“Həqiqətə uyğun olmayan məlumatları dərc etməsinlər”

Oqtay Gülalıyev «Yeni Müsavat»ın ittihamlarına cavab verdi

“Yeni Müsavat” qəzetində Milli Şura haqqında bəzən həqiqətəyuğun olmayan, bu qurumun fəaliyyətinə kölgə salan məlumatlar dərc olunur”. Bu sözləri “Azadlıq”a Oqtay Gülalıyev Milli Şura və onun sədri Cəmil Həsənliyə qarşı kampaniya aparan “Yeni Müsavat”ın yazdıqlarına, həmçinin bu qəzetin baş redaktoru Rauf Arifoğlunun fikirlərinə münasibət bildirərkən deyib.
Oqtay Gülalıyev əlavə edib ki, “Milli Şuranın fatihəsi verildi”, “Milli Şura bitdi” kimi yazılar yazmaq doğru deyil. Çünki Milli Şura fəaliyyətini davam etdirir: “Milli Şurada çoxsaylı ziyalılar, ictimaiyyət adamları təmsil olunur və bu qurum fəaliyyətini dayandırmaq niyyətində deyil. Ona görə də bu tip yazılar yazıb Milli Şuranı gözdən salmaq təəssüf hissi doğurur. Biz demirik ki, ”Yeni Müsavat” qəzeti Milli Şuranı təbliğ etməlidir. Xeyr. Sadəcə doğru olanları yazsınlar. Həqiqətəuyğun olmayan məlumatları dərc etməsinlər. Biz bununla bağlı qəzet rəhbərliyinə də mövqeyimizi çatdırmışıq”.