Əliyevin Ruhani ilə görüşü nə vəd edir?

Arif Yunus: «Azərbaycanın Iranla bağlı siyasəti daha çox digər ölkələrin Iranla bağlı siyasətindən asılıdır»

 

Azərbaycanla Iran arasında uzun müddətdir davam edən soyuq münasibətlər bu istiqamətdə müxtəlif cəhdlərə baxmayaraq hələ də aradan qalxmayıb. Azərbaycandan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin, Qafqaz Müsəlmanları Idarəsinin rəhbəri Hacı Allahşükür Paşazadənin Irana səfərləri də tərəflərin barışığı ilə nəticələnmədi.

Dəfələrlə hər iki tərəfdən münasibətlərdə problemin olmadığı, yaxud anlaşılmazlıqların aradan qaldırıldığı ilə bağlı açıqlamalar gəlsə də, bir fakt bunun belə olmadığını tam əminliklə deməyə imkan verir. Qarşılıqlı dəvətlərə baxmayaraq Azərbaycan və Iran prezidentləri arasında uzun müddətdir görüş baş tutmurdu. Lakin bu günlərdə Davosda tərəflər tilsimi qıra bildi. Azərbaycan prezidenti Ilham Əliyev Iranın dövlət başçısı Həsən Ruhani ilə görüşdü. Bu görüş yaxın zamanda iki ölkə arasında yaranan gərginliyin yumşalmasına səbəb ola bilərmi?

Konfliktoloq Arif Yunus Azərbaycanın Iranla bağlı siyasətinin daha çox digər ölkələrin Iranla bağlı siyasətindən asılı oduğunu deyir. ABŞ, Israil Irana qarşı sanksiyalardan söhbət açanda, Azərbaycan rəsmiləri də öz növbəsində bunu nəzərə alaraq Iranla bağlı müəyyən addımlar atır. 

Ekspertin sözlərinə görə, son vaxtlar Iranla Azərbaycan arasında gərginliyin bir qədər səngiməsi də təsadüfi deyil. Buna səbəb ABŞ-nın Iranla münasibətlərinin yumşalması oldu. Ancaq gələcəkdə nələrin baş verəcəyini indidən demək çətindir. Çünki Iranın Qərblə münaqişəsi davam edir. Ortada bir çox suallar var. Digər tərəfdən, Azərbaycanın və Iranın öz problemləri var: “Iranın dini məsələlərlə bağlı öz siyasəti var. Azərbaycan bundan narahatdır. Eyni zamanda Iran da Azərbaycanın Güneydəki soydaşlarımızla bağlı siyasətindən narahatdır. Çünki rəsmi addımlar atılmasa da, Iran bilir ki, Cənubi Azərbaycanda baş verənlər burda diqqətlə izlənilir. Ona görə də deməzim ki, Azərbaycanla Iranın münasibətlərində köklü dəyişikliklər olacaq. Hələlik vəziyyət olduğu kimi qalacaq. Iqtisadi münasibətlər davam edəcək. Ancaq siyasi məsələlərlə bağlı ortada xeyli suallar qalacaq”. 

Fizzə