Milli Şuranın Beynəlxalq əlaqələr komissiyasının sədri, sabiq millət vəkili Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyev barəsində redaksiyamıza maraqlı məlumat daxil olub. Məlumata görə, Mehdiyev baş prokuror Zakir Qaralovun iki gün qabaq verdiyi əmrlə Xətai rayon prokurorluğuna müstəntiq təyin edilib.
Məlumatın ilginc tərəfi ondan ibarətdir ki, M.Mehdiyev 2010-cu ildə elə baş prokuror Qaralovun öz əmri ilə prokurorluq orqanlarından xaric edilib. Səbəb kimi isə M.Mehdiyevin prokurorluq işçisinə yaraşmayan hərəkətə yol verdiyini göstərib. Baş prokurorun bu əmri barədə “Azadlıq” qəzeti hələ ötən ilin oktyabrında məlumat yaymışdı. Z.Qaralovun “İntizam məsuliyyətinə cəlb etmə barədə” 18 iyun 2010-cu il tarixli əmrində deyilir:
1.Hərbi xidmətdən yayınmağa yönəlmiş və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verdiyinə görə Ağdaş rayon prokurorluğunun böyük müstəntiqi, kiçik ədliyyə müşaviri Mahmud Lətif oğlu Mehdiyev prokurorluq orqanlarından xaric olunsun.
2.Əmr elan edilməsi üçün bütün struktur qurumlara və tabe prokurorluqlara göndərilsin.
M.Mehdiyev gündəmə xeyli vaxtdır hakimiyyətin qəzəbinə gələn keçmiş həyat yoldaşı G.Hacıbəylini məhkəməyə verməklə düşüb. Onun vaxtilə prokurorluq orqanlarından xaric edilməsi xəbəri də bu xüsusda yayılmışdı. M.Mehdiyevin yeni təyinatı göstərir ki, ya Z.Qaralov 3 il yarım əvvəl verdiyi əmri unudub, ya da M.Mehdiyev hakimiyyətin qara siyahısına salınmış G.Hacıbəyliyə qarşı istifadə olunmasının mükafatını alır.
M.Mehdiyevin yeni təyinatı ilə bağlı Baş Prokurorluqdan münasibət öyrənməyə çalışacağıq.
İnformasiya şöbəsi