Ölkə başçısı Ilham Əliyev yanvarın 21-də Gəncədə məcburi köçkün ailələri üçün tikilmiş yeni yaşayış məhəlləsi ilə tanış olub. Həmişəki kimi görülən işlərə nəzər salandan sonra əsas məsələyə keçib. Bax, qəribi də burda ağlamaq tutur.
Belə ki, prezident Elçibəy hökumətini ağ yuyub, qara sərib. O, təəssüf hissi ilə bildirib ki, Kəlbəcərin işğalı xəyanət nəticəsində mümkün olub: “Əgər o vaxt ulu öndər Heydər Əliyev Azərbaycan rəhbərliyində olsaydı, bir qarış torpaq da düşmən tapdağına düşməzdi. Bunu hamı yaxşı bilir. Məhz onun 1987-ci ildə siyasi hakimiyyətdən uzaqlaşdırılmasından iki həftə sonra ermənilər bu məsələni qaldırdılar”.
Bir məcburi köçkün kimi kədərinizə şərikəm canəb prezident. Ancaq, məni qınamasanız bir sual vermək istəyirəm. Tutalım Laçın, Şuşa, Kəlbəcər o yarıtmazların xəyanətinə, səriştəsizliyinə qurban gedib. Bəs, o biri rayonların taleyi niyə qara gəldi?
Mən kəmsavad adamam, xəritədən zaddan da başım çıxmır. Bu Ağdam, Qubadlı, Füzuli, Zəngilan, Cəbrayıl, Ağdərə bizim rayonlar deyilmi?
Belə çıxır ki, “lazım” gəlsə yalnız Elçibəy hakimiyyətinin dövründə işğal olunmuş rayonları azad edəcək. Bu məntiqlə demokratik qüvvələr də hakimiyyətə gəlsə, yalnız Ilham Əliyevin xatırlatmadığı rayonları geri qaytarmalıdır.
Qarabağın işğalından 22 il keçir. 22 ildir ki, hakimiyyət 1 illik hökuməti danlayır. 22 ildir “lazım”ı gözləyə-gözləyə, Gəncədə məcburi köçkünlərə məhəllə salmağa gəlib çıxmışıq. Bu “lazım” elə solaxay vaxtda gələcək ki, Qarabağ heç kimə lazım olmayacaq. Çünki, Qarabağı görənlər ölüb torpağa qarışacaqlar. Uzaq başı bir Qarabağ qazisi özün yandıranda torpaqlar yada düşəcək. Onda da yenə 92-93-dən sallaşıb, yellənəcəklər.
Qayıdaq indiki dövrə. O dövrə ki, Gəncədə prezident Kəlbəcərdən danışır.
Prezident məcburi köçkünlərə onu da deyib ki, “tarixi danmaq olmaz”. Tam razıyam. Özü də yaxın tarixi əsla danmaq mümkün deyil.
Ancaq, unutduğundanmı, tələsdiyindənmi ali baş komandan digər 6 rayonun işğal tarixindən söhbət açmayıb. Ona görə də cənabımıza xatırlatmaq gərəyi duyuruq ki, digər rayonların işğalı da Elçibəydən sonrakı hakimiyyətin dövrünə təsadüf edib. Yəni, bu 6 rayonun işğalında antimilli, ünsür, erməni dəyirmanına su tökən, yeni “təyinat”larla yanaşsaq narkoman, evindən silah çıxan, “molotov kokteyli” hazırlayanlar günahkar deyil. Bunu xatırlatmaqda məqsədimiz odur ki, yolda olan “lazım”a dəqiq məlumat verilsin və o da Qarabağı yaxşı tanısın. Yoxsa, azıb gedib Suriyaya çıxar.
Yəqin, hamı uşaq olanda böyüklərin danışdığı nağıllara qulaq asıb. Adətən bu nağılların sonunda göydən 3 almanın düşəcəyi proqnozlaşdırılırdı. Ancaq, böyüyəndə başa düşdük ki, bu almalar nağıl danışanın monopoliyasında imiş.
Indi, hər dəfə məcburi köçkünlərlə görüşdə “torpaqlar geri qaytarılacaq” deyiləndə, göydən düşməyən almaları xatırlayıram.
“Bizim Qarabağ kimi dərdimiz var” deyənlər, bizim üçün dərdə çevrildiyinə görə, “lazım” mənzil başına çata bilmir. Ona görə ki, onun mənzilə çatması “kirayəşinin” “ev”i tərk etməsi ilə nəticələnə bilər.
Qarabağı “almaq” üçün növbəti qaçqın şəhərciyinin açılışını etmək lazımdır.
Çünki, orda Qarabağdan qızğın söhbət gedir.