Milli Şura üzvləri «Turan»ın direktoru ilə bağlı yayılan səs yazısına münasibət bildirdi
Yanvarın 24-də ölkənin bir sıra aparıcı qəzet və saytlarına yuriykot@mail.ua ünvanından audioyazı göndərilib. Qeydlərdə bildirilir ki, ABŞ fondları Azərbaycandakı qeyri-hökumət təşkilatlarını ölkədə “hakimiyyət çevrilişi məqsədi” ilə maliyyələşdirir.
Audioyazıda söhbət özünü ABŞ fondlarından birinin əməkdaşı kimi təqdim edən Yevgeni adlı şəxslə “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev və Ukrayna Azərbaycanlıları Konqresinin sədri Xəqani Hüseynov arasında gedir.
Bu audio yazının hüquq-mühafizə orqanlarının qeydə alaraq yaydığı güman edilir.
M.Əliyev ona belə bir zəngin olduğunu təsdiqləyib və bildirib ki, bu zəngi 2013-cü ilin dekabrın sonlarında alıb. Telefon danışığının sonunda yenidən əlaqə saxlamaqla bağlı qarşı tərəfdən təklif olsa da, M.Əliyev zəngdən şübhələndiyindən və bunun bir təxribat olacağını güman etdiyindən təkrar əlaqəyə cəhd etməyib.
Xaqani Hüseynli isə “Yeni Müsavat”a açıqlamasında deyib ki, telefon danışığını yazan və yayanı Azərbaycanda axtarmaq gərəkdir: “Uzun illərdir beynəlxalq təşkilatlarla işbirliyim var. Indi də Ukrayna təşkilatları ilə birgə bir neçə ölkənin ictimai təşkilatların inkişafı ilə bağlı araşdırmalar aparmaq planları üzərində işləyirik. Mehman Əliyevi uzun illərdir tanıyıram. Buna görə də Azərbaycandakı durumla bağlı onun rəhbərlik etdiyi ”Turan”ın ən yaxşı tərəfdaş olacağını düşündüm. Mehman Əliyevlə əlaqə saxladıq, danışdıq. Ancaq ortada heç anlaşma səviyyəsində də heç nə yoxdur”.
Mehman Əliyev “axar.az”a açıqlamasında bildirib ki, yayılan səs yazısı həm də onun özünə qarşı istifadə üçün nəzərdə tutulub: “Səs yazısının yayılmasının Azərbaycanla bağlı hissəsi QHT sektorunu zəiflətməyə hesablanıb. Eyni zamanda mənə qarşı təzyiqlər hər zaman olub. Həbs olunmaq təhlükəsi indi də var”.
Milli Şura üzvləri də səs yazısının yayılmasına münasibət bildirib. Hüquqşünas Vidadi Mirkamal Modern.az-a deyib ki, həmin danışıqda nə Milli Şuranın, nə də Mehman Əliyevin əleyhinə hüquqi müstəvidə bir şey var: “Sadəcə, kimsə zəng edib, Mehman bəy də dəqiqləşdirmə aparıb. O məsələ müzakirə olunanda, Milli Şura fəaliyyətsiz durumda idi. Yəni bu, Milli Şuranın fəaliyyəti ilə bağlı deyil. Mehman Əliyev ölkənin tanınmış ziyalılarından biridir. O, QHT-lərlə işini qurmuş bir adamdır. Ola bilər ki, Mehman Əliyevin Milli Şurada qalması hakimiyyətdəkiləri narahat edir, buna görə də onun reputasiyasına xələl gətirməyə çalışırlar”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı deyib ki, Azərbaycan hakimiyyətindən hər şey gözləmək olar: “Bunu nə mənəviyyat, nə də hüquqi çərçivədə müəyyənləşdirmək olmaz. Həmin səs yazısı ilə mən də tanış olmuşam. Orada Mehman Əliyevə qarşı hər hansı tədbir görmək üçün əsas yoxdur. Çünki Mehman Əliyev orada hansısa öhdəliyi götürməyib. O, sadəcə, məlumatı dinləyib. Buna görə Mehman Əliyevin günahlandırılması absurddur”.
Hüquq müdafiəçisi Rəşid Hacılı da “Azadlıq”a açıqlamasında bildirdi ki, baş verənlər Azərbaycan hakimiyyətinin demokratik layihələrə mənfi münasibətinin göstəricisidir: “Son dövrlərdə Azərbaycan hakimiyyətinin QHT-lərə, hüquq müdafiəçilərinə qarşı təzyiqi artıb. Bu özünü həm qanunvericiliyə edilən dəyişikliklərdə, həm də real münasibətdə göstərir. Qondarma ittihamlarla, anormal fantaziyalarla cinayət işləri açırlar, insanları məsuliyyətə cəlb edirlər. Yayılan telefon danışığına gəlincə, burda qanun pozuntusu hesab olunacaq heç nə yoxdur. Bu danışıqlara görə kimisə məsuliyyətə cəlb etmək olmaz və nəinki qanuni, hətta mənəvi baxımdan da bu danışıqlarda qəbahət hesab ediləcək fəaliyyət görünmür”.
Akif