Leyla Yunus siyasi məhbusların siyahısını açıqlayacaq

Hüquq müdafiəçisi jurnalistlərə AŞ PA həmməruzəçiləri ilə bağlı tövsiyə etdi

Sülh və Demokratiya Institutunun Azərbaycanda siyasi məhbuslarla bağlı keçirəcəyi tədbirin yeri dəqiqləşib. Institutun rəhbəri Leyla Yunusun yaydığı məlumatda deyilir ki, tədbir yanvarın 23-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının Bakıdakı mərkəzi qərargahında keçiriləcək.
Tədbirdə Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü siyasi məhbus öhdəliyinin yerinə yetirilməsi vəziyyəti, AŞPA-nın Azərbaycan üzrə məruzəçilərinin işi, vicdan məhbuslarının məhkəmə dinləmələrinin gedişi və planlaşdırılmış hökmlər haqqında məlumat veriləcək, ölkədəki vicdan məhbuslarının və siyasi məhbusların son siyahısı elan olunacaq. Tədbirdə Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin təmsilçilərinin də iştirakı gözlənilir.
Xatırladaq ki, L.Yunus tədbirin keçirilməsi üçün əvvəlcə Bakıda fəaliyyət göstərən üç mehmanxaya müraciət etmişdi. Bu hotellər “Diplomat”, “Park Inn” və “Isr plaza” idi. Hər üç hotel öncə tədbirin keçirilməsi üçün məkan ayırmağa hazır olduqlarını bildirsələr də, sonradan tədbirin keçiriləcəyi hotel – “Diplomat” verdiyi vəddən boyun qaçırıb.
Bundan başqa, L.Yunusun tədbirin keçirilməsiylə bağlı dünən BMM-ə də müraciəti də nəticə verməyib. L.Yunusun sözlərinə görə, BMM-in təmsilçiləri tədbiri kimin keçirəcəyini bildikdən sonra yer ayırmaqdan imtina ediblər.
Bu arada L.Yunus yanvarın 23-də AŞ PA həmməruzəçiləri Pedro Aqramunt və Jozef Debono Qrexin Azərbaycanda keçirəcəyi mətbuat konfransı ilə bağlı jurnalistlərə müraciət edib: “Əziz jurnalistlər, yəqin ki, sizin bir hissəniz yanvarın 23-də AŞ PA həmməruzəçiləri Pedro Aqramunt və Jozef Debono Qrexin keçirəcəyi mətbuat konfransında iştirak edəcəksiniz. Xahiş edirəm ki, bu mətbuat konfransında iştirak edərkən həmin həmməruzəçilərdən soruşun ki, həqiqəti təhrif etdiklərini bildikləri halda bu vicdan əzabı ilə necə yaşayırlar. Çünki 2013-cü ilin yanvarından 2014-cü ilin yanvarına qədər siyasi məhbusların sayı 50 nəfərdən çox artıb. Bu barədə mən yanvarın 23-ü səhər keçirəcəyim tədbirdə məlumat verəcəm. Soruşun ki, həmin həmməruzəçilər hakimiyyətdən nə qədər pul alırlar? Bu pullar boğazlarında qalmır ki? Allah qarşısında qorxuları yoxdur bu adamların?”.

Xəyal