YAP-çı deputatın firması qəzetə olan 70 min manatdan artıq borcunu vermir, müqaviləni isə pozmaq istəyir
“Azadlıq” qəzetinin kollektivi “Qasid” yayım firmasının qarşısında növbəti dəfə etiraz aksiyası keçirib. Aksiyaya səbəb firmanın qəzetə olan borcunu ödəməməsidir. Qəzetin əməkdaşları firmanın önündə “Pulumuzu tələb edirik”, “Azadlıq” Qasidin əlilə boğulur” və s. şüarlar tutaraq borcun qaytarılmasını tələb ediblər.
Qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev yaranmış vəziyyətlə bağlı deyib: “Artıq uzun müddətdir ki, ”Qasid” yayım firması “Azadlıq” qəzetinin boğulması prosesində çox fəal iştirak edir. Firmanın rəhbərliyinə çoxlu sayda müraciətlərə baxmayaraq, onlar qəzetə olan borcu ödəməkdən açıq şəkildə imtina edirlər. Borc artıq 70 min manatı keçib. Dəfələlərlə vəd versələr də, heç bir əməli addım atmayıblar. Bir neçə dəfə “Azadlıq” qəzetinin kollektivinin firmanın ofisi qarşısında etiraz aksiyaları keçirməsinə rəğmən firmanın rəhbərliyi əməli addımlarıyla qəzetə olan borcu ödəməməklə israrlı olduğunu nümayiş etdirir. Sonuncu dəfə noyabrın sonlarında keçirilən etiraz aksiyasından sonra baş tutan görüşdə firma rəhbərinin müavini müəyyən vədlər versə də, yenə də heç bir addım atılmayıb. Bütün bunlar bizi “Qasid” firmasının ofisi qarşısında etiraz aksiyası keçirməyə vadar edir”.
“Qasid”in direktoru Mirkazım Kazımov kollektivin qarşısına çıxaraq yaranmış vəziyyətə aydınlıq gətirmək istəyib. Lakin o, borcu niyə ödəmədikləri barədə bir söz deməyib. Qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev “Qasid”in borcuna görə redaksiyanın maliyyə böhranı ilə üzləşdiyini, əməkdaşların əmək haqqı ala bilmədiklərini diqqətə çatdırıb. Mirkazım Kazımov isə problemin həll edilməsi üçün çalışdıqlarını bildirib.
Qəzetin əməkdaşları isə bildiriblər ki, “Qasid”in rəhbəri Mirkazım Kazımov həm də deputat və YAP Siyasi Şurasının üzvüdür. Bu baxımdan firmanın qəzetə olan borcu ödəməkdən yayınması əslində, hakimiyyəti tənqid edən bir qəzeti çökdürmək üçün düşünülmüş siyasi addımdır.
Daha sonra Mirkazım Kazımov qəzetin rəhbərliyini ofisinə dəvət edib. Aparılan müzakirələrdən sonra firma rəhbəri bildirib ki, borcun ödənməsi qrafikə salınaraq hissə-hissə ödənəcək. Qəzet rəhbərliyi bu təkliflə razılaşıb. Ödəniş günü hər həftənin cümə axşamı müəyyən edilib.
Beləliklə, hər həftənin cümə axşamı “Qasid” “Azadlıq”a borcundan ödəməlidir.
Ramin DEKO