Son bir ayın dəhşətli intihar statistikası (25 nəfərdən çox) fonunda başqa bir ürəkağrıdıcı mənzərənin şahidi olduq. Səbəb nə olursa olsun, son çarə kimi canına qıyanları suçlayan böyük bir çoxluq var.
Hərə də bir kontekstdə. Kimi din pəncərəsindən baxır və intiharları günah, intihar edənləri də günahkar elan edir, kimi mentalitet müstəvisində yanaşır, intihar edənin şəxsi həyat tərzini qabardır. Əslində bu cür geriçi yanaşmaların intiharların adiləşməsində, kütləviləşməsində öz payı var, həm də birbaşa payı!
Bəli, birbaşa payı! Çünki intihara aparan yol həm də dərd ortaqlarının olmamasından keçir. Təsəvvür edin ki, ətrafınız həyata sadəcə, mental, dini gözlə baxan insanlardan ibarətdir. Sizin isə danışmağa, dərdlərinizi, problemlərinizi paylaşmağa ehtiyacınız var. Ətrafınızdakı insanlarla danışa bilsəniz bəlkə də yüngülləşə, içinizdəki neqativ yükü, ağrını, qayğıları, ümidsizliyi, üzərinizdəki basqını ata bilərsiniz, bu bəlkə də sizi yenidən həyatdan tutunmağa sövq edəcək, yaşamaq, mücadilə etmək əzminizi artıracaq. Amma onların hər cür fərqli fikir və həyat tərzinə aşırı aqressiyası, öz daşlaşmış mental və ya dini məntiqi (məntiqsizliyi!) sizi özünüzə qapılmağa sövq edir, siz təkbaşına mücadilədən yorulur və önünüzdə heç bir işıq, heç bir çıxış yolu görmürsünüz. Çarə – ölüm.
Bəli, hamımız üçün indi çox çətindir. Bir tərəfdən dəhşətli sosial problemlər. Səfalət. Digər tərəfdən – boz, rəngsiz həyat. Gələcəyə dair ümidlərin yavaş-yavaş, şam kimi əriyib sönməsi.
Başqa bir tərəfdən də həyatımızı ağırlaşdıran, bizi öz bəlli qəlibləri arasında sıxan, yoran dəyərsiz dəyərlər.
Bu ölkədə hələ də həyat yoldaşından “üzr istəyirəm, bizim uşaqların anası” deyə bəhs edən zehniyyət güclüdür. Hələ də çətin anlarında psixoloq yardımı almaq eyib kimi qəbul olunur. Hələ də övladı üzərində “şapalaqla, hökm sür” düşüncəsi ilə hakim olmaq istəyən çoxluq var. Hələ də özü, öz taleyi ilə bağlı addımları “başqaları buna nə deyər?” düşüncəsi ilə atmaq, başqalarının nə deyəcəyini hesablayıb düşünmək və yaşamaq əksəriyyət üçün keçərlidir.
Bu ölkədə çoxluğun təkcə prezident, millət vəkili seçmək haqqı əlindən alınmayıb ki!
Bu ölkədə çoxluq həm də öz sevgilisini, həyat yoldaşını, sahib olmaq istədiyi ixtisası, təhsil alacağı universiteti özü seçmək haqqından məhrumdur. Hansı yoldan yürüyəcəyini müəyyənləşdirmək, həyatda kim olacağını seçmək imkanından məhrumdur.
Bir belə yasaqların, qadağaların, tabuların olduğu, fərqliliklərə, müxtəlifliklərə qarşı toplumda dərin nifrət, kin aşılandığı bir mühitdə dərdlərini necə, kiminlə bölüşəcəksən? Kimdən anlayış gözləyəcəksən? Öz dərdlərinlə, ağrılarınla baş-başa nə qədər dözə biləcəksən?
Bir toplum bu qədər özünə qapanmamalıdır.
Bir toplum qapılarını çağın üzünə bu qədər qapatmamalıdır.
Bir yandan çağdışı siyasi sistem, o biri yandan yüzillərin daşlaşmış, tabulaşmış dəyərlər sistemi bu ölkəni “qapalı zona”ya çevirdikcə, bütün nəfəslikləri qapatdıqca boğulmamaq mümkün deyil.
Bir otaq təsəvvür edin – qapısız, pəncərəsiz. Içəridə ayağı iylənən, qusan, gəyirən, çimməyən bir sürü insan. O üfunətdə, havasızlıqda nə qədər dözmək mümkündür ki? Indi Azərbaycanı bax belə ölkəyə çevirirlər, hətta bəlkə çevirib qurtarıblar. Bizi günəşsiz, ulduzlarsız, geniş, mavi göyüzü olmadan, öz “qapalı, qaranlıq, üfunətli otağımızda” xoşbəxt, rahat yavşayacağımıza inandırırlar, inandırıblar. Bu da nəticəsi. Məsələn, intiharlar.
Bəli, başımıza gələnlər səbəb deyil, intiharlar da səbəb deyil. Nəticədir.
Bir dəfə də nəticə yerinə səbəb haqqında, səbəblər haqqında düşünsək, danışsaq, o səbəbi, səbəbləri aradan qaldırmaq barədə fikirləşsək, olmazmı?
Sizinləyəm, olmazmı?!