Gəncəli dekan və durğunluq dövrünün “prorab”ları

İlham Əliyevin bölgələrə səfəri adətən “yerli sakinlər və ictimaiyyətlə görüş” ilə başa çatır. Ssenari ənənəvi olsa da, yəqin razılaşarsınız ki, bu görüş səfərin ən maraqla izlədiyimiz hissəsidir.

Əvvəlcə bu görüş haqda. Hələ də bu görüşü dövlət telekanalları və iqtidar mətbuatı sakinlərlə dövlət başçısının canlı təması(!) kimi qələmə verir. Bəri başdan deyim ki, artıq sadə insanlar buna inanmır, çünki Ilham Əliyev on illik hakimiyyəti dövründə bütün bölgələrə səfər edib və onun kimlərlə görüşdüyü külli-aləmə bəllidir. Görüş üçün seçilən kontingent o qədər standartdır ki, bu gün istənilən vətəndaş sizə bu görüşlərdə iştirak edənlərin kimliyini açıqlaya bilər. Bölgədən olan deputat, özü ilə bir kişi və bir qadın məktəb direktoru gətirən təhsil şöbəsinin müdiri, yerli icra nümayəndələri, hüquq mühafizə orqanlarının bir-iki xoşsifətli(!) nümayəndəsi, bölgədə fəaliyyət göstərən ali məktəb nümayəndələri, bir sözlə, seçilmişlər…

Ən dəhşətlisi odur ki, heç bu insanların da bölgə ictimaiyyətinə aidiyyəti yoxdur, onların əksəriyyəti də sadə insanlardan gizlənənlərdir. Bu görüşdə iştirak edənlərin əksəriyyəti sanki bir tayfanın nümayəndələridir. Əlqərəz, iri gövdəsi, ağır çəkisi, bahalı və təzə geyimi, problem və qayğılardan uzaq sifət cizgiləri ilə əyalətə meydan oxuyan xarakterlər.

Obrazlı desək, həbs olunmaları kiçik bir formallıqla reallaşdırıla biləcək Əliyev rejiminin tipik məmurları. Daha aydın olsun deyə, bir haşiyə çıxmaq istəyirəm. Bəlkə də sizə bir qəribə gələcək….

Bugünkü məmurların aqibəti mənə Azərbaycanda 70-80-ci illərdə tikintidə çalışan iş icraçıları – “prorab”ların acı taleyini xatırladır.

Həmin dövrdən tanıdığım “prorab”ın heç biri bu gün həyatda yoxdur, halbuki onlar sağ qalsaydılar bu gün 55-70 yaş arasında olmalı idilər…

Bu kəsim səfalət içində yaşamırdı, əksinə, əlləri pulla oynayırdı. Bir xatirəmi danışım, oxuculara daha aydın olsun deyə.

…Ali məktəbə qəbul imtahanından kəsiləndən sonra tikinti idarəsində işə düzəlmişdim. Təxminən bir həftədən sonra rayondan kassir fəhlələrə maaş vermək üçün tikinti sahəsinə gəldi. Avqust ayında cəmi iki gün işlədiyimə görə mənə maaş veriləcəyini ağlıma belə gətirmirdim. Kassir ucadan adımı oxuyanda diksindim və fəhlələrin istehzalı baxışları altında onun “Moskviç”inə tərəf getdim. Adımın qabağında 350 manat yazılmışdı. Təəccüblə kassirə iki gün işlədiyimi demək istəyirdim ki, arxadan kimsə məni dürtmələdi. Dönüb baxdım, “prorab” idi, göz-qaş ilə başa saldı ki, səsini çıxarma, pulu götür. Elə də etdim… və hazırda haqq dünyasında olan “prorab”, “ilk maaşı”mın 300 manatını məndən aldı. Pulu sayarkən, həyəcanlı olmasa da əlləri titrəyirdi. Sonradan öyrəndim ki, 35 yaşındakı bu şəxs iki dəfə infarkt keçirib, əllərinin əsməsi də xronikidir, istisna hal deyil…

O, durğunluq illərinin tipik “prorab”ı idi. Obyekt üçün nəzərdə tutulan materialları satmış, yaxud buna məcbur edilmiş şəxs hər gün naharı çoxları üçün əlçatmaz olan kababxanada edirdi. Lakin hər gün həbs ediləcəyi qorxusu onu didib-parçalamaqda idi.

Yeri gəlmişkən, idarəmizin müdiri də, vaxtilə Şamxor SES-in tikintisində çalışan və yeyintiyə görə həbsxana həyatı yaşamış şəxs idi.

Mənim ilk, Əliyev dövrünün isə, tipik “prorab”ı olan bu şəxs 52 yaşında vəfat etdi. Düzdür, onu həbs etməyə macal tapmadılar. Lakin işlədiyi dövrdə keçirdiyi sarsıntılar və mübtəla olduğu xəstəliklər onun axırına çıxdı. Onun vəfatından sonra, idarənin digər “prorab”ların taleyi ilə maraqlandım, demək olar, sağ qalanı yox idi…

Qayıdaq Ilham Əliyevin yerli ictimaiyyətlə görüşündə boy göstərən məmurlara. Bəhs etdiyim o “nəsli kəsilmiş sovet prorablarına” hakim kəsilən zahiri təmtəraqla daxili sarsıntının vəhdəti bu gün də məmurlarımıza hakimdir…

…Son Gəncə səfəri zamanı Ilham Əliyevi tərifləyən dekanın çıxışına dəfələrlə baxdım. Aldığı maaşı siqaretə belə yetməyən imkanlı (?) məmurların oxşar mədhiyyələri zamanı onların jestləri, əllərinin titrəməsi yenidən mənə dünyasını vaxtsız dəyişmiş “prorab”ları xatırlatdı…

Az qala bir həbsxananı dolduracaq sayda “sobez” və bələdiyyə işçilərinin həbsi də bu qəbildəndir. Öz aramızdır, son vaxtlar dekan sözü də qəribə səslənməyə(!) başlayıb…

Pis çıxmasın, mövzuya qayıdacağıq…