Aslan İsmayılov Mədət Quliyevə çağırış etdi

Penitensiar xidmətdəki qanunsuzluğa son qoyulsun

Tanınımış vəkil Aslan İsmayılov öz “facebook” səhifəsində Penitensiar xidmətdə müşahidə etdiyi qanunsuzluqlarla bağlı yazı paylaşıb. Yazını olduğu kimi təqdim edirik: “Penitensiar Xidmətin işçilərinin kobudluğunu vəkillikdən xaric ediləndən dərhal sonra öz üzərimdə hiss etmişdim. Sadəcə, özümlə bağlı olduğundan susmuşdum. Ötən gün isə Binəqədi Rayon Məhkəməsində, qətlə yetirilmiş Vüsal Şilderin qətldən əvvəl polis mayorları İlham Məmmədov, Kənan Babayev və digərləri tərəfindən qanunsuzluqlarla, o cümlədən cibinə narkotik maddə qoymaq cəhdi, sonra isə narkoman kimi çəkiliş təşkil edib ANS telekanalında nümayiş etdirmələri ilə bağlı keçirilən məhkəmə iclasında mərhumun anası Mətanət xanıma qarşı kobudluq edildi və bunun qarşısında susmaq mümkünsüzdür. Dünənə qədər keçirilən məhkəmə iclaslarında təqsirləndirilən şəxslərə, xüsusilə İlham Məmmədova xüsusi nəzakət, qayğı dəfələrlə narazılığımıza səbəb olmuşdu. Belə ki, təqsirləndirilən şəxslərdən ikisi həbsdə olanlar üçün nəzərdə tutulmuş barmaqlıqlar arxasında olsalar da, cinayətin təşkilatçısı olan adı çəkilən şəxs zərərçəkənlərlə birgə zalda oturmuşdu. Bizim etirazımıza cavab olaraq Penitensiar Xidmətin işçiləri bunu təqsirləndirilən şəxslər arasında olan düşmənçiliklə izah etmişdilər. Məhkəmə gedişində bunun yalan olduğu aşkar olduqdan sonra sədrlik edənin göstərişi ilə hər üçü bir yerdə oturmalı oldu. Onların aralarında çox isti münasibətin olması hamı üçün aydın görünürdü. Məhkəmə proseslərində penitensiar xidmətin işçilərinin İlham Məmmədova xüsusi qayğı göstərməsinə, sonuncunun prosesə gələnlərə pul, ayrı-ayrı tapşırıqlar verməsinə mərhumun anası irad bildirdikdə penitensiar xidmətin işçiləri kobudluqla cavab verdilər. Baş verənlərə irad bildirdikdə, eyni kobudluğa mən də məruz qaldım. Açıq məhkəmə iclasında çəkiliş aparmaq istəyən müxbirin telefonu əlindən alındı. Penitensiar xidmətin işçilərinə bu barədə də irad bildirdikdə, mənim də telefonumu əlimdən almağa cəhd etdilər.

Mən bunun onların vəzifəsinə aid olmadığını izah etdikdə, məhkəmədə bu tip hallara məhkəmə nəzarətçilərinin cavabdeh olduğunu bildirdikdə, idman görkəmli olan işçi az qala mənə qarşı fiziki zor tətbiq edəcəkdi. Penitensiar xidmətin işçilərinin məhkəməyə gətirdikləri təqsirləndirilən şəxslərin ancaq “hörmət” müqabilində qohumlarla görüş vermələri hamıya bəllidir. Yazının əvvəlində mənə qarşı olan hörmətsizlik də maraq doğuracağından, onu da bölüşürəm. Belə ki, istintaq təcridxanasında müştəriləri ilə görüşə gələn vəkillərə bir qayda olaraq orada cəza çəkən məhkumlar tərəfindən çay verilir. Hər dəfə mən də bu xidmətdən istifadə edirdim. Vəkillikdən xaric edildikdən sonra, bağlanmış müqavilələri sona çatdırmaq hüququm olduğundan növbəti dəfə görüşə gəldim. Orada olan məhkum məni görən kimi yaxınlaşıb çay istədiyimi soruşduqda məmnuniyyətlə razılığımı bildirdim. Bir müddət keçdikdən sonra həmin şəxs yaxınlaşıb çox pərişan halda bildirdi ki: “Aslan müəllim, bağışlayın Sizə çay verməyə icazə vermədilər ki, vəkillikdən xaric edilmisiniz”. Həqiqi mənada çay vermədiklərinə görə deyil, belə münasibətə görə çox pis olduğumdan, xidmətin işçilərinə “məni vəkillikdən xaric ediblər, insanlıqdan yox” deyə iradımı bildirməli oldum. Düzdür, bundan bir müddət sonra etdikləri yanlışlığı düzəltdilər. Ancaq artıq olan olmuşdur. Bu yazını yazmaqda məqsədim, Penitensiar Xidmətdə köklü dəyişikliklərə nail olmuş xidmətin rəisi Mədət Quliyevin diqqətini bu tip qanun pozuntularına cəlb etməkdir”.

Səslənən fikirlərə münasibət öyrənmək üçün Penitensiar xidmətin mətbuat şöbəsi ilə əlaqə saxladıq. Şöbənin rəhbəri Mehman Sadıqov bildirdi ki, əgər Aslan İsmayılov hər hansı qanun pozuntusu, kobudluq ilə üzləşibsə, Penitensiar xidmətin rəhbərliyinə rəsmi müraciət etsin və bu məsələ ilə bağlı araşdırma aparılacaq.

Akif