçaları yığışdırılmışdı.

Bu kədərli hadisə ətrafında adi sarkazmın belə, yersiz olduğunu anlayıram, amma hər dəfə təkrarlanan əcaib açıqlamalardan növbətisini olduğu kimi vermək məcburiyyətindəyəm: “Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı, leytenant Dövlət Şükürovun APA-nın hadisə yerində olan müxbirinə verdiyi məlumata görə, həmin şəxslər binanın yanında dayanmış avtomobilin içində olublar.ÿMəlumata görə, Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının xilas etdiyi iki kişi ağır yaralı vəziyyətdə təcili tibbi yardım maşını ilə 5 saylı şəhər klinik xəstəxanasına aparılıb. Onlar xəstəxanaya aparılarkən yolda keçiniblər” (APA, “Axar.az”).

Bir ay əvvəl nazirliyin, özünü körpüdən ataraq intihar edən gənc haqqında yaydığı açıqlama daha fəlakətli idi. Yerində keçinən gənc haqqında da eyni cümlə yazılmışdı: “Xəstəxanaya aparılarkən, yolda keçinmişdi”.

Həmin açıqlamada acı gülüşə səbəb daha bir cümləni nəzərinizə çatdırmaq istəyirəm: “Intihar etmək istəyən  şəxslə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bir neçə dəfə psixoloji bağlantı qurmağa cəhd etsə də, o, psixoloji bağlantıya girməkdən imtina etmişdi”.

FHN-ə yaxın olan, günü-gündən sayı artan saytlar və qəzetlər az qala, mərhumu “psixoloji bağlantı”ya girmədiyinə görə ittiham edirdilər. Lakin həvəskar kadrlarda biz mərhumun heç nə eşitməyəcək hündürlükdə dayandığını və anidən özünü yerə atdığını gördük. 

Oxşar sitatlar yetərincə çoxdur, hamısında da FHN bu və ya digər şəkildə operativliyini qabartmağa çalışır. Nəticədə baş verən bədbəxt hadisələrə üzülməklə yanaşı, çöhrələrə acı bir təbəssüm də qonur.

FHN-ə yaxınlığı ilə tanınan media orqanlarından birində hadisə yerindən çəkilən fotosessiya dediklərimizə əyani sübutdur. Bu fotoları şərti olaraq, “lələ köçüb, yurdu qalıb” da adlandırmaq olar. Iri yanğınsöndürən maşın, nazirliyin xüsusi risk qrupu, xilasedicilər dəstəsini əks etdirən fotolar hadisənin çoxdan baş verdiyini göstərirdi. Onların fonunda təmizlənmiş, fəqət qan izləri hələ yuyulmamış küçədə bir saat öncəki izdihamdan əsər-əlamət yox idi. Sadə vətəndaşlar hər şeyi onların əvəzinə edib, dağılışmışdılar.

Konkret olaraq, Heydər Əliyev prospektində təhlükəsizlik qaydalarına əməl olunmayıb, buna nəzarət etməli olan FHN isə göz yumub. Bütün dünyada qəbul edilmiş standart belədir ki, sökülən binaların radiusu, hündürlüyü hesablanır və ona görə hasarlanır. Sonra sökmə əməliyyatının təhlükəsiz istiqaməti müəyyən edilir və s. Standart və tövsiyələr kifayət qədərdir, sadəcə, iş onu bilənlərə tapşırılmır. Hər sahədə olduğu kimi, bu qurumda da iş yerlibazlıq, qohumbazlıq, tanışbazlıq üzərində qurulub.

Hətta kiçik obyektlərdən “nəsibini” almamış sakitləşməyən FHN əməkdaşları faciəyə görə məsuliyyət daşısalar da, onların cəzalandırılması baş verməyəcək. Əksinə, söküntüyə icazə üçün tələb olunan “kriteriyalar” qəlizləşdiriləcək. Bu kriteriyaların nədən ibarət olduğunu, hesab edirəm açıqlamağa dəyməz, çünki hamıya məlumdur.

Əliyevlər rejiminin milli təhlükəyə çevrildiyi bir dövrdə, Fövqalədə Hallar Nazirliyi haqda yazmağım bəlkə də bir az yersiz görünə bilər. Qəbul edirəm. Əslində, musiqiçidən, zootexnikdən, baytardan, hətta ali təhsili olmayan yüksək çinli məmurlardan nəsə fövqalədə bir şey gözləməyə dəyməz.

Yaxşı olardı ki, FHN heç olmasa, fəlakətlərlə bağlı açıqlamalar verəndə ictimaiyyəti, sadə vətəndaşları ələ salmaqdan çəkinsin, insanları avam yerinə qoymasınlar.

Rejim durduqca, siz də duracaqsınızsa, əlavə “söz-söhbətə” nə ehtiyac var?..