“Qarşıdakı bələdiyyə və parlament seçkiləri Milli Şura üçün ciddi perspektiv vəd edir”
KXCP sədri Mirmahmud Mirəlioğlu Milli Şuradakı mövcud durum və qurumun gələcək aqibəti ilə bağlı “Hürriyyət” qəzetinə müsahibə verib. Müsahibəni olduğu kimi diqqətinizə çatdırırıq.
– Mirmahmud bəy, Milli Şuranın mövcud durumu ilə bağlı fikirlərinizi bilmək istərdik. Sizcə Milli Şura son vaxtlar yaşadığı təbəddülatlardan sonra hansı perspektiv vəd edir?
– Milli Şurada fəaliyyət göstərən siyasi qurumlar, şəxslər bundan sonra da öz fəaliyyətlərini əlaqələndirəcək, bu istiqamətdə işlərini davam etdirəcəklər. İndiki məqamda 2014-cü ilin bələdiyyə seçkiləri daha ciddi perspektiv vəd edir. 2015-ci ilin parlament seçkiləri də perspektiv vəd edən əsas məsələlərdən biridir. Bu iki məsələ hazırkı məqamda daha mühüm əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, Azərbaycanda demokratiyanın inkişafı ilə bağlı qarşımıza qoyulan vəzifələr var. Bu vəzifələrin həyata keçirilməsi istiqamətində birgə fəaliyyət göstərmək və ya fəaliyyətlərin əlaqələndirilməsinə nail olmaq bizim üçün olduqca əhəmiyyətlidir. Odur ki, qarşıdakı fəaliyyətimizdə bu amillərə diqqət yetirməyi zəruri hesab edirik.
– Bir müddət bundan öncə qeyd etmişdiniz ki, Milli Şuranın adının, strukturunun və idarəedilməsinin dəyişdirilməsi vacibdir. Lakin bəzi siyasilər hesab edir ki, Milli Şuranın adı və ya strukturunu deyil, bu qurum daxilindəki münasibətləri dəyişmək, keyfiyyət fərqinə nail olmaq daha mühüm əhəmiyyət kəsb edir. Sizcə bu dəyişikliklərdən hansı Milli Şuranın gələcək uğurlu fəaliyyəti üçün daha həlledici, daha faydalıdır?
– Hər kəs hansı məsələni daha önəmli hesab edirsə, onu vurğulayır. Mən də yuxarıda sadaladığınız məsələri Milli Şura və orada təmsil olunan qüvvələr baxımından daha gərəkli hesab etmişəm və buna görə də məhz onları sadalamışam. Ola bilsin ki, başqası bir başqa cür fikirləşsin. Hər kəsin öz düşüncəsi, öz yanaşma tərzi var. Məncə məsələyə bu aspektdən baxmaq lazımdır.
– Müsavat Partiyasının Mili Şuradan getməsindən sonra bəzi siyasi təşkilatların və partiyaların da bu qurumu tərk edəcəyi ilə bağlı fikirlər səslənməkdədir. Sizcə Milli Şuradan yeni qopmaların reallaşması mümkündürmü?
– Bu cür qopmaların baş verməsi də, baş verməməsi də mümkündür. Proseslər tamamilə əks itiqamətdə də cərəyan edə bilər. Yəni ola bilər ki, Milli Şuraya yeni üzvlər qəbul edilsin, onun sıraları genişləndirilsin. Bir şeyi başa düşmək lazımdır ki, hər şey sadəcə bizim istək və arzularımızdan asılı deyil.
– Bəzi siyasilər hesab edir ki, xeyli sayda müxalif partiyanın kənarda qaldığı Milli Şuranı müxalifətin əsas güc mərkəzi hesab etmək yanlışdır. Bu qənaəti bölüşürsünüzmü?
– Mən hər kəsin fikrinə hörmətlə yanaşıram və eyni zamanda istəyirəm ki, bu anlayışı hər kəs bir-birinə münasibətdə sərgiləsin. Mən öncədən bu fikirdə olmuşdum ki, Milli Şuranın adında, strukturunda müəyyən dəyişikliklər, redaktələr ola bilər və olmalıdır. Hesab edirdik ki, sadaladığımız məsələlər indi olmasa da, gələcəkdə aktuallıq kəsb edə bilər.
– Elə bir məqam ola bilərmi ki, KXCP də Milli Şura ilə yollarını ayırsın?
– Milli Şura əbədi bir quurm deyil. Bizim özümüzün də nə qədər yaşayacağımız naməlumdur və bu Allahdan başqasına bəlli deyil. Bəzi məsələlər var ki, onlar bizim fəaliyyətimiz üçün həqiqətən də prioritet təşkil edən məsələlərdir. Demokratiyaya keçid və demokratik cəmiyyətin yaradılması bizim üçün müstəsna əhəmiyyət kəsb edir. Bütün bunlar bizim apardığımız mübarizənin qayəsini təşkil edən amillərdir. Lakin bu mübarizəni bir yerdə aparanda bu, daha asan, daha effektli olur. Bu səbəbdən də indiki məqamda bu mübarizəni Milli Şura daxilində aparmağı daha faydalı hesab edirik.
– Bugünlərdə Hacıbaba Əzimov Eldəniz Quliuyev və Mehdibəy Səfərovu xarici kəşfiyyatda işləməkdə təqsirləndirdi. Milli Şura sədri Cəmil Həsənli isə qeyd etdi ki, bu cür ittihamlara Milli Şura deyil, tərəflərin özü aydınlıq gətirməli, bu kimi problemli məqamları özləri həll etməlidir. Siz necə düşünürsünüz, Milli Şura daxilindəki bu kimi problem həqiqətənmi Milli Şuranın ümumi yığıncağında deyil, tərəflər arasında həll edilməlidir?
– Bu məsələdə hər kəs öz fikrində sərbəstdir. Milli Şuranın Koordinasiya Şurasının toplantısı keçirildi və orada da bu məsələ müzakirə mövzusu oldu. Həmin toplantıda Hacıbaba bəyin fikrinin təhrif edildiyi elan olundu. Təkzib istəyi də dilə gətirildi. Amma bu təkzib təhrifə yol verən media orqanında dərc edilmədi. Baxmayaraq ki, həmin media orqanı təzibin dərc ediləcəyinə söz vermişdi. Ancaq mən hesab edirəm ki, bu kimi məsələlərlə bağlı aidiyyati şəxslərin özünə sual ünvanlansa, bu daha doğru olar.
– Son günlər Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri lideri seçilməsi də ciddi aktuallıq qazanmaqdadır. Sizcə indiki məqamda belə bir yenilik nə dərəcədə zəruridir?
– Bu məsələ Milli Şuranın toplantısında qaldırıldı və səsvermə əsasında hər bir tərəfin mövqeyi öyrənildi. Bildiyiniz kimi R.İbrahimbəyovun fəxri sədrlikdən imtinası ilə bağlı müraciəti Milli Şuranın sessiyasında səsə qoyulmamışdı. Bu toplantıda həmin müraciət səsə qoyuldu və qəbul edilmədi. Ümumiyyətlə, Mili Şurada qəbul edilən qərarlarda bizim də səsimiz var və bu məsələlərlə bağlı mövqe ortaya qoymuşuq.