Aslan İsmayılov
20 Yanvar hadisələri ilə bağlı özüm canlı şahidi olsam da, yeni bir fikir söyləmək niyyətim yoxdur. Ancaq vaxtaşırı mətbuatda səslənən bəzi fikirlərə, qısa da olsa, mövqeyimi bildirmək istəyirəm. Dəfələrlə bu günki hakimiyyət özünə layiq müxalifəti gözdən salmaq üçün tez-tez təkrarlayır ki, müstəqilliyi biz qazanmadıq, onu Kreml hər kəsə bəxş etdi, lüzumsuz yerə AXC rəhbərləri xalqı qırğına verdilər. Bu fikir nəinki kökündən yanlışdır, zərərlidir, hətta 20 Yanvar hadisələrinin şəhidlərinə, o hadisələrdə əlil olmuş şəxslərə, ümumiyyətlə xalqımızın ləyaqətli keçmişinə hörmətsizlikdir. SSRI-nin çökməsi Alma-Atada, Baltikyanı ölkələrində gedən milli oyanışdan, bütövlükdə imperiyadakı iqtisadi tənəzzüldən başladı və məhz 20 Yanvar hadisələrində sonuna yetişdi.
20 yanvar hadisələri 1988-ci ildə başlamış milli azadlıq hərəkatının zirvəsi idi. 20 yanvar hadisələri xalqımızın dünyanın ən amansız imperiyası qarşısında qürur tarixi idi. 17 yaşından Rusiyada yaşamış, 1989-cu ildə ilk dəfə Azərbaycana ayaq basmış (Qazax rayonunda keçmiş ilk 2 uşaqlıq illərimi nəzərə almasaq), tələbəlik illərindən SSRI-nin öz vətəndaşları üçün bir həbsxana olmasını dərk edən bir insan kimi, ölkədə gedən mitinqlər məni valeh etmiş, azərbaycanlı olduğumdan qürur duymuşdum. Respublika prokurorluğunda işləməyimə baxmayaraq bütün mitinqlərdə iştirak edirdim və uzun illər milli kimliyi unutdurmağa çalışan SSRI imperiyasının təbliğatına, təqibinə baxmayaraq mübarizliyini, birliyini, Vətənə məhəbbətini qorumuş xalqımla fəxr edirdim. Bu gün 20 yanvar tarixi yaddaşımda ancaq faciə kimi canlanmadı. O gün gördüyüm bəzi halların hətta yenə təkrarlanmasını istəyirəm. 19 yanvar 1990-cı il tarixdə səhv etmirəmsə 15:00 xəbərlərində Qorbaçovun Azərbaycanda xuliqan ünsürlərin sovet hakimiyyətini yıxıb islam dövləti qurmaq istəməsi barədə çıxışı məndə artıq ordunun şəhərə girəcəyinə dair heç bir şübhə yeri qoymadı. Çıxışdan dərhal sonra insanların sıx yığışdığı Prezident Aparatının qarşısına gəldim. Üstümüzə gələn faciə heç kimi narahat etmirdi. Oradan Tbilisi prospekti 84 ünvana, rəhmətlik Əsəd dayımın yaşadığı evə gəldim. Bibim dayımın da gənclərlə birlikdə Biləcəri enişində tankların qabağını kəsdiklərini söylədi. Ora gəlib gözlərindən qan daman gənclərin nifrət hissi ilə əllərini işlək vəziyyətdə olan tanklara dirəyib sanki bununla onun hərəkətini dayandırdıqlarını gördükdə onlara müraciət etdim: “Ay uşaqlar, əmr verilsə tanklar sizi əzib keçəcək. Əli yalın tankın qabağında durmaq olmaz” dedim. Hamısı bir ağızdan acıqla “dayı, qorxursan get evinə peçin qırağında otur!” dedilər. Özümü çox pis hiss etdim. Sosial şəbəkələrdə tez-tez “biz millət deyilik”, “bu millətin axırı yoxdur”, “millət məhv olub”, “sonumuz necə olacaq?” deyənlərə isə cavabım odur ki, keçmişimiz ilə yaxından tanış olsaq, dahi Bəxtiyar Vahabzadənin, bu günlərdə rəhmətə getmiş Süleyman Əliyarlının, sağlığında milli dəyərimiz olan Şirməmməd Hüseynovun, 20 Yanvar hadisələri ilə bağlı bu günə qədər tanış olduğum ən əhatəli yazıların müəllifi professor Çapay Sultanovun, bu gün gələcəyimiz üçün özünü oda atmış Cəmil Həsənlinin və adını çəkmədiyim bir çox ziyalılarımızın yaradıcılığı ilə tanış olsaq görərik ki, bu millət məhv olmayıb və olmayacaq! Tarixin o cür sınaqlarından keçmiş millət heç vaxt tükənməz.
Pessimist olmaq deyil, sadəcə öz haqlarımızı tələb etməyi bacarmalıyıq. Bu gün məhkəmədə dəmir barmaqlıqlar arxasında belə mübarizə aparan Zaur, Rəşadət, Rəşad, Üzeyir, Ilkin və adını çəkmədiyim digər gənclərimiz varsa deməli bu millət var və daha yaxşı günlərə nail olacaq! Bu gün də Azərbaycan gənclərində yenidən o ruh yüksəkliyini, korrupsiyaya, riyakarlığa, qorxaqlığa, yaltaqlığa, əxlaqsızlığa qarşı o nifrəti görmək istəyirəm! Məni bu günki haqsızlığa qarşı mübarizədə 20 yanvar günündə olduğu kimi qorxaqlıqda ittiham etmələrini istəyirəm… Hər bir Xalqın nail olacağı ən böyük uğur onun müstəqilliyidir! Müstəqilliyimiz uğrunda canından keçmiş bütün şəhidlərimiz qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyirəm.