“Şah Qacar” və YAP

Azərbaycan çox təzadlı ölkə olması barədə eşitmişdim, ancaq ötən 24 saat ərzində əyani gördüm. Dünən Milli Dram teatrda “Şah Qacar” tamaşasına getmişdim. Foyedə gözləyən zaman bir neçə gənc gəlib inzibatçıdan çox böyük hikkə ilə “biz YAP-ın gənclər təşkilatındanıq, bizim yerlərimizi göstərin” deyə az qala əmr etdilər. Bu gənclərdə olan hikkəyə təəccübləndim və təxminən 4-5 il əvvəl yazdığım “dirsəkdən aşağı salam” başlıqlı məqaləm yadıma düşdü. O vaxt da Böyük Britaniya səfirliyinin keçirdiyi tədbirdə mənimlə birgə dayanan akademik Rafiq Əliyevə, mahiyyəti heç nə olan YAP funksionerlərinin əda ilə salam verməsi səhnəsi gözümün önündə canlandı. Bu gün təxminən 14 radələrində bir nəfər dost ilə İçərişəhərdə Ensiklopediya binasından Qoşa Qapılara doğru gedirdik. Su borusu sıradan çıxdığından yolun ortası ilə sanki çay axırdı. Bu məqamda təxminən ən azı 50-60 km/saat sürəti ilə yanımızdan şütüyən 90 VG 492 nömrəli C markalı Mersedes bizi suya qərq etdi. Bunu görən İçərişəhər qoruğunun işçiləri avtomobili dayandırdılar. Yaxınlaşıb nə üçün yoldakı suyun ətrafa sıçrayacağını görə-görə bu cür böyük sürətlə sürürsünuz deyə soruşduqda təxminən 27-30 yaşlı cavanın cavabı ciddi mədəniyyət probleminin olduğunu göstərdi. Orada olanlar həmin oğlanın “İrəli” gənclər təşkilatında işlədiyini bildirdilər. Gənclərin bu cür mədəniyyətinin səbəbini fikrimdə araşdıra-araşdıra Bakı İcra Hakimiyyətinə dəyib geri fontanlar bağına doğru qayıdırdım. “Monolit” adlanan binanın qabağındakı işıqforda bir nəfər, təxminən 30-35 yaşlı oğlanın, yaşlı, ağır cüssəli xanımın yolu keçirməsinə kömək etdiyini gördüm. Yolu keçəndən sonra həmin oğlan xanımla mehribancasına sağollaşıb yolunu davam etdi. Buna qədər gördüklərimdən marağıma güc gələ bilməyib ondan həmin xanımı tanıyıb tanımamasını soruşduqda tanımadığını, sadəcə yolu keçməkdə çətinlik çəkdiyini görüb kömək etdiyini bildirdi. Kimliyini soruşduqda bildirdi ki, adı Qəhrəmandır, özü də Konsitusiya məhkəməsində işləyir. Çox sevindim və nə üçün insanların bir birinə bu cür münasibət bəsləmələrinin azlığına təəssüfləndim. Bax bu da sizə təzadlar.

P.S. Yazını yazmaqda məqsədim odur ki, bəlkə TV-lərin çal çağıra, şou biznessə aşiq olduqları vaxt gördüyümüz mənfi və müsbət halları sosial şəbəkələrdə yaymaqla özümüz özümüzü tanıyaq, bundan nəticə çıxaraq.

Aslan İsmayılov