Böhtana, şərə, yalana yön verib, onu sakitcə bir həyat tərzi kimi qəbul edib, növbəti günlər üçün daha təhlükəsini fikirləşənləri görmək məni vahiməyə salır. Bu qədər də olarmı? Hətta olarsa belə, axı nəyin xatirinə? Günlərin birində bunun hesabını verməyəcək olsan belə, absurd olduğunu bilə-bilə bu addımları atmağın bir adı var – siyasi məhkumluq!
“Yeni Müsavat” qəzetində Rauf Arifoğlunun Səfər Hümbətovun dilindən “yazdıqlarını” və sair yazıları oxudum, heç təəccüblənmədim. Zatən, başqa cür olsaydı, bu qəzetdə getməzdi, əlbəttə ki.
Mən bir daha qeyd edirəm ki, Səfər Hümbətovla və “əleyhimə danışmaq üçün guya, növbədə hazır dayanan” (seçmə Rauf Arifoğlunundur-Q.M.) digər partiya yoldaşlarımla heç bir problemim yoxdur və olmayıb. Heç Rauf Arifoğlunu da bu günə qədər Milliyyətçi Demokrat Partiyasının daxilində gedən proseslər qətiyyən maraqlandırmayıb. Bu sadəcə, Milli Şuraya qarşı baş redaktor və onun qəzetinin apardığı kampaniya çərçivəsində bir proyekt fraqmentidir. Mənim üçün isə bu, rəhbərliyində olduğum partiyanın işinə kobud müdaxilədir.
Mən bu iradımı açıq söyləyirəm, yenə də bu nöqtədə dayanmağa, nə qədər gülməli görünsə də, Rauf Arifoğlu ilə məsələlərə aydınlıq gətirməyə hazıram. Amma lütfən, mənim partiyadaşlarıma hörmət edin! Onları belə həssas mövzularda danışmağa vadar etməyin!
Bu gün Rauf Arifoğlu xirtdəyədək olduğu bataqlıqda hamını görmək istəyir. Istər rəqib olsun, istər dost, tərəfdaş – dəxli yoxdur, hamıya deyir ki, mövqeyini bildir: ya mənimləsən, ya da düşmənimin yanındasan. Sanki bütün budaqlar silkələnir, çox qəribə hökmdür. Hamı ortaya – “Əli meydanı”na çıxmalıdı. Və məsələ ondadır ki, Rauf Arifoğlunun tutduğu xəttə cəmiyyətdə tanınan kifayət qədər ictimai-siyasi xadimlər etiraz edir. Mənim etirazım açıq bildirilsə də, motivi aydın, ünvanı bəlli olsa da, cavabını Rauf Arifoğunun əvəzinə, buyruğunda bütün müqəddəs bilinən nə kimi dəyərlər varsa, onu qurban verməyə hazır olan partiyadaşımın dilindən səsləndirir. Maraqlıdır, görəsən Rauf bəyin bu qüdrəti haradan formalaşdı? Necə oldu ki, xeyir-şərimiz bir olan, mənə “başqanım” deyən partiyadaşımı hansısa “qüdrətli əl” birdən dəyişdi. Baxmayaraq ki ,”Şər biliyin yoxluğundan, pislik biliyin azlığından törəyir” misalını Səfər bəy eşitmişdi.
Xülasə, bu partiyanı, onun üzvlərini, hətta o ağır illərdə bir-birinin əleyhinə nə hakim rejim, nə də onun pulu qaldıra bilmədi. Eyni zamanda, rejimin belə demədiyi, rəva bilmədiyi, hər cür cinayət tərkibinə əsas olacaq qədər ittihamlar söylənilmədi. Ola bilər ki, hər birimizin keçdiyi yola nəzər salıb bizə qıymadılar. Amma Rauf Arifoğlu “uf” demədən partiyadaşımın dililə mənə və təşkilatımızın ünvanına hər cür ittihama əsas verən böhtanlar söyləyir.
Elə düşünülməsin ki, mən saxta ittihamlardan çəkinirəm. Əksinə, indi hər cür böhtan və şəri dinləməyə artıq hazıram. Nələr görmədik ki? Sadəcə, məsələlər tam açıq olduğu halda, sözümü birmənalı Rauf Arifoğluya deyirəm: niyə Səfər Hümbətovun dili ilə danişırsız?
Mən bu vəziyyətin çoxlarının mənafeyinə uyğun olduğunun da fərqindəyəm, hər şeyi yaxşı başa düşürəm. Eyni zamanda, Səfər Hümbətovu yox, bu cür danışması üçün ona yaradılan basqını, qaranlığı, mühiti qınayıram. Bir də çılğına dönmüş bir qələm sahibinin ətrafında olan keçmiş çiyindaşlarımı qınayıram. Hələ də biri ortaya çıxıb, “37″ qanunları ilə hərəkət etdiyini ona xatırlatmadığına görə… Yəqin ki, partiyadaşlarım da bunu nəzərə almaq məcburiyyətindədir.
Ölkənin siyasi həyatını bürüyən yeniləşmə, durulaşma kimi bir prosesi gözdən salmaq naminə partiyamıza və çiyindaşlarıma yüklənməyin. Azərbaycan cəmiyyətində gedən bu proses təbiətdə baş verən dəyişikliklər kimi sünilikdən uzaqlaşmağa başlayıb. Vaxtında bunun fərqinə varsanız, nə özünüzə əziyyət verərsiniz, nə də bizə…
Hesab edirəm, eyni zamanda, ümid edirəm ki, bu, mənim oxşar mövzuda son çıxışım olacaq.
Şərdən zövq alanlar
•