“Yeni Müsavat”ın növbəti yalanı

Yaxud Rauf Arifoğlu Əli İnsanovu məhkəmədə İlham Əliyev haqqında «susmağa» necə «məcbur» etdi?

 

“Azadlıq” qəzeti “Yeni Müsavat”ın Milli Şura əleyhinə dərc etdiyi materialların monitorinqini aparıb və bəlli olub ki, bu nəşr iqtidar mətbuatını geridə qoyub. Eyni zamanda aydın olub ki, “Yeni Müsavat”ın başı Milli Şuraya necə qarışıbsa,  gündəmin başqa mühüm hadisələri – Əli Insanovun Ilham Əliyevi ittiham etməsi, “Şahdağ” istirahət kompleksinin hakim ailəyə məxsus olması barədə faktların üzə çıxmasını “unudub”. 

“Yeni Müsavat”ın dünənki sayında “Azadlıq”ın bu monitorinqi ilə bağlı cavab yazısı dərc edilib. “Azadlıq” yalan yazmaqda ittiham olunub. “Azadlıq”ın yalan yazdığına əsas kimi “Yeni Müsavat”ın Əli Insanovun məhkəməsindən reportaj hazırladığı qeyd edilib. “Yeni Müsavat”ın bu iddiası əsassızdır. Çünki “Azadlıq” bu qəzeti Əli Insanovun məhkəməsindən reportaj hazırlamamaqda ittiham etməyib. “Yeni Müsavat”çılar diqqətlə oxusalar görərlər ki, “Azadlıq” bu qəzetin Əli Insanovun Ilham Əliyev barədə dediklərini dərc etmədiyini yazıb. Bundan başqa “Yeni Müsavat” hansısa səbəbdən Şahdağ məsələsinə aydınlıq gətirməyib. Yeri gəlmişkən, bu qəzet ölkənin üçüncü mühüm hadisəsini də “unudub”. Söhbət Ilham Əliyevin qızı Arzu Əliyevanın Çexiyadakı mülkünü məmurlardan birinə satmasından gedir. Ilham Əliyevin səfərləri barədə məlumat dərc edib, bunun xəbərçilik adlandıran “Yeni Müsavat” nədənsə xəbərçilik prinsipinə əməl etməyib. 

Nəsə, bu haqda geniş yazmaq olar. Lakin ehtiyac yoxdur. Biz sadəcə “Yeni Müsavat”ın növbəti yalanını ifşa etməyi oxucularımız qarşısında borc bildik.

Ilham