mehman-aliyev-yeni1

Mehman Əliyevin telefon danışığı yayıldı

Müxalif fəalların dinlənildiyi təsdiqini tapdı; “Yazan və yayanı Azərbaycanda axtarmaq gərəkdir”

Yanvarın 24-də ölkənin bir sıra aparıcı qəzet və saytlarına yuriykot@mail.ua ünvanından audioyazı gpndırilib. Audio yazı qəzetimizin elektron poçtuna saat 11.16-da daxil olub. Məktubda lent yazısı ilə yanaşı müəyyən qeydlər də yer alır. Qeydlərdə bildirilir ki, ABŞ fondları Azərbaycandakı qeyri-hökumət təşkilatlarını ölkədə “hakimiyyət çevrilişi məqsədi” ilə maliyyələşdirir.
Aşağı keyfiyyətli audio yazıda tərəflər arasındakı danışığı, ümumiyyətlə söhbətin nədən getdiyini çətinliklə anlamaq olur. Audioyazıda söhbət özünü ABŞ fondlarından birinin əməkdaşı kimi təqdim edən Yevgeni adlı şəxslə “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev və Ukrayna Azərbaycanlıları Konqresinin sədri Xəqani Hüseynov arasında gedir.
Telefon danışığında Yevgeni “demokratik inqilaba kömək” kimi bir ifadə dilə gətirir. Mehman Əliyev isə soruşur ki, “kömək” deyəndə nəyi nəzərdə tuturlar. O, söhbətin hansısa qrand layihələrini maliyyələşdirməkdən getdiyini dəqiqləşdirməyə çalışır. Xəqani Hüseynov belə bir söhbətin telefonla aparılmasıənın münasib olub-olmadığını soruşur və Mehman Əliyev bildirir ki, o qədər də münasib deyil.
Bu, auidio yazının hüquq-mühafizə orqanlarının qeydə alaraq yaydığı güman edilir.

***

Baş verənlərə aydınlıq gətirmək məqsədilə Mehman Əliyevin özü ilə əlaqə saxladıq. M.Əliyev ona belə bir zəngin olduğunu təsdiqlədi və bildirdi ki, bu zəngi 2013-cü ilin dekabrın sonlarında alıb. Telefon danışığının sonunda yenidən əlaqə saxlamaqla bağlı qarşı tərəfdən təklif olsa da, M.Əliyev zəngdən şübhələndiyindən və bunun bir təxribat olacağını güman etdiyindən təkrar əlaqəyə cəhd etməyib: «Belə bir zəng olub. Zəng dekabrın sonlarında Ukraynadan gəlib. Mənə zəng edən şəxs özünü təqdim etmədi. Mən də heç soruşmadım və bu şəxs danışmağa başladı. Biz bundan əvvəl danışmamışdıq. Mənə sadəcə olaraq Jenya, ya da Yevgeni adlı bir şəxsin mənimlə əlaqə saxlamaq istədyini dedilər. O, bildirdi ki, Avropa Birliyinin Vilnüs sammitində olub və Ukraynada vəziyyətin dəyişəcəyini bilir. Azərbaycanda isə ABŞ hər hansı bir hadisə baş verərsə, islamçıların hakimiyyətə gələcəyindən narahatdır. Suriya variantının təkrarlanmasının istənilməməsindən Azərbaycanda təkamül yolu ilə dəyişikliyin baş verməsini istəyirlər. Danışıq boyu mən cəmi iyirmi saniyə danışmışam. Onun sözünü kəsərək məndən nə istədiyini soruşdum. O, bildirdi ki, qrantların ayrılması üçün QHT-lər seçilməlidir və burada məqsəd cəmiyyəti maarifləndirməkdir. Danışığın sonunda dedi ki, axşam yenidən əlaqə saxlayaq. Amma mən yenidən əlaqəyə çıxmadım. Çünki aparılan söhbət xoşuma gəlmədi».
M.Əliyev telefon danışığından şübhələnməsinin səbəblərinə də aydınlıq gətirdi. M.Əliyevin sözlərinə görə, əgər bu danışıq Azərbaycandan təşkil olunsaydı zəng edən onun barəsində əvvəlcədən məlumatlandırılardı. Amma Ukraynadan zəng edən şəxs M.Əliyevin gücü xaricində təkliflərlə çıxış edirdi: «Zəng edən bilmirdi ki, mənim ölkədə QHT-ləri bir araya gətirmək imkanım yoxdur. Mən kiməm ki, gedib QHT-lərlə danışım. Bu məqam mənim üçün şübhəli oldu. Çünki indiyə qədər heç kim mənimlə bu mövzuda danışmayıb. Mən artıq danışığın gedişində bunun bir təxribat ola biləcəyini duydum».
Bu şəxslə bir dəfə danışdığını deyən M.Əliyev bildirdi ki, əgər aralarında başqa danışıq olsaydı, bu işin arxasında dayananlar onu da ictimailləşdirərdilər.
Təxribatın arxasında kimin dayana biləcəyinə gəlincə, M.Əliyev hesab edir ki, bu, daha çox Ukraynanın daxilinə yönəlik «layihədir»: «Sözün açığı mən anlamadım ki, zəng edən şəxs mənimlə nədən danışmaq istəyir. Bu danışıqda diqqətimi çəkən bir məqam «Ukraynada hakimiyyətin dəyişilməsinə qərarın verildiyi» fikrinin bir neçə dəfə vurğulanması idi. Bu danışıq Ukraynadan yayıldığına görə daha çox bu ölkəyə yönəlib. Məqsəd Ukraynadakı vəziyyətin arxasında ABŞ-ın dayandığını sübut etməkdir. Düşünmürəm ki, bu, bizim xüsusi xidmət orqanlarının əməlidir. Çünki Ukraynanın adı halanıb. Danışıqda Azərbaycanda hakimiyyətin dəyişdirilməsiylə bağlı fikir yoxdur».

