Xaliq Bahadır
AXCP Müsavatla savaşı bitirdiyini bildirdi. Çox gözəl! Alqışlayırıq, ancaq… siyasət başqa, gerçəklik başqa. Anlayırıq: bu, siyasətdir – iç savaşı durdurub, bütün gücünü dış savaşa, başqa cür desək, rejimlə savaşa yönəltmək siyasəti! Düzgün siyasətdir, ancaq… Sən saydığını say, gör… rejim, rejimin uzantıları nə sayır. 20 Yanvar kimi qutsal bir gündə, qutsal bir yerdə – Şəhidlər xiyabanında polis Milli Şuranın gətirdiyi əklilə təpik atırsa, ən azı, bu fakta görə müxalifət arasında baş verənlərlə bağlı dərindən düşünmək gərəyi yaranır.
Rejimə bağlı qəzetlərə, saytlara baxın: rejim bütün arsenalı, ağır-yüngül artilleriyası, saysız top-tüfəngi ilə Milli Şuranı dağıtmağa girişib. Ölkənin ən dəyərli tarixçilərindən olan, ancaq Milli Şura başçısı olanadək adı çəkilməyən, yada düşməyən doktor-professor Cəmil Həsənli bu gün hakimiyətin bir nömrəli düşməninə çevrilib. Sonra gəlir öz varlığı ilə Milli Şuranın varlığını qoruyub saxlayan partiya, bu partiyanın lideri. Bilərəkdən ad çəkmirəm: partiya da, lider də bəllidir. Cəmil Həsənli dinclik istəyirsə, Milli Şuradan getməlidir. Bəlli partiya, lider qalmaqallardan uzaq olmaq istəyirsə, Milli Şuradan çıxmalıdır. Birinci (Cəmil Həsənli) Milli Şuradan getməklə canını qurtara bilər, ancaq ikinci (partiya, lider) MŞ-dən çıxmaqla indiki qalmaqala ara veriləcək, bütövlükdə canını qurtara bilməyəcək. Canını bütünlüklə qurtarmaq üçün o, bir sıra bəlli partiyalar kimi “konstruktiv müxalifət” platformasına keçməlidir. Bax, rejimin çalışdığı budur!
Cəmil Həsənli başçılığında Milli Şura 9 oktyabr seçkisi ilə rejimə ağır zərbə vurdu. Milli Şura qalsa, rejimin ANTIMILLI, ANTIDEMOKRATIK siyasətlərlə stimullaşdırdığı, doğurduğu gerçəklik üzündən o, getdikcə daha da güclənəcək. Bu isə 2015-ci ilin parlament seçkisi qabağı rejim üçün qorxulu, uğursuz görsənişdir. Buna görə çağımızın Karfageni – Milli Şura dağılmalıdır! Dağılmalıdır, ancaq onu qıraqdan dağıtmağın çətinliyi ortadadır. Buna görə rejimin müxalifətdəki uzantılarına pullu tapşırıq verilir: dayanmadan, ara vermədən ortalığı qarışdırmalı, agentur metodlardan yararlanmaqla düşərgəni salışdırmalı! Belə ilginc bir durumda ortaya bulanıq suda balıq tutmaq istəyənlər çıxır: “hamısı bir bezin qırağıdır, bunlar getməlidirlər”. Getsinlər, sonra… Kimlərəsə elə gəlir Milli Şura başda olmaqla “bunlar” getsələr, özləri ortaya çıxıb yeni, monolit bir müxalifət yaradacaqlar. “Hələlik” partiya yaradıb ortaya çıxmırlar. Niyə? “Indikilər kimi söyüşlə deyil, siyasətlə məşğul olmaq” istəyirlər. “Arzuya bax, sevgilim, tellərindən incəmi? Söylə, ürəyincəmi?” Elə ürəyimcədi, ancaq… biz hansı ölkədə, daha doğrusu, hansı rejimdə yaşayırıq? Bütün bu müxalifətiçi savaşlar, söyüş-təhqirlər bəlli KQB generalının hakimiyətə qayıdışından, ölkədə KQB rejimi qurulandan sonra baş vermədimi?
Bu gün özlərinü yeni yaratmaq istədikləri müxalifətin lideri postunda görənlər bilməlidirlər: onların biri də Cəmil Həsənli kimi etikalı, Cəmil Həsənli kimi dözümlü deyil. Baxın, indiyədək müxalifətiçi çarpışmalardan bütünlüklə qıraqda qalan, indiyədək müxalifətiçi çarpışmalara qarşı olan Cəmil Həsənli də indi istər-istəməz bu çarpışmalara reaksiya verməli, bu çarpışmalara qarışmalı olur – ən azı, özünü, doğru yollu yoldaşlarını recimdən qaynaqlanan ardıcıl gözdənsalma kampaniyasından qorumaq üçün! Bunun başqa yolu varmı? Varsa, göstərin! Susmaq siyasət deyil. Siyasətdə susqunluq uğursuzluğun qarantıdır. Siyasət savaş deməkdir. Yaxşı olar bu daha çox milli, siyasi istəklərə yönəlik intellektual savaş olsun, ancaq səninlə savaşa çıxanları sən seçmirsənsə, nə etməli? Səninlə savaşa çıxanların arxasında ANTIMILLI, ANTIDEMOKRATIK, bütünlüklə KORRUPSIONER bir rejim dayanırsa, onları belə bir rejim yönətirsə, sənin atılan əlcəyi götürməkdən ayrı yolun qalmır…