Milli Şura yarandığı gündən etibarən Rauf Arifoğlunun rəhbərliyi ilə “Yeni Müsavat” qəzeti əks-təbliğatla məşğul olmağa başladı. Məqsəd qurumun daxilində münaqişə ocaqları yaratmaq, tərəflər arasında qarşılıqlı ittihamlara nail olmaq və Milli Şuranı zəiflətmək idi. Nəticə də Müsavatın Milli Şuradan getməsi ilə müşahidə olundu.
Qeyd edək ki, Milli Şuranı ləkələmək, cəmiyyətdə hörmətdən salmaq, dünyaya “müxalifət birləşdi” anonsunun çatmasına əngəl törətmək hökumətin bir nömrəli planı və istəyi idi. Bu planı həyata keçirmək üçün, yəni Milli Şuranın qapısına “qol” vurmaq üçün Rauf Arifoğlu meydana “hücumçu” qismində çıxdı. Və ayağına düşən “top”ları Milli Şuranın qapısına göndərməyə başladı.
Ancaq “Yeni Müsavat”ın “taktika”sı lazımi effekti vermədi və qarşı tərəf Rauf Arifoğluna tutarlı zərbələr endirdi. Tamaşaçılar da bu oyunda qarşı tərəfə azarkeşlik etdi. Hökumət də müşahidə etdi ki, Rauf Arifoğlu “hücum”lar zamanı tez-tez “oyundankənar vəziyyət”ə düşür. Ona görə də Rauf Arifoğlu “yarımmüdafiəçi” rolunda çıxış etməyə başladı.
Bu məqama aydınlıq gətirməyə çalışaq. Diqqət etsəniz görərsiniz ki, “Yeni Müsavat” qəzetində Milli Şura və onun liderlərinə qarşı yazılan məqalələr səhəri gün “Yeni Azərbaycan”da dərc olunur. Bu hal hər gün təkrarlanır. Bir faktla kifayətlənəcəyik. Iki gün öncə “Yeni Müsavat” qəzetində Əli Kərimli və “Yurd” təşkilatı barədə böhtan xarakterli yazı dərc olundu. Səhəri gün “Yeni Azərbaycan” qəzeti “Əli Kərimlinin Yurd xəyanəti”adlı yazı dərc etdi.
Yəni Rauf Arifoğlu hökumət qəzetlərinə “pas” ötürməklə məşğuldu. Adam hücumdan yarımmüdafiəyə keçib.
Bir məqama da diqqət yetirək. Rauf bəy həmişə deyir ki, mənim işim xəbər verməkdir, xəbər yazmaqdır, mən də bunu edirəm.
Ancaq biz Arifoğlunun qərəzli olduğunu yenə də bir faktla sübuta yetirə bilərik. Ötən gün Rauf Arifoğlunun saytında Sülhəddin Əkbərin “Bezmişəm, Milli Şuradan” başlıqlı açıqlaması dərc olundu. Sülhəddin Əkbər isə “Azadlıq”a açıqlamasında bu xəbəri təkzib etdi və fikrinin konteksdən çıxarıldığını söylədi. Biz də Sülhəddin Əkbərin həqiqətdə nə demək istədiyini saytda yerləşdirdik. Əminəm ki, Rauf Arifoğlu gün ərzində dəfələrlə “Azadlıq”ın saytına nəzər yetirir. Ancaq buna baxmayaraq nəinki saytda xəbərə düzəliş edir, əksinə, qəzetin sabahkı sayında eyni xəbəri dərc edir.
Əgər sənin missiyan xəbər verməkdirsə, niyə xəbərin əslinə arxa çevirirsən, görməzdən gəlirsən? Bu qədər qərəzdə məqsəd nədir?
Yalnız və yalnız müxalifətin birliyinə xələl gətirmək.
Sonda bir məqamı xatırlatmağı özümə borc bilirəm. Bu meydanda çoxları “hücumçu”, “yarımmüdafiəçi” rolunda oynayıb. Ancaq axırda “ehtiyat skamya”da mürgüləməli olub.
Rauf Arifoğlu hökumətin “yarımmüdafiəçi”si rolunda
•