Xaqani Hüseynli isə “Yeni Müsavat”a açıqlamasında deyib ki, telefon danışığını yazan və yayanı Azərbaycanda axtarmaq gərəkdir: “Uzun illərdir beynəlxalq təşkilatlarla işbirliyim var. İndi də Ukrayna təşkilatları ilə birgə bir neçə ölkənin ictimai təşkilatların inkişafı ilə bağlı araşdırmalar aparmaq planları üzərində işləyirik. Mehman Əliyevi uzun illərdir tanıyıram. Buna görə də Azərbaycandakı durumla bağlı onun rəhbərlik etdiyi “Turan”ın ən yaxşı tərəfdaş olacağını düşündüm. Mehman Əliyevlə əlaqə saxladıq, danışdıq. Ancaq ortada heç anlaşma səviyyəsində də heç nə yoxdur”.
X.Hüseynov bildirib ki, o, ümumiyyətlə bu məsələdə qanunsuz, şişirdiləcək hansı məqamın olduğunu başa düşmür: “Biz illərdir beynəlxalq səviyyədə araşdırma ilə məşğul olan insanlarıq. Mənim heç dəqiq yadımda deyil, o danışıqda hansı təşkilatların adı çəkilir. Biz sadəcə bir ideya, bir layihə yaratmaq ətrafında müzakirə aparmışıq. Ola bilər, orada ATƏT-in də adı çəkilib, Avropa Şurasının da, digərlərinin də. Mehman Əliyevlə danışan şəxs Ukrayna vətəndaşıdır, heç bir beynəlxalq qurumda işləmir. Həmin şəxs ictimai fəaldır. Biz telefonda Mehman Əliyevə görmək istədiyimiz işlə bağlı informasiya vermişik, o da dinləyib. Bu səs yazısının yayılması həm mənim Ukraynadakı aktivliyim, həm də Mehman Əliyevin Azərbaycandakı siyasi fəaliyyəti ilə bağlı ola bilər. Bu səs yazısını yazan qüvvələr isə heç şübhəsiz Azərbaycandadır. Ukraynada nə Mehman Əliyevin telefon danışığını yazmaqda, sonra da onu yaymaqda maraqlı olan şəxs, təşkilat, qüvvə yoxdur. Bunu edəni Azərbaycanda axtarmaq lazımdır”.

Xəyal