Əvəz Temirxan: “Baş verənləri AXCP-Müsavat qarşıdurması kimi təqdim etmək olmaz. Bu, müxalifətin birləşməsi məsələsi kontekstində qiymətləndirilməlidir”
Azərbaycan Liberal Partiyasının (ALP) sədir Əvəz Temirxan Milli Şura ilə münasibətləri və Müsavat Partiyasının bu qurumdan çıxması ilə yaranan vəziyyət barədə fikirlərini bölüşüb. ALP sədri “teleqraf.com”a açıqlamasında Milli Şuraya uğur dilədiklərini deyib. ALP-nin Milli Şura ilə münasibətlərinə gəlincə, “partiyada bu istiqamətdə müzakirələr aparılmayıb”, – deyə o, əlavə fikir bildirməyib.
Əvəz Temirxanın fikrincə, gələcək münasibətlər, müxalifət qüvvələrinin yenidən birliyi üçün hələlik taym-aut götürmək, məsələləri dəyərləndirmək lazımdır.
ALP sədri daha sonra bildirib ki, indi müxalifət daxilində baş verən prosesləri AXCP-Müsavat qarşıdurması kimi təqdim etmək olmaz: “Bu, müxalifətin birləşməsi məsələsi kontekstində qiymətləndirilməlidir. İndiki məqamda haqlı tərəf AXCP-dir. Həm də bu qarşıdurma AXCP ilə Müsavatda mövcud olan bir qrup arasında gedən prosesdir. Biz AXCP-nin birlik, Milli Şura, Rüstəm İbrahimbəyovun fəxri sədr qalması məsələsində sağlam mövqe tutduğu qənaətindəyik. Müsavat Partiyasına gəldikdə isə bu partiyanın mövqeyini bütün müsavatçılara şamil etmək olmaz. Bunu partiya rəhbərliyində olan bir qrup şəxsin mövqeyi kimi qiymətləndirmək lazımdır. Bir daha qeyd edirəm ki, müxalifətdaxili birlik məsələsində AXCP doğru mövqe tutur”.
ALP sədri hesab edir ki, bu vəziyyət bir qədər davam etməli, hər şey öz yerini tutduqdan sonra isə müxalifətdaxili inteqrasiya məsələsi haqda düşünülməlidir: “Hazırda baş verən münasibətlərə diqqətlə yanaşmaq lazımdır. İttiham kimi səsləndirilən fikirləri tənqidlə eyniləşdirmək olmaz. AXCP-yə qarşı hücuma keçən Müsavat yetkililərinin mövqeləri sağlam deyil”.


