“20 Yanvar”, yoxsa 24 saatlıq çal-çağır qadağası?

Əliyevlər rejiminin hakimiyyətdə olmadığı illərə “qənim kəsilməsi” əvvəllər subyektiv fikrin ifadəsi kimi qəbul edilirdisə, artıq bu, danılmaz bir həqiqətdir. Tariximizin ən şərəfli səhifələri, ən əlamətdar günləri ya unutdurulmağa çalışılır, ya da hazırkı rejimin xeyrinə təhrif edilir. 

21 il hakimiyyətdə və milyardlarla ölçülən səltənətə sahib olan Əliyevlərin xalqımızın şərəf və hüzn günü 20 Yanvara münasibəti də bu qəbildəndir. 20 Yanvarı elə… 20 yanvarda özgələşdirmək ənənəsindən başlayaq. 

Illərdir, 20 Yanvar günü televiziya ekranlarında eyni filmlər nümayiş etdirilir. Şotland xalqının XII əsrdə milli-azadlıq mübarizəsindən bəhs edən “Cəsur ürək”, yəhudilərin ikinci dünya müharibəsi zamanı məruz qaldığı soyqırımı əks etdirən “Pianoçu”, qədim mayyalıların faciəsindən bəhs edən “Akopolipsiss” və birinci iki mövzuya aid digər filmlər həmin axşam ekranları zəbt edir… Ən azı türk millətinin ağlasığmaz qəhrəmanlıqlarından bəhs edən “Gelibolu”, dünyanın qəbul etdiyi Çanaqqala rəşadəti haqda çəkilən filmlərdən bir neçəsini “repertuara” salmaq olardı. Nədən bunu etmədiklərini isə özünüz düşünün… 

Gecə yarısına qədər nümayiş etdirilən bu xarici filmlərdən sonra Azərbaycan telekanallarında 24 saatlıq “atəşkəs” xüsusi canfəşanlıqla pozulur. Hətta darıxmış aparıcılar belə dünənki günə ironiya ilə yanaşmaqdan özlərini saxlaya bilmirlər. Məsələn, mən dünən təsadüfən ANS kanalında gedən “Günəbaxan” verilişindən bir fraqmentə baxarkən buna bir daha şahid oldum. Aparıcı Ilqar Mikayıloğlu mətbəxdə hazırlanan “çess-kek”i tərifləyərkən iki dəfə ironiya ilə yaxınlıqda yerləşən qəbiristanlığa işarə etdi. Dedi ki,  nəfsini saxlaya bilməyib, icazəsiz bu keksi yeyənləri yaxınlıqdakı qəbiristanlıqda dəfn edəcəyik… ANS-ə ən yaxın məzarlıqda kimlərin uyuduğunu yəqin ki, təkrarlamağa ehtiyac yoxdur… 

ATV və Space kanallarında da bir günlük “çarəsizlikdən” sonra oxşar mənzərə hakim idi. ATV-nin səhər verilişində “qara zurna və… breyk-dans” mövzusu hakim idi. 

Son iyirmi bir ildə Azərbaycan kinematoqrafiyası 20 Yanvar, Xocalı faciəsi, Qarabağ savaşı haqda cəmi bir neçə sənədli və bədii filmi çəksə də, heç biri ictimai həyatda ciddi hadisəyə çevrilə bilmədi. Bu filmlərin hamısına Əliyevlər hakimiyyətinin xeyrinə yönəlmiş bir qəzəb, kin-küdurət hakimdir…

Rus qoşunları ilə erməni quldur birləşmələrinə qarşı savaşda inanılmaz rəşadət göstərən bu cəsur xalqın apardığı mübarizənin ekran həllinin Əliyevlərin hakimiyyəti dövründə tapılmayacağı gün kimi aydındır. 

Qərbin dünyanı lərzəyə gətirən, uydurulmuş qəhrəmanların ağlasığmaz döyüş səhnələri ilə müşayiət olan Vyetnam, Əqfanıstan savaşları haqda çəkdikləri filmləri yəqin ki, seyr etmisiniz. Son zamanlar o filmlərə baxanda istər-istəməz xalqımızın qəhrəman oğlu Mübariz Ibrahimov yada düşür. Və məhz Mübarizin göstərdiyi bəşəri şücaətdən sonra Qərbin bu fantaziyasını da hardasa reallığa yaxın kimi(!) qəbul etməyə başlamışıq. Sual olunur, hanı Mübariz haqqında ortaya qoyulan ekran əsəri?.. 

Milyardları göyə sovuran rejimin Mel Gibsona bir neçə yüz milyonu verməkdə xəsislik etməsinin yalnız bir səbəbi var. Rejim sadə xalqın içərisindən çıxmış qəhrəmanı qəbul etmir. Məhz bu səbəbdən dünya, belinə qaynar samovar bağlanmış ananın göz yaşlarını, erməni quldurunun qarşısında diz çökərək, onu körpəsindən öncə öldürməyi dilə tutan azərbaycanlı valideynin yalvarışlarını görə bilmir. 

Dinc Azərbaycan türklərinə qarşı edilən vəhşiliklərin baş ideoloqu Zori Balayan 1996-cı ildə yazdığı “Ruhumuzun dirilməsi” kitabında Xocalı körpələrinə edilən ağlasığmaz işgəncələri belə təsvir edir: 

“Mən və Xaçatur onların saxlandığı zirzəmiyə daxil olanda artıq əsgərlərimiz bir uşağı pəncərənin çərçivəsinə tikmişdilər. Onun çox səs-küy etməməsi üçün ölmüş atasının dərisini qoparıb ağzına soxmuşdular. Sonra mən 13 yaşlı bir türkün baş, sinə və qarnından dərisini qopardım. Təxminən yeddi dəqiqədən sonra uşaq qan itkisindən öldü”.

Bu həqiqətlərin dünyaya duyurulmamasının səbəbi Əliyevlər rejiminin mahiyyətindədir. Hakimiyyət dünyada Azərbaycan adlı dövlətin unudulmasında maraqlıdır. Gizli arqument isə budur, – “dünya Azərbaycanla maraqlananda korrupsiya və rüşvət də yada düşür”…  

…Ermənistan prezidenti Serj Sərkisyan əlamətdar günlərdə tez-tez bilirsiniz hara baş çəkir?. Bilməyənlər üçün deyim – Mübariz Ibrahimova son gülləni atan əsgərin yaşadığı evə… 

Bəli, əziz oxucu, ermənilər bir gecənin içində 100-dən çox əsgərini məhv etmiş Mübariz Ibrahimovun qəhrəmanlığını bax bu cür etiraf edirlər…

Kədərli təsəllidir, deyilmi?…