Vəfa Quluzadə nəticə gözləmir

«Rusiya açıq bəyan edir ki, Qarabağ probleminin həllində heç bir addım atmayacaq»

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyanın növbəti görüşü yanvarın 24-də Parisdə keçiriləcək. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşdə iştirak etmək üçün yanvarın 23-də Fransaya gedəcək. Görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə keçiriləcək. Nazirlərin növbəti görüşü barədə razılıq həmsədrlərin ötən ilin dekabrında bölgəyə səfəri zamanı əldə olunub. Həmsədrlər bu ilin ilk yarısında prezidentlərin növbəti görüşünü təşkil etmək istədiklərini də açıqlayıblar.

Maraqlıdır ki, bu görüş ərəfəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov münaqişə tərəflərinə mesaj sayıla biləcək bəyanatla çıxış edib. Azərbaycan və Ermənistan prezidentlərinin son görüşünün ümidverici olduğunu deyən S.Lavrov bildirib ki, amma problemin həlli münaqişə tərəflərindən asılıdır. S.Lavrov Moskvada keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiya digər həmsədr ölkələrlə birlikdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə dialoqa kömək etmək istəyir: “Həmsədrlərin müəyyən hazırlıqları var, tərəflər bunları rədd etmir, lakin razılığa gəlmək üçün əlavə səylər tələb edirlər. Biz kömək etməyə hazırıq, ancaq onların əvəzindən bu işi görə bilmərik. Danışıqlarda tərəqqi hər şeydən əvvəl tərəflərin özlərindən asılıdır».

Qarabağ probleminin hələ də həll olunmamasının səbəbkarı kimi göstərilən Rusiya dövlətinin baş diplomatının bu cür açıqlaması ekspertlər tərəfindən birmənalı qiymətləndirilmir. Çünki bu açıqlama açıq formada Rusiyanın problemin həlli istiqamətində addım atmaq niyyətində olmadığını göstərir. ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Rusiyanın Ermənistana açıq formada dəstəyi münaqişənin həllinin dalana dirənməsinin səbəblərindən biri sayılır.

Politoloq Vəfa Quluzadə də hesab edir ki, Lavrovun söylədikləri ona işarədir ki, Qarabağ məsələsində heç bir irəliləyiş olmayacaq: «Rusiyanın mövqeyi keçmişdəki kimidir. Yəni onlar açıq formada bəyan edirlər ki, biz Qarabağ probleminin həllində heç bir addım atmayacağıq. Münaqişənin həllinin tərəflərin üzərinə qoyulması o deməkdir ki, münaqişədə olan tərəflər nəticə əldə edə bilməyəcəklər. Çünki əgər bu mümkün olsaydı, prosesə vasitəçilərin cəlb olunmasına nə etiyac var idi?. Rusiya sadəcə olaraq öz imperialist siyasətindən əl çəkməyib və biz bunun təzahürünü açıq formada görürük».

Xəyal