Leyla Yunus: «Iqtidar Stalin metodlarından istifadə etməklə, özünü dalana dirəmiş olacaq»
İntiqam Əliyev: «Hakimiyyət insan haqları sahəsində çalışan təşkilatları özünə təhlükə hesab edir»
Bir qayda olaraq Azərbaycan hakimiyyətini tənqid edən beynəlxalq təşkilatlar, insan haqları qurumları düşmən elan edilir və ermənipərəstlikdə ittiham olunur. Bu dəfə isə Azərbaycanın düşməni siyahısına “Freedom Hause”, “Armensty International” və “Human Right Watch” təşkilatları düşüb.
Xatırladaq ki, hər 3 təşkilat dəfələrlə öz hesabatlarında Azərbaycanla bağlı konkret faktlara istinad edib və ölkədə insan haqlarının tapdanmasını, siyasi məhbusların olmasını, demokratik mühitin olmamasını göstəriblər. Bu təşkilatların “Azərbaycan” qəzetində düşmən elan edilməsi onu göstərir ki, adı çəkilən qurumlarla bağlı hakimiyyətin konkret mövqeyi var və bu qurumların fəaliyyəti hakimiyyəti ciddi narahat edir.
Xatrıladaq ki, hər 3 təşkilat dünyada böyük nüfuza malikdir və bu qurumların açıqladığı hesabatlar dünyada mötəbər qəbul olunur.
Bəlkə də hökumət nümayəndələri müəyyən dövrdə, bu təşkilatların düşmən elan edilməsini danacaq. Ancaq, unutmayaq ki, bu xəbər o qəzetin səhifəsində tirajlanır ki, hətta prezidentin sərəncamları da bu qəzetdə dərc olunandan sonra qüvvəyə minir.
Hüquq müdafiəçisi Leyla Yunus bildirdi ki, hakimiyyət Stalin metodları ilə hərəkət edir və hamını pulla satın ala biləcəyini düşünür: “Stalinin vaxtında da ”xalq düşməni” termini dəb idi. Kim haqqın, azadlığın tələb edirdisə, sürgün edilirdi, xain adlanırdı. Avtoritar rejimlərdə də bu ənənə davam edir. Indi Azərbaycan hakimiyyəti də Hitler, Stalin, Göbbels kimi yalan danışır, əsassız ittihamlarla çıxış edir. Azərbaycan hakimiyyəti prinsipial mövqe nümayiş etdirən təşkilatlara qarşı həmişə aqressiv münasibət sərgiləyib. Iqtidar nümayəndələri düşünür ki, pul, neft varsa, hamını şantaj etmək, satın almaq olar. Indiki halda isə ola bilər ki, bu 3 təşkilatın nümayəndələrinin Azərbaycana gəlməsinə, fəaliyyətinə maneələr törədilsin. Ancaq, bununla heç nəyə nail olmaq mümkün deyil. Hakimiyyət bu yolla özünü dalana dirəmiş olacaq”.
Hüquq müdafiəçisi Intiqam Əliyev bu təşkilatların hədəf alınmasının təsadüfi olmadığını və hakimiyyətin məqsədyönlü siyasətinin tərkib hissəsi olduğunu bildirdi: “Azərbaycan hakimiyyəti xeyli sayda beynəlxalq təşkilatları pul müqabilində zərərsizləşdirə bilib. Haqqında danışdığımız təşkilatlar isə Azərbaycan hakimiyyətinin diktəsi ilə hərəkət etmir və obyektiv araşdırmalar apararaq real vəziyyəti işıqlandırırlar. Bu baxımdan bu təşkilatların ”qara siyahı”ya salnıması təsadüfi deyil və hakimiyyət insan haqları sahəsində çalışan təşkilatları özünə təhlükə hesab edir. Həm ölkə daxilində, həm də ölkə xaricində bu istiqamətdə çalışanlara maneələr törədilir. Təsadüfi deyil ki, Azərbaycanda beynəlxalq təşkilatların fəaliyyətinə sərt qaydalar qoulub. Belə ki, bu təşkilatlar Azərbaycanda fəaliyyət göstərməsi üçün hökumətdən razılıq almalıdır. Belədə bu istiqamətdəki fəaliyyəti mümkünsüz edir. Xatırlayırsınızsa, Norveç Insan Haqları Evi də əsassız səbəblərlə qapadıldı. Bir sözlə, bu təşkilatların hədəf alınması, hakimiyyətin azad sözə, tənqidi fikrə münasibətinin göstəricisidir”.
Akif