Biz hansı ölkədə yaşayırıq

Ölkəmizin adı Azərbaycan, ölkəmizdəki siyasi rejimin adı heydərizm, rejimin xarakteri… onu demək gərəkirmi?

Rejimin qəzet-ruporu: “Məlum olduğu kimi, Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı bütün sahələrdə effektli mübarizə aparılır. Əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə də neqativ halların qarşısının alınması və aradan qaldırılması ilə bağlı tədbirlər görülüb”. Sözsüz, o “tədbirlərin başlıcası bütünlüklə saxtalaşdırılan, Bakıdan AŞ PA-ya, Avropa birliyinə, ABŞ-dək rüşvət-korrupsiya bazarlığı içində qazanılan 9 oktyabr prezident seçkisidir. Indi – böyük güclərdən böyük pullar bahasına daha beş ilin kart-blanşını alandan sonra – min cür yalan içində istədiyin kimi kef eləmək olar! ”Rüşvətxorluq-korrupsiya ilə mübarizə” yalanları isə çoxdan ailə-klan gələnəyinə çevrilmiş yalanlardır: düz 44 ilin yalanları! Bu çoxillik yalanlar bəlli bir ailəni milyarderə, ona qulluq yolu tutanları, onun yardımçılarını milyonçulara çevirib. Hamısı da geniş IŞĞAL axarında, Ölkəni, Xalqı yoxsulluğa, yolsuzluğa sürükləmək yoluyla…

Aşağı ranqlı dövlət qulluqçularından prezidentədək “rüşvətxorluq-korrupsiya ilə mübarizədən” danışırkən başda “ASAN xidmət”in adı çəkilir. Yeri gəlmişkən, mən yazılarımda “ASAN xidməti” dırnaqsız yazırdım, rejim qəzetlərinə baxanda bu söz birləşməsinin dırnaqda yazıldığını gördüm. Gördüm, yanlışımı anladım: düzgünü onu dırnaqda yazmaqdır; axı, o, saxta rejimin saxta seçkiləri kimi saxta qurumdur. Başqa cür desək, dövlət qanunları, Konstitusiya normaları baxımından onun özü də rüşvət-korrupsiya qurumu, daha doğrusu, rejimin bütünlüklə korrupsiyalaşdırdığı dövlətin qanunauyğun uzantısıdır. Düzdür, hələlik bu qurumda rüşvət-korrupsiya faktı görünməyib. Ancaq “ASAN xidməti” doğuran gerçəklik – rüşvət-korrupsiya faktının başında başqa bir faktın – president Administrasiyasının durması faktı – gec-tez özünü göstərməlidir. 

Bəlli olduğu kimi, “ASAN xidmət” bir sıra dövlət qurumlarının hansısa funksiyalarını yeni quruma ötürməklə yaradılır. Üstəlik, “ASAN xidmət” işçilərinə yüksək aylıq verilir. Bu biri yandan 15-20 ildən bəri rüşvətxorluq-korrupsiya axarında dövlət cinayəti törətməklə varlanmış, milyonlar, milyardlar qazanmış adamlar elə-eləcə yerlərində qalır, hələ bu azmış kimi ildən ilə onların aylıqları da artırılır. Bunun özü də Xalqa yararsız, özünə yararlı korrupsioner komandanın qarantiyalı üstünlüyünə çalışma baxımından dövlət cinayətidir. Prezident də, rejim ruporu olan qəzetlər də “ASAN xidmət” qurumunun “dünyada ilk dəfə Azərbaycanda yaradıldığı” ilə öyünür. Bu isə öyünməli görsəniş deyil, dövlət büdcəsinin dağıdılması baxımından açıq cinayət faktıdır.

“ASAN xidmət” qurumunun “dünyada ilk dəfə Azərbaycanda yaradılması” ilə bağlı öyünənlərdən soruşmaq gərəkir: dünyanın hansı normal dövlətində prezident özünün açıq-aydın korrupsiya komandası ilə yanaşı “ASAN xidmət” yarada bilər? Birinci, korrupsioner komanda ilə tanınan bir prezident istənilən normal dövlətdə tezliklə hakimiyətdən qovular, ona yubanmadan cinayət işi açılar. Ikinci, istənilən normal dövlətdə “ASAN xidmət” yaradan prezident yenə də hakimiyətdən qovular, ona cinayət işi açılar. Nə üçün? Dövlət qanunlarını qorumalı polisi, prokurorluğu, məhkəməni rüşvət-korrupsiya qurumları olaraq toxunulmaz tutub özündən asılı durumda saxlamaqla yanaşı, “ASAN xidmət” görüntüsü yaratdığı üçün. Komandada korrupsionerlər varsa, onlar işdən çıxarılmalı, onlara cinayət işi açılmalıdır. Komanda korrupsioner komandadırsa, buraxılmalıdır. Polis, prokurorluq, məhkəmə özünün başlıca funksiyasını – dövlət qanunlarını qoruma funksiyasını yerinə yetirmirsə, yerinə yetirə bilmirsə, bu yöndə yibanmadan gərəkən işlər görülməli, kəskin qərarlar, radikal reformalar yoluyla dövlət orqanizminin sağlamlaşdırılıb gücləndirilməsinə çalışılmalıdır!