Bu gün (16 avqust) çox dəyərli bir ideyanın irəli sürülməsindən bir ay bir gün keçir. Bir ay bir gün qabaq (15 iyul) Müsavat başqanı I.Qəmbər olduqca önəmli bir ideya – Müsavatla AXCP-ni birləşdirmək ideyası ilə çıxış etdi. Sonradan “sosial sfariş” olaraq dəyərləndirilən bu ideya çox böyük çevrədə alqışla, sevinclə qarşılandı. Gerçəkdən, böyük, üstəlik, ORQANIK birlikə bağlı ölkədə sosial sifariş, ELLIK istək var. Ancaq… aradan bir aydan artıq keçib, hələ ortada uyğun tərpəniş yoxdur. Seçkiyə isə az, çox az qalır.
Sözü gedən birliyin baş tutub-tutmayacağı ilə bağlı qəzetlərdən birinə bir neçə söz dedim. Istəyim birləşmə ideyasının gerçəkləşməyini tezləşdirmək, indiyədək dönə-dönə müxalifətin birliyini pozanların sorunluluğunu artırmaq idi. Nə oldu? Illərdən bəri müxalifət düşərgəsində Troya atı rolunu oynayan rejim əlaltısı (agent) məni “hakimiyətin məkrli planlarına qulluq etməkdə” suçladı. Bu sayaq damğalara, yalançı-azdırıcı çıxışlara seçkidən sonra aydınlıq gətirəcəyimi bildirmişəm…
Müsavatla AXCP-ni bir partiyaya çevirmək ideyası ölkədə sevincək reaksiyalar doğurdu. Mənim reaksiyam ayrı cür oldu – gördüklərimə görə! Akademik A.Mirzəcanzadənin belədə yerinə düşən gözəl bir sözü vardı: “Saymaq bilməsəydim, mən də sizin kimi nikbin olardım”. Ismayıllıda olanda eşitdim. Deyilənə görə, Ismayıllıda, Qubada hapıt adlanan azsaylı bir xalq yaşayır. Bu xalq 29-a dək saya bilir, 29-dan o yana bu xalqın dilində say olmadığından, ordan o yana türkcə sayırlar. Bizim siyasət alanında da belədir: adamların çoxunun siyasi say (sayıqlıq!) bacarığı üçdən, beşdən o yana keçmir.
I.Qəmbərin ideyasını ilkin alqışlayanlardan olan A.Hacılı aradan bir ay keçmiş, seçkiyə vur-tut iki ay qalmış əski-yeni ideya ilə çıxış eləyir: demkonqres yaradaq. Biz bunu keçmişik. Ən başlıcası, bu ideya, bu sayaq seçkiqabağı birlik bizə uğur gətirməyib. Onda önəmli bir ideyadan vaz keçib, belə uğursuz bir ideya ilə çıxış etmək nə deməkdir? Bu gün Müsavatda da, AXCP-də də çox böyük çoxluq bir partiyada birləşmək istəyindədir. Üstəlik, bu, dönə-dönə deyildiyi kimi, sosial sifarişdir. Bu arada başqa, hər hansı alternativ sayılacaq ideya ilə çıxış etmək indilikdə ən əlverişli birlik forması sayılacaq bir partiyada, bir qurumda birləşməyə qarşı çıxmaq deməkdir. Daha önəmli birlik ideyası altında Azadlıq bloku dağıdılandan sonra, ideyanın ortaya atılmasından, sosial sifariş sevgilisinə, sevimlisinə çevriləndən bir ay sonra, üstəlik, seçkiyə az qalmış hansısa çağı keçmiş, uğursuz ideyalarla çıxış etmək müxalifətin, xalqın gerçək birliyinə qarşı çıxmaq deməkdir.
Ortada nala-mıxa vurma, açıqda müxalifət, gizlində hakimiyyət düşərgəsinə boylanma yerinə qarşılıqlı istək olsaydı, xalqın, ölkənin salındığı indiki acınacaqlı durumu göz altına almaqla ideya ortaya atılandan sonra uzağı iyirmi günə birləşdirici qurultay keçirmək olardı. Ancaq bir aydan çox keçib, birləşmə… arxa plana keçib. Indi daha çox seçki blokundan danışılır. Biz iyirmi ilə yaxınlaşan müxalifətçilik dönəmində çoxlu seçki bloku yaratmışıq, bunların biri də uğurla başa varmayıb. Onda biz nə istəyirik? ABŞ demokratlarının bəlli simvolunun özü də bir batdığı yerə bir də girmir. Biz niyə bir batdığımız yerə dönə-dönə giririk?
Hələ də gec deyil. Avqustun sonunadək birləşdirici qurultay keçirilməli, BIR PARTIYA, BIR PLATFORMA, BIR LIDER deviz-çağırışı ilə xalqa üz tutulmalı, beləcə də seçkiyə gedilməlidir. Seçkidən sonraya qalan birləşdirici qurultay “toydan sonra nağara” dəyəri daşıyacaq. Başqa cür desək, o gecikmiş birliyin elə bir MILLI önəmi olmayacaq.
Seçki blokunda birləşmə TAKTIKI birlik, bir partiyada birləşmə STRATEJI birlikdir. Bunu hamımızın bilməyimiz, STRATEJI birliyə yönəlməyimiz gərəkdir!
P.S. Sayğılı oxucu, bu yazı “Azadıq” da çıxıb (16 avqust 2010). O çağlar mən bu yazıda adı çəkilən iki partiyanın gerçək birliyinə çalışırkən indi sizin hamınızın yaxşı tanıdığınız Rauf Arifoğlu özü illərdən bəri rejim planlarına qulluq edirkən məni qəzetində “hakimiyətin məkrli planlarına qulluq etməkdə” suçlayırdı. Bu azmış kimi o, bir sıra başqalarını, rejimin agent-əlaltılarını, öyrədilmiş adamları mənə qarşı danışdırırdı. Mən o çağlar Müsavatdakı bəlli bir qrupun rejim qulluqçusu olduğunu, buna görə də iki partiyanın, eləcə də müxalifətin gerçək – strateji biliyinə yol verməyəcəyini yazır, deyirdim. AXCP sözünün üstündə duraraq elə o çağlar (25 sentyabr 2010 -cu ildə) Müsavatla birləşmə qərarı verdi. Müsavatdakı bəlli qrup bu qərardan yayınmaq üçün çeşidli bəlgə-bəhanələrlə qurultay keçirmədi. (Mən bir çox çıxışlarımda bunu da dönə-dönə demişdim: qərardan yayınmaq üçün onlar çeşidli bəlgə-bəhanələrlə qurultay keçirməyəcəklər).
Bu gün müxalifət düşərgəsində baş verən parçalanmanın 25 illik tarixi var. 25 il qabaq xalqın-müxalifətin böyük birliyini – AXC-ni parçalamaq yolu tutan hələ də öz işində, yaxın çevrəsi ilə birlikdə müxalifət birliklərini parçalayıb dağıtmaqdadır. Bu qondarma lideri də, bu qruplaşmanı da yetərincə tanıdığıma görə hələ 2010-cu ilin yayında AXCP-Müsavat STRATEJI birliyinin baş tutmayacağını yazırdım, deyirdim. Strateji birliyin baş tutması üçün sözügedən partiya bəlli bir qrupdan arınıb Məhəmməd Əmin Rəsulzadə ideyalarına bağlı gerçək Müsavat yoluna yönəlməlidir.